-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Mütəllibov: O vaxt Çaykənd əməliyyatını keçirməsəydik, ermənilər Gəncəni də işğal edə bilərdi

Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibov prezidentliyi dövründə və 1991-ci ildə ölkədə baş verənlərlə bağlı moderator portalına geniş müsahibə verib. GencePost.com həmin müsahibədən 1991-ci ilin yazında keçirilmiş Çaykənd əməliyyatı barədə Ayaz Mütəllibovun çıxışını təqdim edir:

16:56:21 | 2018-12-12

‘1991-ci ildə referenduma getməyimizə və xalqın əksəriyyətinin Sovetlərin saxlanmasına səs verməsinə baxmayaraq mən hiss edirdim ki, Qorbaçov dövlətin qorunması üçün heç bir ciddi tədbir görmür. Əksinə, öncə özü dağıtmaqla məşğuldur. Odur ki, ehtiyat tədbirlər görürdük. İlk növbədə İttifaq tərkibindəki ərazi bütövlüyümüzün qorunması, yəni artıq respublikaya Ermənistandan və xaricdən gəlib yığışan muzdlu terrorçuların fəaliyyəti sayəsində gerçəkləşmək üzrə olan erməni işğalının qarşısını almaq üçün məhz həmin referendumdakı ‘uğurumuz’dan, yəni əksəriyyətin SSRİ-nin saxlanmasına səs verməsindən, Ermənistanın isə ümumiyyətlə, referendum keçirməməsindən istifadə edərək 1991-ci ilin aprelindən başlayaraq Gəncə ətrafındakı erməni yaraqlılarının bazalarını zərərsizləşdirmək üçün Çaykənd əməliyyatını keçirdik, bundan başqa Dağlıq Qarabağın, o cümlədən Şuşanın neçə-neçə kəndini erməni quldurlarından təmizlədik... Bizim hakimiyyətin həmin uğurunu AXC liderləri və digər ‘demokrat’lar gözdən salmağa çalışsalar da, tarixi-siyasi, həm də hərbi-strateji baxımdan bunu dəyərləndirmək lazımdır. Sözsüz ki, zaman buna öz obyektiv dəyərini verəcək... Düzdü, həmin təmizləmə əməliyyatlarında bizim polislər, DTK qüvvələri iştirak etsələr də, onlar əsasən Moskvanın qərarı və sovet ordusunun birbaşa dəstəyi ilə həyata keçirilmişdi. Amma fakt odur ki, torpağımızın xeyli hissəsi terrorçulardan təmizlənmişdi... Və biz diplomatik gedişlər edərək ermənipərəst, xristian Qorbaçovu məcbur etmişdik ki, bu dəfə müsəlman Azərbaycana arxa dursun. Zarafat deyildi, Qorbaçov kimi bir adamı öz prinsiplərindən dönməyə vadar edərək fərmana qol çəkdirmək... O fərman olmasaydı, biz heç nə edə bilməzdik. Mən bunun bütün ağırlığını öz üzərimə götürdüm... Eləcə də onu da düşünmək lazımdır ki, əgər 1991-ci ildə həmin erməni terrorçularının faktiki nəzarət etdiyi Gəncə ətrafındakı həmin kəndlər azad edilməsəydi, 1992-1994-cü illərdəki genişmiqyaslı hərbi əməliyyatlar zamanı erməni silahlı qüvvələri asanlıqla Gəncəni də işğal edə bilərdi... Gerçəkdən 1993-1994-cü illərdə Gəncə üçün real təhlükə yaranmışdı. Gəncəbasarı ermənilər götürə bilərdi. Burada Çaykənd – ‘Həlqə’ əməliyyatının da rolu özünü göstərdi...'


ETİKET :  

Daha Çox