-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Yaponiya Gəncədə layihələr icra edəcək

Yaponiya Səfirliyi Gəncə şəhərində bir sıra layihələr icra edəcək.

18:07:53 | 2021-03-04

Yaponiyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada Gəncə şəhərində olub.

GancaPost.info xəbər verir ki, səfir Gəncədə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.

Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada regionlara ilk rəsmi səfərinin Gəncədən başladığını söyləyib. Səfir müharibə zamanı baş verən hadisələrdən məyus olduğunu dilə gətirərək mülki əhaliyə yönələn terror aktlarını pisləyib.

Səfir qeyd edib ki, Gəncəyə gəlişinin əsas məqsədi hər iki ölkə arasında iqtisadi, sosial, idman, mədəniyyət və digər sahələrdə mövcud olan əlaqələrin genişləndirilməsidir.

Cuniçi Vada xatırladıb ki, Yaponiya hökuməti Azərbaycanda təhsil, səhiyyə və idman sahələrinin inkişafına yönələn iki yüzdən çox kiçik qrant layihələr icra edib ki, onlardan da 10-a yaxını Gəncənin payına düşür. Səfir bu əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını dilə gətirib.

Görüşdə Yaponiyanın Gəncədə icra etməyi düşündüyü layihələr ətrafında müzakirələr aparılıb. Bunlardan ən önəmlisi məişət tullantılarının emal edilərək alternativ enerji əldə edilməsi istiqamətində görüləcək işlərlə bağlı olub.

Həmçinin, Niyazi Bayramov Gəncənin Yaponiyanın sənaye şəhərlərindən biri ilə qardaşlıq əlaqələrinin qurulmasını təklif edib. Bu fikri müsbət qarşılayan Cuniçi Vada Yaponiya və Azərbaycan arasında qurulan diplomatik əlaqələrin 30-cu ildönümü münasibətilə 2022-ci ilin “Dostluq İli” elan edildiyini bildirib. “Dostluq İli” çərçivəsində Gəncədə də bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Görüşdən sonra Yaponiya səfiri Cuniçi Vada Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan ərazilərə baş çəkib. Ermənilərin törətdiyi terror aktının nəticələri ilə yerində tanış olub.


ETİKET :  

Daha Çox