-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

4 iyun Gəncə hadisələrindən 26 il ötür

4 iyun 1993-cü il Gəncə hadisələri qardaş qırğını olaraq millətimizin utanc yaddaşıdır.

01:46:59 | 2019-06-04

GancaPost saytı xatırladır ki, 26 il əvvəl iyunun 4-də AXC hakimiyyəti Gəncədə yerləşən Surət Hüseynovun nəzarətində olan 709-cu briqadanın Müdafiə Nazirinin əmrlərinə guya tabe olmaması (4 iyunla bağlı yaradılmış deputat-istintaq komissiyası belə bir fakt aşkarlamadı) bəhanəsini qondararaq, 4 iyun 1993-cü ildə 709 briqadasına qarşı «Tufan» kod adlı təxribatı həyata keçirdilər. Hər iki tərəfdən 35 nəfərin həlak olması ilə nəticələndi. Prezident Əbülfəz Elçibəyin tapşırığı ilə Gəncəyə göndərilmiş “Tufan” əməliyyatını həyata keçirən Respublikanın baş prokuroru İxtiyar Şirinov, Milli Təhlükəsizlik nazirinin 1-ci müavini Sülhəddin Əkbər, Daxili İşlər Nazirinin 1-ci müavini Qabil Məmmədov, Kənd Təsərrüfatı naziri Tofiq Hüseynov və başqa yüksək rütbəli çinovniklər girov götürülmüşlər.

Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırdı, ölkədə vətəndaş müharibəsi təhlükəsi yarandı. Bu hadisədən sonra Surət Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində AXC-nin yerli hakimiyyət strukturlarını devirərək Bakıya doğru hərəkət etməyə başladı. Respublika rəhbərliyi vəziyyətdən çıxış yolu kimi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etdi. İyunun 9-da Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev prezident Əbülfəz Elçibəyin dəvəti ilə Bakıya gəldi. Həmin gün Milli Məclis Gəncə hadisələrində iştirak etmiş şəxslərə amnistiya verilməsi və Gəncə hadisələrinin araşdırılması üçün deputat-istintaq komissiyasının yaradılması haqqında qərarlar qəbul etdi.
Gəncə hadisələri ilə bağlı iyunun 13-də AXC iqtidarının ikinci şəxsi, parlamentin sədri İsa Qəmbər istefa verdi. Prezident Elçibəy və digər hakimiyyət mənsubları parlament sədri postunu Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə təklif etsələr də, o, mövcud vəziyyəti bilavasitə öyrənmək üçün Gəncəyə gedəcəyini və yalnız bundan sonra təklifə cavab verəcəyini bildirdi. Heydər Əliyev bir qrup jurnalistin müşayiəti ilə həmin gün Gəncəyə yola düşdü.
İyunun 15-də isə Milli Məclisin iclasında prezident Əbülfəz Elçibəyin təklifi ilə Heydər Əliyev parlamentin sədri seçildi.
İyunun 17-də isə Prezident Əbülfəz Elçibəy respublika rəhbərliyindən heç kimi xəbərdar etmədən gecə ikən bir qrup AXC fəalı ilə Bakını tərk edərək Naxçıvanın Ordubad rayonunun Kələki kəndinə getdi. Bu, ölkədə hakimiyyət böhranını daha da dərinləşdirdi və iyunun 18-də televiziya ilə ölkə əhalisinə müraciət edən Ali Sovetin sədri Heydər Əliyev respublikaya rəhbərliyi öz üzərinə götürdü.
Elçibəyin qayıtması üçün aparılan danışıqlar bir nəticə vermədiyindən iyunun 24-də Milli Məclisin qərarı ilə prezident səlahiyyətləri Heydər Əliyevə verildi. Və bu təyinat Gəncə hadisələrindən sonra ölkədə yaranmış böhranı qismən aradan qaldırdı.


ETİKET :  

Daha Çox