-- Adversting 9 --
-- Adversting 10 --

Əlilliyə görə pensiyalar niyə dayandırılıb? - Açıqlama

Vətəndaş: “Bunlar fikirləşmirmi ki, bu vətəndaş nə yeyir, nə ilə dolanır?”

23:31:12 | 2021-04-10

Əlillik dərəcəsinə görə pensiya alan vətəndaşlardan şikayətlər daxil olur. Şikayətçilərin sözlərinə görə, əlillik dərəcəsinin yenidən yoxlanması prosesi aylardır davam edir və onlar bu müddət ərzində pensiyalarını ala bilməyiblər.

Şikayətçilərdən Şair Məmmədov 3-cü qrup əlildir. Onun sözlərinə görə, fevral ayından “Forma 88”-i təqdim etsə də, yoxlama hələ də davam edir: “Gözümü bu pensiyaya dikmişəm. Mart ayını ala bilmədim, indi də aprel ayının pensiyası “bu gün verilər, sabah verilər” deyə gözləyirəm. Bunlar fikirləşmirmi ki, bu vətəndaş nə yeyir, nə ilə dolanır? Nazirlikdə dedim ki, qarşınızdayam, kommisiya baxsın, araşdırma aparılsın, nəticə də bəlli olsun. Dedilər ki, “sizlik bir lüzum yoxdur, gözləyin”. Nə qədər gözləmək olar?”.

GancaPost.info xəbər verir ki, AYNA portalı vətəndaşların şikayəti ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbova sual ünvanlayıb, yaranmış problemin səbəbini öyrənməyə çalışıb. O deyib ki, əlillik dərəcəsinin bitmə ərəfəsində vətəndaşlar qanunvericiliyin tələbinə uyğun olaraq müraciət etməlidirlər.

“Bəzi hallarda əlillik müddəti başa çatan şəxslər bu barədə məlumatsız olurlar. Onlarda olan sənədlərə əsasən bilməlidirlər ki, müddətli əlilliklərinin vaxtı nə vaxt bitir. Onlar həmin ərəfədə yenidən yerli səhiyyə müəssisəsinə gedib e-sistemə göndəriş göndərtməlidirlər və yenidən əlillik qiymətləndirilməlidir. Bu, qanunvericiliyin tələbidir”, - Nazirlik sözçüsü bildirib.

Əlilliyin yenidən qiymətləndirilməsinin nə qədər müddət davam etməsi ilə bağlı sualımızı isə Talıbov belə cavablandırıb: “Şəxs əvvəlcə tibb müəssisəsinə getməli, oradan “Forma 88” sənədi elektron göndərilməlidir. Sənəddə fərdi məlumatlar adsızlaşdırılır və 3 fərqli Tibbi Sosial Ekspert Komissiyasına (TSEK) qiymətləndirməyə göndərilir. Yekun qərar göndərişdə yazılanlardan və araşdırmadan asılı olaraq 1 (bir) ay və daha çox müddətə verilə bilər. Mübahisəli məqam olanda əyani müayinə üçün komissiya təşkil olunur və şəxs komissiyaya dəvət olunur”.


ETİKET :  

Daha Çox