-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Türkiyənin Gəncədə hərbi hava qüvvələri olmalıdır”

"Artıq Rusiya da ölkəmizdə hərbi varlığını təmin etdi"

22:40:05 | 2020-12-10

Türkiyənin hərbi bazasının Azərbaycanda yaradılmasının vacibliyi barədə son aylarda müzakirələr yenidən intensivləşib. 44 günlük müharibədə Türkiyə Azərbaycana tam dəstək verdi. Ekspertlər hesab edirlər ki, Azərbaycanın yanında birmənalı şəkildə daim yer alan bir qardaş dövlətin hərbi bazalarının ölkəmizdə olması tezliklə reallaşdırılmalıdır.

Gedən müzakirələrdə Turan ideyası da gündəmə gəlib. Bu ideyanın da gerçəkləşdirilməsi üçün tarixi şəraitin yetişdiyi vurğulanır.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu səslənən fikirlərlə bağlı “Yeni Müsavat”a bunları dedi: “Turan haqqında nəsə demək mənim üçün çətindir. Çünki bu ideyanın reallaşması üçün gərək bütün dövlətlər burada maraqlı olsunlar. Amma hər zaman o fikirdə olmuşam ki, türk birliyi Azərbaycan-Türkiyə ittifaqından ibarətdir. Təəssüflər olsun ki, Mərkəzi Asiyanın türkdilli dövlətləri inteqrasiyada o qədər də maraqlı olmurlar. Düzdür, türkdilli dövlətlərin Əməkdaşlıq Şurası var. Amma biz bu qurumun fəaliyyətinin o qədər də güclü olduğunu müşahidə etmirik. Məsəl üçün, müharibə oldu, hansı türkdilli dövlət Türkiyə istisna olmaqla bizdə ciddi dəstək verdi? Müəyyən açıqlamalar oldu, amma biz eşidəndəki rus təyyarələri Qazaxıstan və Türkmənistan səmasından Ermənistana yüklər daşıyır, bu bizdə çox ciddi suallar yaratdı. Bəzi türkdilli dövlətlər Ermənistana yardımların daşınmasına yardımçı olduqları bir şəraitdə Turan ideyası necə gerçəkləşə bilər? Ona görə də biz daha çox Türkiyə-Azərbaycan Hərbi İttifaqından danışmalıyıq. Naxçıvanla Azərbaycanın materik hissəsi arasında kolidorun açılması Türkiyənin Mərkəzi Asiya ölkələrinə də yolunu açır. Ticarət əməkdaşlığı arta bilər. Burada biz də maraqlıyıq. Amma bu o demək deyil ki, siyasi mənada Turan yaradıla bilər.

Türkiyə Azərbaycanla siyasi və hərbi ittifaqı gücləndirir. İki il bundan qabaq da Ərdoğan Bakının azad olunmasının yüz illiyi ilə bağlı keçirilən hərbi paradda iştirak etmişdi. O zaman da hərbi paradda İlham Əliyevin yanında dayandı, indi də. Möhtəşəm qələbəmizin qeyd olunmasında bizimlə bərabərdir. Bunun özü çox ciddi mətləblərdən xəbər verir ki, Türkiyə Azərbaycanla hərbi ittifaqı gücləndirmək istəyir. İllərdir ki, bu fikri söyləyirəm, yenə də deyirəm ki, Türkiyənin hərbi bazasının Azərbaycanda yaradılması çox vacibdir. Çünki artıq Rusiya da ölkəmizdə hərbi varlığını təmin etdi. Bu bizim üçün müəyyən təhlükələr yarada bilər. Bundan özümüzü sığortalamaq üçün Türkiyə hərbiçiləri mütləq mənada Azərbaycanda olmalıdır. Tək Monitorinq Mərkəzində deyil, Şuşa, Kəlbəcər, Laçın, Bakı, Gəncə və digər yerlərimizdə hərbi hava qüvvələri olmalıdır. Bu Azərbaycanın təhlükəsizlik təminatının gücləndirilməsi deməkdir. Əlbəttə, biz Ermənistanla təkbaşına bacararıq. Bunu sübut da etdik. Amma Ermənistanın arxasında Rusiya dayanıb. Rusiya-Ermənistan hərbi ittifaqı ilə bacara bilmərik. Bunu etiraf etmək lazımdır. Belə təhlükələrdən sığortalanmaq üçün mütləq türk hərbi bazaları Azərbaycanda olmalıdır. Bu olarsa, heç kəs Azərbaycanla güc dilində danışmağa risk etməz”.


ETİKET :  

Daha Çox