-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Saxta yardım və əlillik düzəldənləri hansı cəza gözləyir?

Azərbaycanda saxta yolla əlillik alan şəxslərin müəyyən edilməsi və onlara ödənilən vəsaitlərin geri alınması işləri davam etdirilir.

13:56:46 | 2019-10-17

Son günlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ünvanlı dövlət sosial yardımı (ÜDSY) təyinatının ünvanlılığının təmin edilməsi məqsədilə aparılan araşdırmalar çərçivəsində iki min nəfərə qədər şəxsin sosial yardımının dayandırıldığı barədə məlumat yayıb. Xəbərdə bildirilir ki, Nazirlik ÜDSY təyinatının şəffaflaşdırılması və ünvanlılığının təmin edilməsi ilə bağlı araşdırmaları davam etdirir.
Seçmə üsulla aparılan araşdırma və təhlillər nəticəsində şübhə doğuran məqamlar üzə çıxdıqca saxta yollarla ünvanlı dövlət sosial yardımı alanların bu yardımı dayandırılır. Bu kimi tədbirlər saxta əlillik alan şəxslərə də aiddir. Aztəminatlı ailələrə ünvanlanan dövlət sosial yardımını saxta yolla ələ keçirən, eləcə də müxtəlif yollarla əlillik dərəcəsi alan şəxsləri və onlara bu imkanı yaradanları hansı hüquqi məsuliyyət gözləyir?

GancaPost saytı xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, nazirliyin məqsədi ÜSDY-nin verilməsində ünvanlılığı təmin etməkdir: "Nazirliyin məqsədi odur ki, bu yardımı məhz özlərindən asılı olmayan səbəblərdən yoxsul şəraitdə yaşayan ailələr, yəni yardıma həqiqətən ehtiyac duyan ailələr alsınlar, bu sahədə şəffaf mühit mövcud olsun.

Lakin aparılan araşdırmalar zamanı bir sıra hallarda ailələri təmsil edən şəxslərin bu yardımı almaq üçün saxta yollara əl atdıqları üzə çıxır. Məsələn, ailəni təmsil edən bir qisim şəxslərin ya özlərini, ya da hər hansı ailə üzvlərini hansısa müəssisədə işləyən kimi təqdim etmək üçün çox qısamüddətli əmək müqaviləsi bağladığı, yardım təyin olunandan sonra, yəni aradan bəzən heç 15 gün keçməmiş, heç sığorta ödəyicisi olmamış müqaviləyə xitam verildiyi aydın olub. Yəni bilinir ki, bu şəxslər məhz sosial yardım almaq hüququna malik olmaları üçün bunu ediblər. E-sistemlər vasitəsilə bu dərhal müəyyən olunur və yardımın verilməsi dayandırılır".

F.Talıbov saxta yollarla bu yardımı əldə edən şəxslər və buna şərait yaradanlar barəsində hüquq-mühafizə orqanlarına müraciət edilmədiyini bildirib. O deyib ki, həmin şəxslərin saxta yolla əldə etdikləri yardımları dövlətə geri qaytarmaları üçün müvafiq işlər aparılır. Azərbaycanda saxta yolla əlillik alan şəxslərin müəyyən edilməsi və onlara ödənilən vəsaitlərin geri alınması işləri də davam etdirilir.

Şöbə müdiri bildirib ki, Səhiyyə Nazirliyi ilə birgə yaradılan İşçi Qrupu bu məsələ ilə ciddi məşğuldur: "Yəni əlillik üçün e-sistemə daxil edilmiş göndərişlər xəstənin ötən dövrdə onun xəstəliyi ilə bağlı müayinə və müalicələri əks etdirən tibbi sənədlərə əsaslanmalıdır. Səhiyyə Nazirliyinin elektron sistemində bu məlumat öz əksini tapmalıdır. Ona görə də hansısa göndərişlər ki, reallığa, müvafiq tibbi sənədlərə əsaslanmayıb, onlar aşkar edilir və əlillik də ləğv edilir.

Saxta yolla əlillik alan şəxslərə ötən dövrdə müavinət və ya pensiya kimi ödənilmiş vəsait həm özlərindən, həm də saxta əlilliyə şərait yaratmış, yəni təqsirkar şəxslərdən geri tutulur. Şöbə müdiri onu da deyib ki, eyni zamanda ünvanlılıq və şəffaflıq prinsipi əsasında aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımına çıxışında daha əlçatanlığı və sadə, rahat müraciət prosedurunu təmin etmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən innovativ əsaslarla müvafiq təkmilləşdirilmə işləri aparılır".


ETİKET :  

Daha Çox