-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Obyekti dağıdılmış sahibkar Gəncənin İcra başçısından kömək istəyir

Fərid Zeynalovun ailəsini dolandırdığı mağaza sabiq icra başçısının göstərişi ilə qanunsuz olaraq sökülüb.

22:11:30 | 2019-09-20

Obyekti sökülüb yerlə bir edilən Gəncə şəhəri, Hacıkənd qəsəbəsi sakini Fərid Səlahəddin oğlu Zeynalovun problemi bitmək bilmir. Sovet dövründə atasının işlətdiyi, son illərdə isə özünün işlədib ailəsini dolandırdığı mağaza sabiq İcra başçısı Elmar Vəliyevin göstərişi ilə qanunsuz olaraq sökülüb.

Gəncədəki məlum hadisələrdən sonra isə Fərid Zeynalov yeni İcra başçısı Niyazi Bayramovla görüşüb və baş verənləri anlatmışdı.

GancaPost saytı xəbər verir ki, bu haqda “Yeni Müsavat”a Fərid Zeynalovun vəkili Əziz Qənbərov müraciət edərək müvəkkilinə süni maneələr yaradılmasından şikayətlənib:

“Bildirirəm ki, hüquqlarını müdafiə etdiyim Zeynalov Fərid Səlahəddin oğluna məxsus (Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX 0021701 saylı dövlət reyestrindən çıxarışla təsdiq olunmuşdur) Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində torpaq sahəsi və içərisində olan 96 kv/metr tikili Gəncə şəhərinin keçmiş İcra başçısı Elmar Vəliyevin göstərişi ilə onun əməkdaşları tərəfindən qanunsuz olaraq dağıdılmış, bununla bağlı olaraq Zeynalov Fərid Səlahəddin oğlu ölkə rəhbərliyinə və Niyazi Bayramova çoxsaylı müraciətlər etmişdir. Bunun nəticəsi olaraq 27.02.2019-cu il tarixdə Zeynalov Fərid Səlahəddin oğlunu və vəkili kimi məni qəbul edərək dinləmisiniz. Qəbul zamanı siz bildirdiniz ki, sözügedən əmlakı qanunsuz olaraq tutub məhv edən şəxslər barəsində müraciət edin, onlar Sizə dəymiş zərəri ödəyəcəklər. Qeyd edim ki, hazırda tikinti materialları verilmiş, dəymiş zərərin bir hissəsi ödənilmişdir. Lakin hüquqlarını müdafiə etdiyim mülkiyyətçi dağıdılan obyektin dövlət reyestrində qeyd edilən ölçülərdə yenidən obyekt inşa etmək istəsə də, Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən buna razılıq verilmir, süni maneələr yaradılır.

Hörmətli İcra başçısı!

Sizdən xahiş edirəm ki, bununla bağlı ətraflı məlumat verilməsi üçün məni və hüquqlarını müdafiə etdiyim şəxsi qəbul etməyi, hüquqlarını müdafiə etdiyim Zeynalov Fərid Səlahəddin oğlunun mülkiyyət hüquqlarını tam şəkildə həyata keçirməsinə yaradılan süni maneələrin aradan qaldırılması və sözügedən obyektin tikintisinə razılıq verilməsi barədə göstəriş verəsiniz".

Vəkil bildirib ki, Fərid Zeynalov hazırda böyük borc içindədir, sahibkarlıq fəaliyyəti iflic durumdadır. “Müvəkkilimi yeganə qazanc yerindən məhrum ediblər. Orada işləyib ailəsini dolandırırdı, dövlətə vergi ödəyirdi. Bu gün isə işsizdir, maddi durumu bərbaddır. Xahiş odur ki, süni maneələr aradan qaldırılsın, dövlətimiz kiçik sahibkara bir vətəndaş kimi sahib çıxsın”, - deyə, o bildirib.


ETİKET :  

Daha Çox