-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Ölkədə pensiya alanlar azalır

Azərbaycanda pensiya alanların sayı azalır.

13:21:44 | 2019-08-20

2019-cu il iyulun 1-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 291.3 min nəfər pensiyaçı qeydiyyatda olub. Bu da ölkə əhalisinin 13 faizini təşkil edir. Onların 58.4 faizi yaşa, 30 faizi əlilliyə, 11.6 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumatda bildirilir.

2018-cı il oktyabrın 1-də Azərbaycanda pensiya alan şəxslərin sayı 1 milyon 309 min nəfər təşkil etmişdi. Həmin ilin əvvəlində isə onların sayı 1 milyon 318.4 min nəfərə bərabər olmuşdu. Rəqəmlərin müqayisəsinə əsasən, pensiyaçıların sayı son 9 ayda 18 min, 1 il 6 ay ərzində isə 27 min azalıb.

Xatırlatma

2017-ci ildə Azərbaycanda pensiya yaşı artırılıb. Qanunvericiliyə edilən dəyişikliyə əsasən, kişilərdə 63 yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınlarda isə 60 yaş 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılmaqla 65 yaşa çatdırılmalıdır.

İqtisadçı: Hökumət pensiya yaşına yenidən baxmalıdır

«Ölkə üzrə pensiyaçıların sayının azalmasına təsir edən əsas səbəb pensiyaya çıxmaqdan ötrü yaş müddətinin yuxarı olmasıdır».

Bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov AzadlıqRadiosuna bildirib.

V.Bayramov deyib ki, bu, ölkədə vəfat edənlərlə pensiyaya çıxanların arasında nisbətin birincilərin xeyrinə olmasının göstəricisidir: «Biz hələ o zaman (2017-ci il) Azərbaycanda orta ömür müddətini əsas götürərək, ölkədə pensiya yaşının 65 yaş müəyyən edilməsini məqbul saymadıq və buna münasibətimizi də ifadə etdik».

V.Bayramov hesab edir ki, elə bu faktdan irəli gələrək hökumət pensiyaya çıxmaq yaşının azaldılması məsələsinə baxmalıdır.

Mərkəz rəhbəri qeyd edib ki, başqa tərəfdən, aidiyyəti qurumların saxta pensiya alanlarla bağlı araşdırmalarının da buna təsiri var. «Amma bütün hallarda, fikrimcə, pensiyaçıların sayının azalmasına təsir edən əsas səbəb pensiyaya çıxmaq yaşının yuxarı olması ilə bağlıdır və hökumət pensiya yaşına yenidən baxmalıdır», - V.Bayramov vurğulayıb.


ETİKET :  

Daha Çox