-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

İspanlar Gəncəyə nə üçün gəlmişdilər? - ARAŞDIRMA

İspanlar Gəncəyə nə üçün gəlmişdilər? - ARAŞDIRMA

03:36:31 | 2019-01-03

Gəncənin ‘Daş Körpü’ adlanan ərazisində yerləşən qəbristanlıqda yan-yana düzülən 19 qəbir var. Bir-birindən fərqlənməyən bu məzarlar İspan pilotlarına aiddir. Bəs necə olub ki, İspan pilotlarının qəbirləri Gəncədədir?

‘1938-ci ilin iyun ayı idi. Kursant Xulian De La Rossa ukraynalı təlimatçı Derkaç ilə birgə təlim keçirdi. ‘UTİ-4’ markalı təyyarə onlar tərəfindən yerə endirilməli idi. Elə bu vaxt çox da böyük olmayan hündürlükdə təyyarə alışıb yanmağa başladı. Təlimatçı kursanta dərhal paraşütlə tullanmaq əmri verdi. Kursant əmri eşitsə də, yerindəcə donub qaldı. Saniyələr keçirdi, dayanmaq olmazdı. Nəhayət, təlimatçının təhriki ilə kursant paraşütlə tullandı. Xulian De La Rossa həyatını təlimatçının sayəsində xilas etmiş oldu. Təlimatçı Derkaç isə hadisədən sağ çıxmadı’. Gəncə səmasında baş verən faciəli hadisə barədə qeyd o vaxt 19 yaşı olan kursant Fernando Eskamilyanın xatirə dəftərindəndir. O bu hadisənin şahidlərindən biri idi.

1937-ci ildə İspaniya Respublikası ilə SSRİ arasında aparılan danışıqlar nəticəsində, İspan kursantların SSRİ-dəki Aviasiya məktəblərində pilotluq öyrənmələrinə razılıq verilir.

Anlaşma nəticəsində, Sovet höküməti, 1937-ci ilin yanvarında, Gəncədə 20 saylı Hərbi Pilot Məktəbi açır. Məktəbin inşası üçün sərf edilən 3,5 milyon rubla yaxın məbləğ də yenə İspan höküməti tərəfindən qarşılanır. Onu da qeyd edək ki, məktəb sadəcə ispan kurslantlar üçün nəzərdə tutulurdu.

Həmin dövrdə, artıq İspaniya səmalarında uçmuş sovet pilotları, Gəncə şəhər 20 saylı Hərbi Pilot Məktəbinə göndərilməyə başlanmışdı.

1 fevral 1937-ci ildə, 193 ispan kursant artıq Gəncədə təlimlərə başlamışdı. Onlara 5 ay müddətində nəzəri aerodinamika, hücum taktikaları, hava döyüşləri, pilotçuluqdan xüsusi biliklər öyrədilirdi. 1937-39-cu illər arasında, məktəb toplamda 5 dəfə, hərəsində ortalama 100 pilot olmaqla, məzun verir.

Onu da qeyd etmək lazımdır ki, sovet hərbi pilot məktəblərində təhsil almış 700-dən artıq ispan kursantın, 500-dən çoxu məhz Gəncədə oxumuşdur. Onlardan biri də, dövrün İspaniya baş naziri, Xuan Neqrinin oğlu Romulo Neqrin idi.

2-ci Dünya Müharibəsi başlayanda, SSRİ-də qalmış pilotların demək olar ki, yarısı aktiv olaraq hərbi fəaliyyətlə məşğul idi. Onlar Moskvanın, Odessanın, Stalinqradın o cümlədən Bakının da hava hücumundan müdafiəsində iştirak etmişdirlər. Bu pilotlardan ən az 25 nəfəri, müharibə zamanı cəbhədə – döyüşlərdə və ya digər səbəblərdən öz ölkələrinə qayıda bilməyərək, SSRİ ərazisində dünyalarını dəyişmişdir.

SSRİ-də qalan pilotların bəziləri isə, daha sonra ölkəni tərk etmək istəsələr də, 2-ci Dünya Müharibəsinin başlaması ilə birlikdə, müxtəlif bəhanələrə onlara çıxış imkan verilməmişdir. Daha sonra, həmin kursantlar, zorla fabriklərdə, hərbi sənayeyə bağlı zavodlarda işləməyə məcbur edilmişlər. Dövrün arxiv materiallarından aydın olur ki, 2-ci Dünya Müharibəsi zamanı, onlardan 30-a yaxını müxtəlif səbəblərdən həbs olunaraq, QULaqlara göndərilmiş, onlardan bəziləri də elə orada xəstəlik və s. səbəblərdən dünyalarını dəyişmişlər.

Gəncədə dəfn olunan İspan pilotlar əsasən 1937-38-ci illərdə dünyasını dəyişənlərdir. O vaxt Gəncə Aviasiya Məktəbində keçilən təlimlər olduqca çətin və riskli olub. Bəzi mənbələrdə göstərilir ki, Gəncədə məzarları olan ispan təyyarəçilər məhz həmin təlim uçuşları zamanı həlak olub və başqa adlarla dəfn ediliblər. Məsələn, üzərində Georgi Sinorin yazılan qəbir əslində Fransisko Fernandes adlı təyyarəçiyə məxsusdur.

Onu da qeyd edək ki, Azərbaycan ərazisində, həyatını itirmiş İspan pilotların məzarları hazırda Gəncə və Bakı şəhərində yerləşməkdədir.

GencePost.com


ETİKET :  

Daha Çox