-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

"KeşikçiDağ insidentindən dərs və nəticə çıxarmalıyıq"

"Nə edək ki, biz olaydan sonra ayılan Xalqıq..."

00:52:51 | 2019-07-16

Ötən gün Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Keşikçi Dağ” Məbəd-Kompleksində bir qrup gürcü ilə azərbaycanlı sərhədçilər arasında insident baş verib.
Gürcüstan vətəndaşının keçirdiyi aksiya əsnasında gürcülər Azərbaycan sərhədçilərinə hücum çəkərək, onların silah və güllə daraqlarını əllərindən alıblar. İnsidentin gürcü tərəfdən çəkilmiş videosu sosial şəbəkələrdə yayılıb.

Xəbərdə iddia olunur ki, Azərbaycan sərhədçiləri məbəddən ikonaları götürmələri yerli sakinlərin qəzəbinə səbəb olub. Videodan görünür ki, Azərbaycan sərhədçiləri narazılıq edən şəxslərə qarşı səbrlə davranıb, hadisəyə reaksiya vermirlər. Bundan başqa videodan görünür ki, etirazçılar arasında silahlı gürcü sərhədçi də gəzişir və olaya müdaxilə etmir.
Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) isə Azərbaycanla sərhəddə yerləşən "Keşikçidağ”la bağlı ölkə ictimaiyyətinə müraciət edib.

Nazirlik vətəndaşları Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyanın işinə mane olmamağa çağırıb.

Müraciətdə qeyd olunub ki, ötən gün sərhəddə baş verən kiçik insidentlə bağlı araşdırma aparılır.

Gürcüstan mətbuatında iddia edilib ki,  Azərbaycan sərhədçiləri bir neçə gün öncə məbəddən ikonaları çıxarıb gürcü ruhanilərinə veriblər və bunu onunla izah ediblər ki, məbəd Azərbaycan ərazisində yerləşir.
Baş verən hadisə ilə bağlı sosial şəbəkələrdə kəskin reaksiya verilib və müxtəlif şərhlər yazılıb.
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Nazim Bayram hadisə ilə bağlı sosial şəbəkələrdə açılan çoxsaylı müzakirələri nəzərdə tutaraq deyib:
“İstəməzdim bu hadisə növbəti "özümüzü qamçılama" kampaniyasına səbəb olsun, eyni zamanda nə "başımızın altına yastıq qoyaq", nə də insidentin miqyası böyüsün. Ancaq müəyyən dərslər və nəticələr çıxarmalıyıq”.
N.Bayramın sözlərinə görə, kadrlardan gürcü qrupun tərkibində və hərəkətində hibrid müharibə elementləri və metodları gözə çarpır:
“Kadrlarda gürcülər tərəfdən idmançı cüssəli gənclər, daha yaşlı, gur səsli kişilərdən ibarət psixoloji təsir qrupu, keşiş paltarlı birisi və aksiyanı çəkən xanım var. Yəni bunlar təsadüfən yığışmış ziyarətçi qrupu deyil, planlaşdırılmış aksiya həyata keçirən komplektləşdirilmiş təxribatçı dəstədirlər - artıq-əskik adam və hərəkətlər, ayaqüstü təşkilatlanma, kortəbii hərəkət koordinasiyası müşahidə olunmur, hər kəs bilir harada olmalıdır və nə edəcək. Koordinator aralarındadır.

“Keçikçi Dağ”da sərhəd şəraitini nəzərə alaraq, istisna etmirəm ki, sərhədçilərimiz bu qrupdan kimlərləsə tanış və kontaktda, normal insani münasibətlərdə olublar. Bu səbəbdən sərhədçi onu (onları) yaxına buraxıb, nə baş verdiyini anlayanda isə silah tətbiq etmək imkanından məhrum olub. Əlbəttə, belə halda təəcüblü deyil ki, gürcü sərhədçiləri hadisəni kənardan izləyiblər. Aksiya planlaşdırıldığı kimi keçirsə, niyə qarışsınlar ki...”.

Hərbi ekspert deyib ki, Azərbaycan Sərhəd dəstəsinin rəhbərliyi belə bir aksiya ehtimalını əvvəldən görməli və hazır olmalıydı:
“Sərhəd patrulu ayıq-sayıq, hazırlıqlı, psixoloji sabit, belə hallar üçün xüsusi təlimatlandırılmış sərhədçilərdən ibarə olmalı idi. Onlar qarşı tərəfin kütləvi aksiya təxribatını uzaqdan duymalı, zastavaya xəbər verməli, sərhədin qorunması üçün zəruri tədbirləri görüb, rəislərini gözləməli idilər. Siyasətçilər yuxarıda çox danışıqlar apara bilərlər, çox optimist bəyanatlar verə bilərlər. Lakin bunlar hərbçi üçün rəhbər göstərişlər deyil, sərhədçi öz işini Azərbaycan qanunlarına, Hərbi Nizam-İntizamnamələrə, Təlimatlara, rəislərin göstərişinə və şəraitə uyğun görməlidir - heç kimin ona yaxınlaşmasına imkan verməməli, qətiyyətli olmalı, qanunda göstərilən hallarda havaya xəbərdarlıq atəşindən sonra sərhəd pozucusu sərhədçinin tələblərinə tabe olmursa, pozucunun silahsız olduğunu nəzərə alaraq, şəraitə uyğun, ayaqlarına atəş aça bilər. Bunlar vaxtında olunmayanda, daha ciddi fəsadlara gətirir”.
Nazim Bayram bildirib ki, insidenti ümumiləşdirib, bütün sərhəd xidməti haqqında mənfi fikirlər söyləmək doğru olmaz:

“Konkret bu hadisənin konkret şəraiti nəzərə alınmalıdır - biz gürcülərlə düşmən deyilik, “Keşikçi Dağ”a əvvəl də ziyarətçilər gəlib... Bu səbəblərdən konkret sərhədçilərimiz konkret bir postda ayıq-sayıqlıqlarını itiriblər. Yəqin ki, cəzalandırılacaqlar. Yəqin ki, qarşı tərəfin hərəkətləri bundan sonra daha diqqətlə izləniləcək. 
Nə edək ki, biz olaydan sonra ayılan xalqıq, məsul şəxslərimizdə məsuliyyət hissi, qabaqlayıcı düşüncə, təşəbbüskarlıq qabiliyyəti zəifdir...”.

Qeyd edək ki, Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Keşikçi Dağ” Məbəd-Kompleksi "Gürcülər onu "David Qareci" kilsəsi adlandırır".

Son olay 2019-cu ilin mayında Gürcüstan prezidenti Salome Zurabaşvilinin Azərbaycan-Gürcüstan sərhədindəki bu əraziyə getməsindən sonra yaşanmışdı.

Prezident İlham Əliyev 2007-ci ilin 19 dekabrında Azərbaycanın Ağstafa rayonu ərazisində "Keşikçi Dağ silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksinin “Keşikçi Dağ” Dövlət Tarix-Mədəniyyət qoruğu elan edilməsi barədə sərəncam imzalayıb.


ETİKET :  

Daha Çox