-- Adversting 9 --
-- Adversting 10 --

“İcra Hakimiyyəti yanında İctimai Şuralar formal xarakter daşıyır”

"İctimai Şuraların effektivliyindən, ictimai nəzarətini təmin etməkdən danışmaq mümkün deyil"

17:57:27 | 2021-06-29

Son zamanlar mərkəzi və yerli İcra Hakimiyyəti orqanlarının yanında İctimai Şuraların formalaşdırılması prosesi sürətlənib. Nazirliklərdə, komitələrdə, rayon İcra hakimiyyətlərində seçkilər keçirilir və vətəndaş cəmiyyətinin nümayəndələrindən, jurnalistlərdən ibarət İctimai Şuralar yaradılır.

İctimai Şuraların funksiyaları nədir? Şuralar dövlət orqanlarında ictimai nəzarəti həyata keçirə bilirmi?

2014-cü ilin yanvarın 19-da Prezident İlham Əliyev «İctimai iştirakçılıq haqqında» Qanunu imzalayıb.

Həmin qanuna görə əsasən dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçiriməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərkəzi İcra Hakimiyyəti orqanlarının, yerli İcra Hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakı nəzərdə tutulur. İctimai Şura isə bu Qanunda nəzərdə tutulmuş məqsədlərin həyata keçirilməsi üçün mərkəzi və yerli İcra Hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan məşvərətçi qurumdur.

"Vətəndaş Hüquqları İnstitutu"nun rəhbəri Bəşir Süleymanlı bildirib ki, hakimiyyətin yeni komandası formalaşdıqdan sonra Prezidentin köməkçisi tərəfindən mərkəzi icra hakimiyyətləri ilə iclas keçirildi və orada İctimai Şuraların formalaşdırılması ilə bağlı müzakirələr aparıldı. «Bundan sonra İctimai Şuralar başladı ya yaranmağa, ya da yenidən formalaşdırılmağa».

Ekspert deyir ki, İctimai Şuralar qanunvericilikdə nəzərdə tutulan kimi formalaşdırılıb və bu istiqamətdə fəaliyyət göstərsə bu, ictimai nəzarətini təmin etmək üçün normaldır. «Amma Azərbaycan reallıqlarında bu belə deyil. Ümumiyyətlə vətəndaş cəmiyyətinin fəaliyyəti əgər məhdudlaşıbsa, seçkilər saxtalaşdırılırsa heç kim təminat verə bilməz ki, İctimai Şuralara keçirilən seçkilər şəffafdır və orada hər kəsin təmsilçiliyi təmin olunur».

Hüquq müdafiəçisi qeyd edib ki, İctimai Şuraların tərkibinə baxanda heç də orada bütün tərəflərin təmsilçiliyini görmək mümkün deyil. «Vaxtilə İctimai Şuralda təmsil olunan və yaxud da təmsil olunmayan amma hakimiyyətə yaxın olan QHT rəhbərləri var ki, son dövrlər onlar da məsələ ilə bağlı narazılıqlarını ifadə edir. Bu onu göstərir ki, yeni formalaşan Şuralar da formal xarakter daşıyır və orada hər kəsin təmsilçiliyi təmin olunmur. Köhnə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin nəzarətində olan QHT-ləri kənarda qoyurlar, yerlərinə isə yeni komandanın əhatə etdiyi şəxslərlə təmsilçiliyini təmin edirlər».

B.Süleymanlı deyir ki, belə olan halda İctimai Şuraların effektivliyindən, ictimai nəzarətini təmin etməkdən danışmaq mümkün deyil.


ETİKET :  

Daha Çox