-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Prezident təklifi dəstəklədi: Hacı Zeynalabdin Tağıyevin heykəli ucaldılacaq

“Bakı şəhərinin sakini kimi çox istəyərdim ki, Bakı şəhərində Hacı Zeynalabdin Tağıyevin heykəli ucaldılsın”.

01:32:57 | 2019-03-02

GencePost.com xəbər verir ki, bu fikirləri Əməkdar artist Bəhram Bağırzadə Prezident İlham Əliyevlə görüşündə bildirib.

“İlk növbədə, mən ağsaqqallarımızdan və ağbirçəklərimizdən üzr istəyirəm. Rəhmətlik atam mənə deyərdi ki, həmişə ağsaqqallar, ağbirçəklər olan yerdə danışma, sus, qulaq as, söz verilsə, onda danışarsan. Ona görə hamınızdan dəfələrlə üzr istəyirəm. Hətta zalın 60 faizi mənim müəllimlərimdir. Hansılar ki, mənə vaxtilə dərs deyiblər. Hamınıza minnətdaram. Sizə də, cənab Prezident, öz minnətdarlığımı bildirirəm. Siz də, Mehriban xanım da mənə efir vasitəsilə hər zaman dərs demisiniz. Bu gün mən problemlər haqqında danışmaq istəmirəm. O demək deyil ki, mənim problemlərim olmayıb. Müəyyən həyat məqamlarında problemlər olub, onları, şükür Allaha, Siz həll etmisiniz, istər 1995-ci ildə, istərsə də 2000-ci ildə. Özünüzün də xəbəriniz olmayıb, amma ətrafınızda olan insanlar mənim bütün problemlərimi həll ediblər. Ona görə mən Sizə dərin təşəkkürümü bildirirəm. Fürsət olmamışdı, bu gün xalqımın qarşısında bunu edirəm”,- deyə Bəhram Bağırzadə bildirib.

Əməkdar artist qeyd edib ki, “İnstagram” və “Facebook” səhifələrində yarım milyona qədər izləyicisi var: “Bu günləri mən onlara çıxış etməliyəm, sözümü deməliyəm. Onlar mənə sual verəcəklər ki, Allah-Təala sənə fürsət yaratdı, cənab Prezidentə bu xahişi, Elbay müəllim demişkən, xahiş yox, bir təklif kimi, Azərbaycan Respublikasının vətəndaşı kimi, Bakı şəhərinin sakini kimi çox istəyərdim ki, Bakı şəhərində Hacı Zeynalabdin Tağıyevin heykəli ucaldılsın. Bunu nəinki mən, bunu milyonlarla insan istəyir. Çünki onun çox böyük işləri olub Azərbaycanda, Bakıda. İnanın mənə ki, 10 milyonluq xalq həmişə dua edəcək Sizə, əgər bu yaxınlarda Hacı Zeynalabdin Tağıyevin heykəli ucalsa. Kukla Teatrının önündə bir bağ var, mən onu orada faytonda görürəm, Hacı Zeynalabdin Tağıyev faytonda oturub və Siz hər dəfə səhərlər işə gedəndə görəcəksiniz və sevinəcəksiniz ki, məhz Sizin vaxtınızda o heykəl ucaldı. Çox sağ olun, təşəkkür edirəm Sizə”.

Prezident İlham Əliyev qeyd edib ki, Bəhram Bağırzadənin təklifini bəyənir: “Hacı Zeynalabdin Tağıyev böyük insan, böyük xeyriyyəçi olub. Azərbaycan xalqı qarşısında çox böyük əməyi olan bir şəxsiyyətdir. Təqribən 20 il bundan əvvəl Pir Həsən ziyarətgahı mənim tapşırığımla abadlaşdırılıb. Hacı Zeynalabdin Tağıyevin xeyirxah fəaliyyəti bizim ailəmizdə də özünü göstərib. O vaxt mənim babam Əziz Əliyev ona məktub yazaraq xahiş edib ki, ona pul versin, getsin həkim peşəsinə yiyələnsin. Hacı Zeynalabdin, əlbəttə ki, onu tanımırdı, tanıya da bilməzdi. Tək o məktuba görə ona pul göndərdi. O pulla da Əziz Əliyev getdi Sankt-Peterburqda Hərbi-Tibbi Akademiyaya daxil oldu, həkim oldu, ondan sonra da onun həyatında yeni dövr başladı. Hacı Zeynalabdin Tağıyevin minlərlə, bəlkə də on minlərlə insana köməyi dəyib və mənim Prezident kimi addımlarımdan biri də o idi ki, onun evi əsaslı şəkildə təmir olunsun. Orada Tarix Muzeyi yerləşir. Amma mən o binaya məhz onun evi kimi baxırdım və biz bunu etdik. Onun şərəfinə abidənin ucaldılması düzgün qərardır. Bəhram, əgər sən də burada fəal iştirak etsən, çox yaxşı olar. Təkliflər hazırlayın. Ümumiyyətlə, mən sənin fəaliyyətini izləyirəm. Sən şəhərimizin inkişafı, tarixi mirasımızın qorunması ilə bağlı çox fədakar, çox böyük iş aparırsan. Mən izləyirəm, təqdir edirəm və sənə bu işdə yeni uğurlar arzulayıram”.


ETİKET :  

Daha Çox