-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Əhməd Cavadın doğulduğu kənddə adına heç nə yoxdur

Əsərləri dövlət varidatı hesab edilən şairin doğulduğu kənddə adına heç nə yoxdur.

23:00:48 | 2019-09-16

Azərbaycanın İstiqlal şairi dedikdə yadımıza ilk növbədə himnimizin müəllifi Əhməd Cavad düşür. Əsərləri dövlət varidatı hesab edilən şairin adının əbədiləşdirilməsi istiqamətində bir sıra işlər görülüb. Adına parklar, küçələr salınıb. Lakin doğulduğu Şəmkir rayonunun Mehrili kəndində Əhməd Cavadın adını andıran heç bir yazı, barelyef, büst yoxdur.

GancaPost saytı xəbər verir ki, Sputnik-in əməkdaşı həmin kənddə olub və bir vaxtlar onun doğulub boya-başa çatdığı yurd yerini tapıb.
Hazırda Əhməd Cavadın ata-baba yurdu hesab edilən ərazidə köhnə, qəzalı vəziyyətdə olan və heç kimin yaşamadığı bir ev var. Bir çoxları buranı şairin doğulduğu ev kimi təqdim etsələr də, sakinlər sadəcə bu evin yerləşdiyi həyətdə bir vaxtlar onun evi olduğunu bildiriblər. O, repressiya qurbanı olduqdan sonra yaşadığı ev dağıdılıb. Bu haqda kənd sakini Sabir Əliyev danışıb:

“Repressiya qurbanı olduqdan sonra şairin evinə heç kim yaxın düşə bilmədi. Baxımsız qalan ərazi ötən əsrin 50-ci illərində Qəmbər adlı kənd sakininə ev yeri kimi verilib və hazırda da həmin kişinin övladlarının mülkiyyəti sayılır. Uzun müddətdir onlar burada yaşamadığından ev uçub-dağılıb, qəzalı vəziyyətə düşüb”.

S.Əliyev babasının Əhməd Cavadla həmyaşıd olduğunu, şair haqda həmişə öz babasından eşitdiyini söyləyib.

“Babam deyirdi ki, uşaq vaxtından kənddən çıxsa da, kəndlə əlaqəni kəsməzmiş. Mehrilidə onlarla gəncin ali təhsil almasına kömək edib. Lakin indi kənddə şairin adını əbədiləşdirən heç bir şey yoxdur. Kiçik oğlunun sağlığında söhbət gəzdi ki, burada muzey açacaqlar. Sonra qərara gəlindi ki, kəndin yaxınlığında, Altıbarmaq deyilən ərazidə adına bağ salınıb, muzey tikilsin. Amma torpaqların paylanmasıyla o fikir də ləğv olub getdi”, - deyə təqaüdçü müəllim təəssüflə qeyd edib.

Mehrili kənd bələdiyyəsinin sədri Röyal Qasımov da kənddə şairin adını daşıyan heç bir heykəl, büst, barelyef olmadığını etiraf edib. Onun sözlərinə görə, yalnız kəndin ən uzun küçəsi Əhməd Cavadın adını daşıyır.

Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsinin nümayəndəsi Cavanşir Pirverdiyev həmin ərazidə şairin yurd yerinin rəsmi olaraq qeydə alınması və ya orada hansısa işlərin görülməsi ilə əlaqədar bunları söyləyib:

“Bu gün Mehrili tirəsi Mədəniyyət Nazirliyi tərəfindən Əhməd Cavadın anadan olduğu yer kimi qeydə alınıb. Lakin şairin doğulduğu ərazi başqa adamın adına olduğundan məsələ hələ ki, mübahisəli olaraq qalır. Onun adını əbədiləşdirmək məqsədilə Şəmkir rayonunda abidə, məktəb və küçə mövcuddur. Gələcəkdə şairin anadan olduğu əraziylə bağlı yerli İcra Hakimiyyəti və Mədəniyyət və Turizm Nazirliyi müəyyən işlər görmək istəyir”.

Ümid edək ki, tezliklə şairi sevənlər Mehrili kəndinə gələndə onun yurd yerində Əhməd Cavad adı ilə bağlı heç olmasa bir tikili, bir yazı lövhəsi və ya bir abidə görə biləcəklər.


ETİKET :  

Daha Çox