-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Sən “Kəpəz”ə qayıtmasan, ora düzəlməyəcək”

“Bütün Gəncəbasar bunu bilir, ancaq AFFA-da oturanlar dərk etmir”

18:20:09 | 2020-09-13

GancaPost.info saytı Gəncə futbolunun “xaç atası” sayılan Mehman Allahverdiyevin "FutbolPlyus" qəzetinə müsahibəsini təqdim edir:

Ürəyi dolu olan veteran futbolçu müsahibəsində bir çox mətləblərə toxunub.

- Necəsiz, futbolsuz darıxmırsız ki?
- Allaha şükür, salamatçılıqdır. O ki qaldı “futbolsuz darıxmırsız” sualına, niyə darıxmıram?! Həyatının böyük hissəsi futbola bağlı olan insan indi sevdiyi sahədən uzaq düşübsə, deməli, onun üçün çox çətindir. Səbrlə oturub yenidən canımdan çox sevdiyim “Kəpəz”ə, ümumiyyətlə, futbola dönəcəyim günü gözləyirəm.
- Artıq iki ildən çoxdur o günü gözləyirsiz. Ancaq nədənsə sizi yada salan yoxdur...
- Hələ də Gəncədə bəziləri elə bilir ki, özüm kluba qayıtmaq istəmirəm. Məsələn, bugünlərdə şəhərin sayılıb-seçilən adamlarından biri ilə üz-üzə gəldim. Salamlaşıb, kef-əhval tutandan sonra qayıtdı ki, “niyə “Kəpəz”i yetim qoyub, kənarda dayanmısan? Sən o komandaya qayıtmasan, ora düzəlməyəcək. Daşı ətəyindən tök və “Kəpəz”ə dön”. İstədim deyəm ki, “məni klubdan uzaqlaşdırıblar”, ancaq nədənsə onun qanını qaraltmaq istəmədim. Bu gün də azarkeşlər məni görəndə “Kəpəz”in mənsiz uğur qazanmayacağını söyləyirlər. Bütün Gəncəbasar bunu bilir, ancaq AFFA-da oturanlar dərk etmir. Bəlkə də bilirlər, sadəcə, özlərini elə aparırlar ki, guya heç nədən xəbərləri yoxdur.
- Sözlərinizdən belə başa düşmək olar ki, siz də AFFA rəhbərliyindən narazılar cərgəsindəsiz?
- Nədən razı olum? Ondan ki, həyatını futbola həsr edən biri kimi neçə vaxtdır işsizəm? Mənə, başqa veteranlara belə münasibət yolverilməzdir.
- Bugünlərdə dünyasını dəyişən veteran futbolçu Arzu Mirzəyev də “futbolda işləmək istəyirəm” deyərək, haqqın dərgahına qovuşdu...
- Balıq susuz qala bilmədiyi kimi, futbol adamı da futbolsuz qala bilmir. Bunu veteran futbolçular çox gözəl bilirlər. Arzu çox şey istəmirdi ki… Deyirdi, mənə sevdiyim və bildiyim sahədə bir iş verin, çalışım. Təəssüf ki, onun kimilərin, unudulanların sayı gündən-günə artır. Futbol təsərrüfatına rəhbərlik edənlərin isə bu vecinə deyil. Onları başqa məsələlər maraqlandırır. Hərdən mənə elə gəlir, AFFA rəhbərliyi bilərəkdən yanlarına futboldan anlayışı olmayanları götürürlər ki, səhv addım atanda, yanlışlığa yol verəndə onlara heç nə deməsinlər. AFFA-da jeleli, pudralılar yox, futbolun içindən çıxan, bu sahənin bütün incəliklərindən xəbərdar olanlar çalışmalıdır.


ETİKET :  

Daha Çox