DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytanantı Eşqin Qasımov açıqlamasında bildirib ki, vətəndaş Kamil Zeynallı dünən axşam saatlarında işğaldan azad olunmuş Kəlbəcər rayonuna getmək istəyib: “Bununla bağlı Göygöl rayonunun Toğanalı kəndində yerləşən polis stasionar postuna yaxınlaşaraq Kəlbəcər rayonuna getmək istədiyini bildirib.
Polis əməkdaşları ona hazırda Kəlbəcər rayonuna mülki şəxslərin buraxılmasının qadağan olduğunu, yalnız xüsusi icazəyə malik aidiyyatı dövlət qurumlarının əməkdaşlarının gedə biləcəyini izah edib. Lakin buna baxmayaraq vətəndaş Kamil Zeynallı öz məqsədini israrla təkid edərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb.
Məhkəmənin qərarı ilə vətəndaş Kamil Zeynallı barəsində 30 sutka müddətində inzibati həbs seçilib”.
Qeyd edək ki, Kamil Zeynallı Azərbaycanın məşhur fitnes məşqçisidir. Bir çox telelayihələrin aparıcısı olub.