-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Kəpəz” AFFA üçün altıncı barmağa çevrilib

Kimlərsə “Kəpəz”in hesabına milyonçuya çevrilib...

17:07:33 | 2019-07-23

Atalarımızın məşhur bir məsəli, təfsilatı ilə demək yaxşı çıxmır. Birinci dəfə düşdüyün palçığa ikinci dəfə düşməməklə bağlıdı. Məsəli İsgəndər Cavadovdan uzaq olsun. Bizim çox hörmətli futbol veteranımız, Regional Futbol Federasiyasının prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü olan İsgəndər bəy 2013-cü ildə düşdüyü quyuya yenidən düşmək üzrədi.

Unudanlara yenidən xatırladım ki, 2013-cü ildə də AFFA İsgəndər bəyi Gəncəyə kurator təyin etmişdi. Cavadov “Kəpəz”in I diviziondan elitaya yüksəldilməsi prosesində həlledici fiqur olmalı, Gəncə futboluna ayrılacaq pulların xərclənməsinə nəzarət etməliydi. Həmin günlərdə Cavadovun verdiyi müsahibələrin birindən sitata baxaq: “AFFA prezidenti Rövnəq Abdullayev məni Gəncə futboluna kurator təyin etdi. Gəncə futbolunu, “Kəpəz”i əvvəlki vəziyyətinə qaytarmağa çalışacağıq. Bu komandanın mənim rəhbərliyim altında yüksək səviyyədə olmasını istərdim. Gəncədə şərait var. Gözəl şəhərdir, gözəl azarkeşləri, beynəlxalq hava limanı var. Pis vəziyyətdə olan stadionu tezliklə düzəltməyə çalışacağıq. Tapşırıblar, mən də veteran futbolçu kimi etimadı doğrultmağa çalışacağam. Çünki Gəncə, “Kəpəz”də görülməli olan işlər adımla bağlı olacaq. İstəyirik ki, “Kəpəz” yenidən yüksək liqada çempionluğa oynasın”.

Sonrası nə oldu? Bəli, Cavadov Gəncəyə getməkdən vaz keçdi. Təyin olunan vaxtda Gəncəyə yox, Fransaya yollandı. Özü də Hafiz Məmmədovun şəxsi təyyarəsiylə. Düz 6 il keçib. O zamandan bəri Azərbaycan futbolunda çox şey dəyişib. Artıq təyyarə seçimi məhduddu, ya AFFA-nın təklif etdiyi marşrut üzrə hərəkət edəcək, onların təyyarəsində göstərdikləri yerdə əyləşəcəksən, ya da ki, ayağın elə olduğun yerdə qalacaq. Təyyarəsi olanlar Azərbaycan futbolundan uzaqlaşdırılıb, onları top oyununa yaxın buraxmırlar. İsgəndər Cavadov da bu zəmanənin adamıdı, ona görə də indi Gəncəyə göndərilmək də onun üçün Paris səyahəti kimi bir şeydi.

Ötən 6 ildə dəyişməyən bircə şey varsa, o da “Kəpəz”in və Gəncə futbolunun vəziyyətidi. Yaxşılığa doğru heç nə dəyişməyib, irəliyə doğru bircə addım da atılmayıb. Kimlərsə “Kəpəz”in adı, ona ayrılan pulların hesabına milyonçuya çevrilib, özünə imarətlər tikdirib, bank hesabları açdırıb, adam olub adamlar içinə çıxıb. “Kəpəz” isə zirvə olmaqdan çoxdan çıxıb, göz dağına çevrilib. Mikayıl Nərimanoğluyla Şahin Diniyevi göndərdilər, tamah o qədər çox oldu ki, iş biabırçılıqla bitdi. Onları geri çağırıb Vaqif Sadıqovla İslam Abbasovu Gəncəyə ezam etdilər. İndi də sıra İsgəndər Cavadovla Yaşar Vahabzadəyə çatıb. “Kəpəz”ə, Gəncə futbolunun inkişafı adıyla ayrılacaq pulların həzm-rabedən keçirilməsinə yardımçı olmaq missiyası bu dəfə Cavadovla Vahabzadənin üzərinə qoyulub. Eyni ssenari, eyni sifarişçilər, eyni müsiqidi. Formallığı tam qorumaq üçün klubun fəaliyyətsiz Müşahidə Şurasına Gəncənin icra hakimiyyətinin başçısı Niyazi Bayramov rəhbər təyin olunub. Xatırlayaq ki, bundan əvvəl həmin postu icra başçısının oğlu Elmir Vəliyev tuturdu. Həmin dalğa, həmin koordinat...

“Kəpəz” AFFA üçün altıncı barmağa çevrilib. Kəssələr ağrıdır, qaldıqca da eybəcər görünür. “Kəpəz”siz olmur, yeri dərhal boş görünür, həm də ki, yaxşı “yağlı tikə”di. Amma bu dəfə də kiminsə boğazında qalacaq, buna şübhəniz olmasın.

Amal Abuşov

rekord.az


ETİKET :  

Daha Çox