-- Adversting 9 --
-- Adversting 10 --

Xoşbulaq kənd sakinləri etiraz aksiyası keçiriblər

Xoşbulaq kəndinin bir qrup sakini Prezident Administrasiyasının qarşısında aksiya keçiriblər.

01:10:27 | 2021-05-25

Mayın 24-də Daşkəsən rayonunun Xoşbulaq kəndinin bir qrup sakini Prezident Administrasiyasının binası qarşısında etiraz aksiyası keçirib.

Kənd sakinləri sosial durumlarının ağırlığından şikayət edib, kəndin əkin və otlaq sahələrinin rüşvət müqabilində varlı şəxslərin istifadəsinə verildiyini bildiriblər.

Məlumatı Turan İA yayıb.

Kənd sakinləri Daşkəsən rayon İcra Hakimiyyətini günahlandırıblar.

Kənd sakinləri deyiblər ki, su borusu alıblar, amma İcra Hakimiyyətinin rəsmiləri boruları satıblar.

Sakinlərdən Rəna Bağırovanın sözlərinə görə, kənddə qaz yoxdur, su yoxdur, asfalt yol yoxdur: "Örüş yerlərimiz, əkin sahələrimiz, yaylaqlarımız pul müqabilində varlı adamların istifadəsinə verilib. Kənd camaatının mal-qoyun saxlamaqdan başqa məşğuliyyəti yoxdur. Örüş sahələrimiz satıldığından ondan da istifadə edə bilmirik. Biz nə ilə dolanaq? Bu suala Prezident Administrasiyasından cavab almaq üçün gəlmişik”.

Digər kənd sakinləri deyib ki, rayon İcra Hakimiyyəti başçısı Əhəd Abıyev etirazçılara zəng edib: “İcra başçısı zəng edib etiraz aksiyasını dayandırmağı tələb edib, bütün tələbləriniz yerinə yetiriləcək. Amma, on ildir, eyni sözləri təkrar edir, kənd camaatının tələbini yerinə yetirmir”.

Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Turan İA-a bildirib ki, Prezident Administrasiyasının qarşısına toplaşan şəxslərin tələblərinin rayon rəhbərliyinə aiddiyyatı yoxdur. Onlar çıxışlarında irəli sürdükləri tələblərlə rayon icra hakimiyətinin nüfuzuna xələl gətirib: “Torpaq islahatları haqqında” qanunun tələblərinə uyğun olaraq, Xoşbulaq kənd sakinlərinin istifadəsinə əkin, biçənək və örüş sahələri verilib. Kənd sakinlərinin ümumi istifadəsində 2629 hektar əkin, biçənək və örüş sahələri var. Sakinlərin bu qədər sahələrdə otarılacaq qədər mal-qoyunu belə yoxdur”.

Əhəd Abıyevin sözlərinə görə, rayonun yay otlaq sahələrinin bir qismi Kəlbəcər və Laçın rayonlarından olan 73 məcburi köçkün olan təsərrüfat sahibinə icarəyə verilib: “Bu torpaq sahələrinin Xoşbulaq kəndinə aidiyyatı yoxdur. Həmin torpaqlar qanunvericiliyə uyğun olaraq artıq 30 ildir icarəyə verilib. Buna baxmyaraq, Prezident Administrasiyasının binası qarşısına gedən həmin qrup kənd sakininin bir neçəsi icarədarların qarşısını kəsib, onların çadırlarını yandırıb. Onlardan tələb ediblər ki, rayonunuz azad edilib və daha bu torpaqlara gəlməyin. Həmin 73 icarədar şikayət edib. İyulun 1-də rayon məhkəməsi həmin şikayətə baxacaq. İndi icarədarların qarşısını kəsən bir neçə şəxs öz analarını, qohumlarını toplayaraq məhkəməyə mane olmaq üçün Prezident Administrasiyasının qarşısına gediblər”.

Daşkəsən rayonunun Xoşbulaq kəndi Bakıdan 420 kilometr qərbdə, Ermənistanla sərhəddə yerləşir. Kəndin əhalisi iki mindən çoxdur. Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Bu dağlıq ərazidən qədim zamanlardan yay otlaq sahələri kimi istifadə edilir.

Xoşbulaq kəndi yay mövsümündə ölkənin Qərb bölgəsinin sakinlərinin ən çox üz tutduğu məkandır.


ETİKET :  

Daha Çox