-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Kəpəz”in keçmiş futbolçusu evində ölü tapıldı

“Kəpəz”in keçmiş futbolçusu evində ölü tapıldı.

22:17:16 | 2020-09-03

"Kəpəz" və "Neftçi" klubunun veteran futbolçusu Arzu Mirzəyev dünyasını dəyişib.

Sabiq yarımmüdafiəçi 58 yaşında vəfat edib. Onun səhər saatlarında yaşadığı evdə meyiti aşkarlanıb.

Qeyd edək ki, Arzu Mirzəyev 1979-1983-cü illərdə "Kəpəz"də, 1984-1991-ci illərdə “Neftçi”də forma geyinib. O, flaqmanın heyətində 181 oyun keçirib, 5 qol vurub. Mirzəyev futbolçu karyerasını bitirdikdən sonra "Kəpəz" və Gədəbəyin "Narzan" komandalarının baş məşqçisi də olub. O, son illərdə Gəncədəki "Təhsil" İdman Mərkəzində məşqçi işləyib.

Veteran futbolçunun ölümünün təfərrüatı da məlum olub.

"Arzu müəllim kirayədə tək yaşayırdı. Dünən axşam evə gəlib yatıb. Səhər açılanda ev sahibi nə qədər səsləsə də, cavab verməyib".

Bu fikirləri "Report"a açıqlamasında Gəncədəki "Təhsil" İdman Məktəbinin futbol bölməsinin baş məşqçisi İlham Səmədov "Neftçi" və Gəncənin "Kəpəz" klubunun veteran futbolçusu Arzu Mirzəyevin vəfatı barədə danışarkən deyib.

O bildirib ki, mərhumun öldüyü günorta saatlarında məlum olub: "Ev sahibi bizim məktəbin gözətçisidir. Günorta işdən qayıdandan sonra yenə Arzu müəllimi səsləyib. Bu dəfə də səs gəlmədiyindən özü yaxınlaşıb. Silkələyib oyatmaq istəyəndə görüb ki, bədəni buz kimidir, yatdığı yerdə keçinib".

Səmədovun sözlərinə görə, Mirzəyevin heç bir xəstəliyi olmayıb: "Hərdən yüngül ağrıları olurdu, belini tuturdu. Amma ciddi bir şeyi yox idi. Ölüm səbəbi infarktdır. Ürəyi dayanıb. Bədəni gömgöy idi".

Baş məşqçi sabiq yarımmüdafiəçinin İmamzadə Dini Kompleksində dəfn olunacağını söyləyib: "Arzu müəllim 3 dəfə ailə həyatı qurub. Hər üçü uğursuz alınıb. Bakıdakı ailəsinə xəbər vermişik. Görək nə deyəcəklər. Digər ailəsi isə Gədəbəydə yaşayır. 2003-cü il təvəllüdlü bir övladı var. Onlarla əlaqə yoxdur. Amma bir nəfər var, ona demişik, yəqin ki, tapacaq. Hazırda bacısı Gəncədədir. Mərhum sabah İmamzadə Dini Kompleksində ata-anasının yanında dəfn olunacaq".

Səmədov dəfn xərclərinin "Təhsil" İdman Məktəbi və "Kəpəz" klubu tərəfindən qarşılanacağını vurğulayıb: "Bacısı buradadır. Olmasa belə, məktəbin direktoru Ramil Qasımov, "Kəpəz" klubunun icraçı direktoru İlqar Nadiri, millət vəkili Müşviq Cəfərov öz köməyini əsirgəməyəcək. Nə lazımdırsa, birmənalı olaraq ediləcək".


ETİKET :  

Daha Çox