-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Əlini Ninodan əbədi ayıran Gəncə körpüsü - TARİX

Gəncənin yerli sakinləri şəhərin keçmiş tarixini əzbər bilir və bunu şəhərə gələn hər qonağa böyük həvəslə danışırlar. Onlarla birgə gəzən qonaq bu şəhərdə nə darıxır, nə də ona bir bələdçi lazım olur.

16:49:01 | 2019-03-16

Şəhərin yerli sakini, Tədqiqatçı Namlet Allahverdiyev jurnalist Rauf Hacıyevlə bu qədim Nizami yurdunun küçələrini gəzərək, Gəncənin tarixindən danışıb: “Bax, bu çinarları 1606-cı ildə Şah Abbas Səfəvi əkdirib. Özü də tapşırıb ki, ağacları bir-birindən aralı əksinlər. Şəhəri də Abbasabad adlandırıb. Amma Şah Abbasın ölümündən sonra şəhər əvvəlki kimi Gəncə adlanıb. Görürsünüz, çinarların gövdəsi oyuqdur, həm də içində yanğın izi var. 1804-cü ildə düşmənlər yandırıb. O vaxt rus qoşunları şəhəri topa tutublar. Ağaclar da həmin vaxt yanıb. Ağacların başını da kəsiblər. Amma çinarlar qurumayıb. Ağac kökündən, gövdəsindən pöhrə verib, qol-budaq atıb. Bu çinarlar 400 ildir şəhərin tarixinə bələdçilik edir”.

Şəhərin küçələri ilə addımladıqca hər tərəfdə bu qədim diyarın tarixinə aid tikililərə rast gəlirsən. Gəncəlilərin çox sevdiyi qədim tikililərdən biri də Gəncə çayının üzərindəki körpüdür. “Bu körpü sonradan salınıb. Özü də Şah Abbasın tikdirdiyi qədim bir körpünün yerində. Qafqazda tikilən ilk dəmir və metal konstruksiyalı körpüdür. 1843-cü ildə inşa edilib. Layihəsini də çar ordusunun hərbi mühəndisi, poruçik A.Q.Çarnetski hazırlayıb. Körpü şəhərin iki məhəlləsini birləşdirib. Körpünün üstündən getdikcə küçə yüksəkliyə çıxdığı üçün sakinlər buranı Dik Küçə adlandırıb. Körpünün yuxarısında isə Kilsəkənd məhəlləsi olub. Orada kilsə olduğuna görə məhəllə belə adlanıb. Məhəllədə ermənilər yaşayıb. Amma ermənilər məhəlləyə 1804-cü ildən, Gəncə işğal edildikdən sonra köçürülüb. Ermənilər məhəllədəki Alban məbədini də öz adlarına çıxmışdılar”, - deyə Namlet Allahverdiyev vurğulayır.

Körpünün yuxarı hissəsində 1870-ci ildə inşa edilən bina, Şəhər Quberniya İdarəsinə məxsus olub. Elə həmin ildə binanın əks tərəfində şəhər Qəza məktəbi üçün yaraşıqlı bina tikilib. Həmin məktəb əvvəllər şəhər progimnaziyasına, 1888-ci ildən isə Gimnaziyaya çevrilib. Binadan aşağıda isə Almanlar özləri üçün kilsə tikiblər. Onlar İkinci Dünya müharibəsinə qədər həmin binada ibadət ediblər.

Namlet Allahverdiyev bildirir ki, sonralar məhəllədə şəhərin ilk kişi məktəbi yaradılıb. Elə ona görə də Dik Küçə sonralar Uçiliş küçəsi adlanıb. Hələ şəhər qubernatorunun təşəbbüsü ilə məktəbin qarşısında park da salınıb. Yerli əhali də parka “Qubernat bağı” deyib. 1888-ci ildə küçədə Avropa üslubunda hamam, bir də modern sinematoqraf salonu tikilib.

Söhbətləşə-söhbətləşə körpünün aşağı hissəsinə gəlib çatırıq. Məlum olur ki, bu ərazidə şəhərin Yelizavetpol məhəlləsi salınıb. Məhəllə şəhərin daha çox ticarət və işgüzar sahəsi olub. Burada əvvəllər yerli əhalinin, rus, alman və yəhudi iş adamlarının ticarət dükanları, inzibati binaları və evləri yerləşib. Bu məhəllədə hələ neçə-neçə şəhər ziyalısının, görkəmli şəxslərin, mülkədarların imarəti də olub.

Həmsöhbətimiz qeyd edir ki, 1918-ci ildə havadarlarına arxalanan ermənilər yerli əhaliyə qarşı amansız soyqırımı həyata keçiriblər. Əli silah tuta bilən kişiləri öldürüb, qocaları, qadınları, uşaqları isə məscidə yığıb yandırıblar. 1920-ci ildə Azərbaycan bolşeviklər tərəfindən istila olunanda Gəncənin yerli müsəlman-türk əhalisi yadelli işğalına qarşı üsyana qalxıb. Bu zaman fürsətdən istifadə edən ermənilər körpünün yuxarısından şəhərə girmək istəyiblər. Şəhərin əli silah tutan minlərlə kişisi üsyanda öldürülüb. Hamilə qadınlar isə düşmən əlinə keçməmək üçün elə bu körpüdən özlərini çaya atıb, intihar ediblər. Gəncə, şəhərin yuxarı hissəsindən ağır top atəşinə tutulub. Amma şəhər düşmənə təslim olmayıb. Körpünün üstündəki döyüşlər daha qanlı olub. Elə özünün məhəbbəti ilə Ninonun qəlbini ovsunlayan Əlixan Şirvanşirin düşmənlə son döyüşü də burada olub. Şirvanşir qeyri-bərabər döyüşdə dostları ilə birgə düşmən qoşununun qarşısını burada kəsib, bu körpünün üstündə də həlak olub.

Qanlı-qadalı o illərdən yüz il yaxın vaxt ötüb. Bu vaxta qədər şəhərə atılan heç bir düşmən topu, mərmisi Gəncənin Xan çinarlarını quruda bilməyib. Ötən hər ildə Gəncənin Xan çinarları bir az da böyüyüb, qol-budaq atıb.

Gəncə çayının üstündə duran həmin körpü isə indi də əvvəlki görkəmi ilə “Əli və Nino” adlı böyük bir eşq dastanına bələdçilik edir. Kim bilir, bəlkə Əlini Ninodan ayıran bu körpünü elə Şirvanşirin ruhu qoruyur? Qoruyur ki, biz nə onları, nə də həmin tarixi unudaq...


ETİKET :  

Daha Çox