-- Adversting 9 --
-- Adversting 10 --

Göz yaşlarıyla dolu Gəncə Şəhidlər Xiyabanı...

Göz yaşlarıyla dolu Gəncə Şəhidlər Xiyabanı...

23:49:55 | 2021-07-11

İrəli addımladıqca şəhid analarının ah-naləsi, hönürtü səsləri gəlir. İlahi, bu dərd necə ağırdır. Birisi balasını oxşayır, birisi laylay çalır, birisi məzar daşına sarılıb, qalıb. Məzar daşlarında gözlərində nur, Vətən üçün canlarından keçən igidlər baxır.

Bir-bir məzarlara baxıram, düzü, heç birinə ölüm yaraşmır. Fotolarda o qədər xoşbəxt görünürlər ki... Amma hamısı ikinci Vətən Müharibəsində şəhid olub. Aradan aylar keçsə də, yaralar sağalmır. Sağalmayacaq da...

Ağırdır övlad dərdi. Müsahiblərimin biri demişdi ki, atasını, anasını, qardaşını, bacısını dəfn edib, bu qədər ağrı yaşamayıb. Övladının ölümü isə qəddini əyib. Şəhidlər Xiyabanı, Gəncənin 4 saylı qəbiristanlığında yerləşir.

Sakinlərin sözlərinə görə, bu günə qədər Gəncə şəhəri yüzlərlə şəhid verib. Təkcə İkinci Vətən Müharibəsində 120-dən çox şəhid olub. Şəhidlər Xiyabanında Gəncə şəhidlərinin xatirəsinə kompleks ucaldılıb.

“Mən sənsiz necə yaşayım ay balam, həyatımı alt-üst etdin. Balamın arzuları vardı. Nakam qaldı, canım oğlum, anan sənsiz necə yaşasın, necə nəfə alsın?”- deyə şəhid Orxan Həsənovun anası məzarı başında nalə çəkir.

“Arzuları ürəyində qalan oğul. Bəs mən sənsiz necə yaşayım? Yuxularıma da gəlmirsən ki, sakitləşim. Bəs məni niyə düşünmədin ay balam, ay oğlum, anan ölsün, ay oğul” - deyə şəhid Asimin anası göz yaşı tökür.

Bəziləri isə sadəcə bu dərdə ortaq olmaq üçün gəlir. Saçını başını yolan anaları sakitləşdirir. Anaları, yaxınları olan şəhidlər yad edilir. Naməlum şəhidləri isə, öz övladlarının məzarı başına gələn analar məzarlarına su tökərək yad edir. Gəncədə 47 naməlum şəhid məzarı var.

Vətən uğrunda canından keçən bütün şəhidlərimizə uca Tanrıdan rəhmət diləyirik, ruhları şad olsun. Ailələrinə və xalqımıza baş sağlığı diləyirik.

İlahin


ETİKET :  

Daha Çox