-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Qamsaxurdiyanın ilk qaçdığı yer Gəncə oldu

"Keşikçidağa iddia edirlər, biz də BORÇALINI istəyərik"

00:24:12 | 2019-05-08

Gürcüstan hakimiyyəti və şəxsən prezident Salome Zurabişvili Azərbaycanla münasibətləri süni surətdə gərginləşdirir. Bunu ya bilərəkdən edir, ya da sifariş yerinə yetirir.

GancaPost xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu son günlər Keşikçidağ monastır kompleksi ilə bağlı Gürcüstanda bəzi millətçi qrupların Azərbaycana qarşı çıxışlarını və bu çıxışların yaranmasına səbəb olan Zurabişvilinin məlum açıqlamalarını şərh edərkən deyib. O bildirib ki, Zurabişvili Bakıda bu mövzunu Prezident İlham Əliyevin diqqətinə çatdırdı:

“O bununla kifayətlənmədi, daha sonra sərhəddə gələrək “34 faiz“ söhbətini təkrarladı. Yəni rəsmi Bakı Zurabişvilinin mesajını aldı, bununla məsələyə nöqtə qoymaq olardı. Azərbaycanın da marağındadır ki, strateji tərəfdaşı ilə sərhəddin tamamını müəyyənləşdirsin. Məhz elə bu məqsədlə prezident sərəncam verərək peşəkar diplomat Xələf Xələfovu yenidən köhnə vəzifəsinə qaytardı. Əslində bu təyinatın özü Bakının Tiflisə mesajıydı ki, sərhəddin müəyyənləşdirilməsiylə bağlı danışıqları intensivləşdirəcəyik”.

E.Şahinoğlunun sözlərinə görə, buna baxmayaraq, Gürcüstan hakimiyyəti və cəmiyyəti Azərbaycanla sərhəd mövzusunu gündəmin başlıca mövzusuna çevirib. Zurabişviliyə bütün rəsmilər və siyasi spektrin digər təmsilçiləri də qoşularaq, Azərbaycana qarşı hədələyici açıqlamalar verirlər:

“Bu açıqlamaların ardı-arası kəsilmir, sanki Gürcüstanın bundan başqa problemi yoxdur. Zurabişvili artan gərginliyi yumşaltmaq əvəzinə cəmiyyətin müxtəlif təbəqələrinin sərhəddə təxribatlarına şərait yaradıb.

Azərbaycan və Gürcüstanda yaşayan azərbaycanlılar hər zaman Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyiblər, heç zaman azərbaycanlılar üçün muxtariyyət tələb etməyiblər. Halbuki, soydaşlarımız tarixi Azərbaycan torpaqlarında yaşayırlar. Ancaq azərbaycanlılar gürcülərə heç zaman arxadan zərbə vurmayıblar, bu haqda düşünməyiblər, abxazlar, osetinlər və ermənilərdən fərqli olaraq, Gürcüstanın ərazi bütövlüyünə qarşı xain planlar qurmayıblar. Üstəgəl, Azərbaycan Gürcüstanı özünə dost bilib qonşu ölkəni bütün enerji layihələrinə cəlb edib, ucuz qaz satırıq, qazlaşdırmanı həyata keçirmişik, investisiyalar yatırmışıq. Yəqin rəsmi Tiflis düşünür ki, bu, elə belə də olmalıdır, onsuz da Azərbaycan enerji layihələrinin dünya bazarlarına çatdırılmasında Gürcüstandan asılıdır və onlar bizə qarşı hansı tələbi irəli sürsələr, biz yerinə yetirmək məcburiyyətindəyik. Bunun belə olmadığını Gürcüstan hakimiyyətinə anlatmaq lazımdır”.

Politoloq Azərbaycan Xarici İşlər Nazirliyinin bu məsələ ilə bağlı bütün bəyanatlarının müdafiə mövqeyinə söykəndiyindən təəssüflənib:

“Halbuki Gürcüstandan bizə yönələn təxribatlara gərəkli cavab verilməlidir, onlara diplomatik dildə izah edilməlidir ki, Azərbaycana qarşı bu cür davranış yolverilməzdir, torpaq güzəşti olmayacaq. Biz susduqca, orada bəziləri azğınlaşır. Qeyri-diplomatik dildə isə onlara deyilməlidir ki, elə etməsinlər ki, biz də Gürcüstana qarşılıqlı iddialarımızı gündəmə gətirək. Əgər onlar məbədin az hissəsinə iddia edirlərsə, biz də tarixi torpaqlarımıza iddiamızı ortaya qoya bilərik.

Gürcüstan yeni müstəqilliyini qazandıqda ilk prezidentləri Zviad Qamsaxurdiya millətçi şüarlarla çıxış edirdi, azərbaycanlıların sıxışdırılması prosesinə start verilmişdi. Ancaq Gürcüstanda hərbi çevriliş olanda Qamsaxurdiyanın ilk qaçdığı yer Gəncə oldu, bizə sığındı. Gürcüstanın indiki hökuməti də anlamalıdır ki, qonşularından yalnız Azərbaycana və Türkiyəyə etibar edə bilər, yox əgər bunu anlamırsa, deməli, biz onlara bunu müxtəlif vasitələrlə anlatmalıyıq. Biz zamanında ermənilərə çox torpaq payı verdik, iştahları artdı, doymadılar, silahlandılar və minlərlə günahsız insanımızın qətli hesabına başqa torpaqlarımızı da işğal etdilər. Bu bizə yaxşı dərs olmalı idi. Ona görə də Azərbaycan bundan sonra daha heç kimə torpaq payı verə bilməz və verməyəcək. Bunu gürcülərə də qəti şəkildə anlatmaq lazımdır”.


ETİKET :  

Daha Çox