-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Şah Abbas məscidini sökmək istəyirdilər...”

“İcra Hakimiyyətinin binası Şah Abbas məscidinin həyətində tikilməli idi”

12:43:15 | 2020-08-20

Azərbaycanın keçmiş Xarici İşlər naziri, 1979-1981-ci illərdə isə Kirovabad (Gəncə) şəhər Partiya Komitəsinin 1-ci Katibi vəzifəsində işləmiş, gəncəlilərin yaxından tanıdığı Həsən Həsənov (o vaxtlar şəhərdə Kərpic Həsən deyə xitab edirdilər) bu yaxınlarda CBC TV-də yayımlanan “İ eto pravda” verilişinə maraqlı müsahibə verib.

GancaPost.info xəbər verir ki, Həsən Həsənov Gəncədə baş vermiş bir hadisədən söhbət açaraq qeyd edir:

“Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binası Azərbaycanda yeganə tikilidir ki, ölkədə ikinci belə möhtəşəm bina yoxdur. Bu layihənin müəllifi arxitektor rəhmətlik Ənvər İsmayılovdur. Mən Gəncədə olanda təsadüfən onunla görüşdüm. Ona bu möhtəşəm və əzəmətli binanı tikdiyi üçün minnətdarlıq bildirdim. O isə mənə cavabında bildirdi ki, bu binaya görə məni işimdən və partiyadan xaric etmək istəyirdilər. Mən təəccüblə soruşdum, axı niyə? Ənvər müəllim qeyd etdi ki, ilkin layihəyə görə İcra Hakimiyyətinin binası indiki yerində deyil, Şah Abbas məscidinin düz qarşısında tikilməli idi. Çünki, onda məscid binanın həyətində qalacaqdı və sonra bəhanə gətirilərək Şah Abbas məscidini sökəcəkdilər. Mən bunu biləndə dəhşətə gəldim və bu barədə etirazımı bildirdim. Uzun müddət İcra Hakimiyyəti binasının tikintisi dayandı. Sonra məni başladılar hədələməyə, hətta bildirdilər ki, səni cəzalandıracağıq. Mən isə bütün hədələrə baxmayaraq və həyatımı riskə ataraq Şah Abbas məscidini qoruya bildim”.

Qeyd edək ki, Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının tikintisinə 1952- ci ildə başlanılıb, 1964-cü ildə istifadəyə verilib.

Layihənin müəllifi əməkdar mühəndis, Azərbaycan və SSRİ Memarlar İttifaqlarının İdarə heyyətlərinin üzvü Ənvər İsmayılovdur. O, 1942-1966-ci illərdə bir sıra məsul vəzifələrdə işləmişdir. 1959-1966-cı illərdə Respublika Nazirlər Soveti yanında Tikinti işləri üzrə Dövlət Komitəsinin sədr müavini olub. Ənvər İsmayılov 1988-ci ildə vəfat edib.

İndi aydınlaşdırmaq qalır, bu tapşırığı verən rəhbər kim idi?…


ETİKET :  

Daha Çox