Gəncənin Hacıkənd qəsəbəsində tikilən evlər ölkəmizin tarixinin müəyyən səhifələrini özündə əks etdirir. İndi uçub-dağılan, xarabalığı xatırladan tikililərin iki əsrə yaxın yaşı var.
İlkin məlumatlara görə, Hacıkənd qəsəbəsində təxminən 50-dən artıq belə ev olub. Bu tikililərin vaxtı ilə yaşamış varlı bəylər, hacılar tərəfindən inşa olunduğu, daha sonralar çar imperiyasının qubernatorlarının istirahət məkanına çevrildiyi, sovetlər dönəmində isə məktəblilər üçün istirahət düşərgələri olması bildirilir.
Problemin ən ağrılı tərəfi isə uzun illərdir, bu binaların restovrasiyasını həyata keçirəcək qurumun tapılmamasıdır. Çünki tarixi binaların heç biri Mədəniyyət Nazirliyi tərəfindən qeydiyyata alınmayıb.
Məsələ ilə bağlı BakuTV-yə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin məsul əməkdaşı Nərminə Məmmədova bildirib ki, Gəncə şəhər Hacıkənd qəsəbəsində olan tarixi abidələr dövlət qeydiyyatına alınmayıb. Tikililərin hansı qurumun balansında olması haqqında məlumat bizdə yoxdur.
Ümid edirik ki, yerdə qalan tarixi binalar da məhv olmamış bərpa olunar. Hər halda, iki əsrin yadigarı olan tikililərin əvvəlki görkəminə qaytarılması Hacıkəndin füsunkar təbiəti ilə yanaşı, onun tarixi abidələrini görmək istəyən turistlərin də sayını artıra bilər.