-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Əhməd Cavadın Gəncənin Sərdar Bağında dediyi məşhur şeiri - SUSMARAM

GəncəPost portalı İstiqlal şairi Əhməd Cavad haqqında maraqlı bir faktı təqdim edir:

17:00:15 | 2019-03-10

1937-cı ildə repressiyanın çağlayan vaxtlarında Əhməd Cavad vaxtilə Gəncədə Kənd Təsərrüfatı İnstitutunda bir yerdə işlədiyi müəllim yoldaşıyla Gəncənin Sərdar bağında gəzişirmiş. Ordan-burdan danışan Əhməd Cavad daha sonra müəllim yoldaşından bir xahiş edir...

Deyir ki, indi sənə bir şeir deyəcəm, onu əzbərlə və yadında saxla. Zamanı gələndə şeiri övladlarıma çatdırarsan. Müəllim şairin sözlərinə əməl edir. Şeiri əzbərləyir və yadında saxlayır.

Bu görüşdən 3 ay sonra 1937-ci ilin oktyabr ayında Əhməd Cavadı həbs edirlər. 15-20 dəqiqə sürən “məhkəmə”ylə İstiqlal şairi güllələnir...

Şairin müəllim yoldaşı uzun bir ömür yaşayır. Şeiri də heç kəsə söyləmədən onun yaddaşında qalır. Ta 1988-ci ilə kimi. Ölümünə bir az qalmış müəllim oğlunu yanına çağırır və şeiri öz oğluna deyir. Şeiri kağıza yazdırır və deyir ki, bu şeiri Əhməd Cavadın ailəsinə çatdırın. İtib batmasın bu şeir. “SUSMARAM!!!” bu dəfə oğulun hafizəsinə köçür.

90-cı illərdə təhlükənin sovuşduğunu görən oğul - Fazil Məmmədov şeiri ara-sıra məclislərdə səsləndirir. Nəhayət, şeiri 90-cı illərdə Əhməd Cavadın oğlu Yılmaz Axundzadəyə çatdırır.

70 ildən sonra üzə çıxan şeir budur:

SUSMARAM!!!

Mən bir qulam, yük altında əzilmişəm, qardaşım,

Sevinc bilməz bir məhkumam, ahu-zardır sirdaşım...

Damğa vurub, zəncirləyib tullamışlar zindana,

Qarlı-buzlu cəhənnəmlər məskən olmuşdur mana...

 

Mənə «dinmə, sus!» - deyirsən, nə vaxtacan susacam?

Böhranların, hicranların məhbəsində qalacam?!

Niyə susum, danışmayım, insanlıqda payım var,

Mənim ana Vətənimdir talan olan bu diyar?!

 

Niyə susum, danışmayım, türk yurdudur bu torpaq?!

Oğuzların, Elxanların Vətənində kimdir bax!

Susmayacam!!! Qoy atsınlar yük altında ölüncə

Təhqirlərə dözə-dözə düşmən mənə gülüncə...

 

Süd verərkən doğma anam belə demişdir mənə:

Səni qurban bəsləyirəm türk yurduna - Vətənə!

Bu dünyada azadlığı şan-şöhrətdən üstün tut,

Alçaqlığı, yaltaqlığı, rəzilliyi sən unut!

 

Sənin sevgin Vətən olsun, millət olsun, mən olum,

Südüm sənə haram olsun xəyanət etsən, oğlum!

Necə susum, danışmayım, mən eləyim xəyanət?

Hanı sevgi, hanı Vətən, de harada qaldı millət?!

 

Mən bir qulam, yerim altun, suyum gümüş, özüm ac...

Atam məhkum, anam salih, elim hər şeyə möhtac!

Dil yaranıb danışmağa mən danışa bilmirəm,

Aç qəlbimi, yar sinəmi ciyər vərəmdir-vərəm...

 

Koramal tək sürünməkdə denən varmıdır məna?

Nə vaxtacan çörək üçün girək hər alçaq dona?

Mən Türk övladıyam, dərin əqlim, zəkam var,

Nə vaxtacan çiynimizdə gəzəcəkdir yağılar?

 

Nə qədər ki, hakimlik var, məhkumluq var, mən varam!

Zülmə qarşı üsyankaram, əzilsəm də SUSMARAM!!!


ETİKET :  

Daha Çox