-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncə Qanlı Yanvar faciəsindən necə xilas oldu?

"Lazım gələrsə, Gəncədə fövqəladə vəziyyət elan edilsin…"

18:14:21 | 2019-01-18

1990-cı ilin yanvarında Azərbaycanın digər bölgələrində olduğu kimi, Gəncədə də siyasi vəziyyət gərgin idi. Qanlı Yanvara qədər şəhərdə baş verən hadisələri, bu faciəni doğuran səbəbləri və törədilən qanlı qırğını isə həmin dövrün şahidləri belə xatırlayırlar.

1990-cı ilin şaxtalı yanvar günü: Gəncəbasar ilk şəhidlərini son mənzilə yola salır

Məhəmməd Qasımov: "1990-cı ilin şaxtalı yanvarı yenicə başlamışdı. Çaykənd, Todan və Kamo kəndlərindən bir-birinin ardınca həyəcanlı xəbərlər gəlirdi. Hacıkənd-Göygöl yolu, demək olar, kəsilmişdi. Burada yuva salan ermənilər Azərbaycan kəndlərinə soxulur, silahlanmış erməni saqqallıları pusqular qurur, yoldan ötənlərə basqın edir, qonşu kəndlərə atəş açırdılar. Toqquşma, tələfat ara vermirdi. Bir həftə içində onlarla dinc sakin müxtəlif odlu silahlardan yara almışdı. Ermənistandan saqqallılar üçün müxtəlif silah, partlayıcı maddələr daşıyırdılar. Gəncəbasar od içində idi. Respublikanın o vaxtkı rəhbərliyi isə heç bir əməli iş görmürdü. Belə bir gərgin vaxtda yuxarıdan əmr gözləməyin, əli qoynunda durub baxmağın zamanı deyildi. Xalqın qeyrətli, cəsarətli oğulları nizamlı-nizamsız dəstələr düzəltdilər. Gəncəbasarda könüllülərdən ibarət bir neçə dəstə yarandı: "Boz Qurd", "Oğuz", "Qatır Məmməd"…"

"Boz Qurd"a qardaşım leytenant Rüzigar Qasımov başçılıq edirdi. Onlar 12 nəfər idilər. Əsasən Nüvədidə, Todanda və Çaykənd ətrafında vuruşurdular. Həmin dövrdə Çaykənd ermənilərin istehkamına çevrilirdi və Gəncənin başı üzərində dayanan təhlükə mənbəyi idi. Oradan şəhərə hər an hücum edilə və ya sadəcə, artilleriya atəşi yağdırıla bilərdi. Odur ki, Çaykəndin ermənilərdən təmizlənməsi nəinki Gəncə, eləcə də bütün Azərbaycan üçün ən önəmli məsələlərdən idi. Çünki o vaxtlar hələ "münaqişə zonaları" adlandırılan rayon və kəndlərə aparan yollar Gəncədən keçirdi. Həmin zonalarda insanlara edilən yardımlar, silah-sursat təminatı əsasən Gəncədə təşkilatlanıb göndərilirdi. Qardaşım Rüzigar və yoldaşları düşmənin məkrli planını alt-üst etdilər. Əbəs yerə deyil ki, todanlılar və nüvədililər Rüzigarla Abbasqulunu özlərinə fəxri vətəndaş seçmişdilər".

Həmin çətin günlərdən danışan Məhəmməd deyir ki, o günlərdə Rüzigarın düz-əməlli üzünü görmədik. Xəbər aldıq ki, ermənilər Todana hərbi qüvvə gətiriblər. Bunu eşidən qardaşım birbaşa Todana yollandı. Yanvarın 12-si idi. Axşamüstü acı xəbər bütün Gəncəni sarsıtdı. Qardaşım Rüzigar Qasımov və yoldaşları Abbasqulu Məmmədov, Bəxtiyar Əliyev qəhrəmancasına həlak olmuşdular.

Beləcə, Gəncəbasar elinə ilk şəhid yaraları vuruldu və yanvarın 14-də Gəncə öz igid oğullarını izdihamla son mənzilə yola saldı. Bakıdakı qanlı yanvara isə bir həftədən də az vaxt qalırdı.

"Lazım rsə, ncəvqəladə ziyyət elan edilsin…"

Həmin dövrün sənədləri, faktları ilə tanış olduqda, aydınlaşır ki, əslində, analoji faciə Gəncəni də gözləyirdi: dinc əhalinin kütləvi surətdə qırılması, vəhşiliklər, "su yerinə axan qan" Gəncə üçün də planlaşdırılmışdı. SSRİ prezidentinin 1990-cı il 15 yanvar tarixli fərmanında deyilir: "…Qarabağda, Bakıda və lazım gələrsə, Gəncədə fövqəladə vəziyyət elan edilsin…" Qarabağda, Bakıda gec də olsa, fövqəladə vəziyyət tətbiq edildi, nəticələri isə artıq hər kəsə məlumdur. Bəs, Gəncə bu bəladan necə xilas ola bildi?

Hadisələrin şahidi Gəncə Dövlət Universitetinin professoru, tarixçi-alim Həsənbala Sadıqov həmin günləri belə xatırlayır: "Yanvarın 17-də şəhərimizdəki 38-ci hərbi şəhərciyə gedərkən, orada gördüklərimiz vəziyyətin kəskinləşməsi demək idi. Şəhərin arxasında vertolyot meydançası vardı. Bura vertolyotlarla, yəqin ki, orduya heç bir aidiyyəti olmayan, saqqallı, "kirli-paslı" "döyüşçülər" gətirilmişdi. Onlara təzə əsgər paltarları, şinellər və silah paylanılırdı. Bu barədə şəhər rəhbərliyinə xəbər verildi. Operativ tədbirlər görülməyə başlandı. Strateji obyektlər, o cümlədən aeroport, hərbi aerodrom mühasirəyə alındı, xeyli sayda insan uçuş xəttinin üzərində düzüldü və hərbi təyyarələrin enməsinə imkan verilmədi".

Barrikadalar SSRİ rəhbərliyinin şəhərə ordu yeritmək əmri verməsi üçün bəhanə ola bilərdi

Hadisələrin digər şahidi Arif Salahov isə deyir: "Yanvarın 17-də Şəhər Partiya Komitəsinin I katibini və məni Bakıya, Mərkəzi Komitəyə çağırdılar. Biz oraya çatanda Primakov, Qirenko, Vəzirov və digər "rəhbərlər" xəritə üzərində işləyirdilər. Məlum oldu ki, Gəncədə fövqəladə vəziyyət tətbiq etmək istəyirlər. Təbii ki, ciddi etirazımızı bildirdik. Hətta iş o yerə gəlib çatdı ki, Gəncə şəhər Partiya Komitəsinin I katibi Süleyman Məmmədov "Gəncədə fövqəladə vəziyyətə yol verməyəcəyik" deyə qışqırmağa başladı. Beləcə, vəziyyətin həddən artıq təhlükəli olduğunu görüb, tez Gəncəyə qayıtdıq. Şəhərdə artıq Xalq hərəkatının fəalları, şəhər rəhbərliyinin bir sıra əməkdaşları, ziyalılar, sadə gəncəlilər – bir sözlə, hamı gözlənilən təhlükənin qarşısını almaq üçün birlikdə fəaliyyətə başlamışdılar.

Gəncədəki sovet ordusunun generalı Şatalinlə birlikdə şəhəri gəzib insanlara vəziyyətin ciddiliyi barədə məlumat verərək, təxribatlardan çəkinmələrini tapşırdıq və barrikadaların yığışdırılmasına başladıq. Axı, tankın, BMP-nin qabağında taxtadan, ev əşyalarından düzəldilmiş barrikadanın nə köməyi ola bilərdi. Əksinə, həmin barrikadalar SSRİ rəhbərliyinin şəhərə ordu yeritmək əmri verməsi üçün bəhanə ola bilərdi. Deməli, belə məqamda əsas məsələ təxribata yol verməmək, şəhərdə sabitliyi saxlamaq idi. Gəncədə buna nail ola bildik. Təəssüf ki, Bakıda bunun əksi oldu. Sovet əsgərləri qoca-cavan demədən ürəkləri azadlıq eşqi ilə döyünən əliyalın insanları gülləbaran etdilər".

Rauf Hacıyev


ETİKET :  

Daha Çox