-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncəyə universitetlər köçürülə bilər?

Universitetlər Bakıdan kənara köçürülür

13:10:15 | 2019-12-02

Bakının Baş Planında ali təhsil müəssisələrinin köçürülməsi planlaşdırılır.
Bu barədə Bakı şəhərinin Baş Planı üzrə yanaşmaların müzakirəsi zamanı çıxış edən Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova bildirib. Onun sözlərinə görə, şəhərin mərkəzində olan ali təhsil müəssisələrinin nəqliyyat problemlərinin həlli nəzərə alınaraq bir az kənara köçürülməsi və orada daha yaxşı, böyük şəraitin yaradılması məqsədəuyğundur.
Rektor onu da vurğulayıb ki, əgər universitetlər Xocasən gölünün ətrafına köçürülərsə, bu zaman oradan metro xəttinin keçməsi də çox vacibdir.
Qeyd edək ki, paytaxt Bakıdan universitetlərin köçürülməsi məsələsi uzun illərdir ki, mətbuatda müzakirə olunmaqdadır. Bundan əvvəl bir neçə dəfə universitetlərin Gəncə və Qəbələyə köçürülməsi ilə bağlı təkliflər də irəli sürülüb. Təkcə universitetlərin deyil, bəzi dövlət orqanlarının da bu regionlara (Gəncə, Qəbələ) köçürüləcəyi ilə bağlı iddialar olub.
Məlum məsələdir ki, böyük universitetlərin əksəriyyətinin Bakının mərkəzində yerləşməsi şəhər üçün böyük yük yaradır. Mütəxəssislər bildirir ki, bu yükdən azad olmaq üçün universitetlərin şəhərdən kənara və regionlara köçürülməsi mütləqdir. Lakin bunun üçün maddi-texniki baza, maliyyə vəsaiti, digər texniki məsələlər kompleks şəkildə öz həllini tapmalıdır.
Dünyanın inkişaf etmiş ölkələrinin demək olar ki, əksəriyyətində ali təhsil müəssisələri paytaxtın mərkəzində yerləşmir. Bu, həm tələbələrin mikromühitinin formalaşması, həm də şəhərin sıxlığının azalması, paytaxtdan kənarda olan sektorların inkişafı baxımından əhəmiyyətli sayılır.
Lakin bəzi mütəxəssislər universitetlərin Bakıdan uzaq regionlara köçürülməsini birmənalı qarşılamır. Qeyd olunur ki, bölgələrdə mədəni, iqtisadi infrastruktur yetərli səviyyədə deyil.
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a danışıb.
Ekspert qeyd edir ki, universitetlərin paytaxtın mərkəzində olması bir sıra problemlər yaradır:
“Paytaxtın mərkəzindəki universitetlərdə təhsil alan tələbələrin sıxlığı ucbatından tıxac problemi yaranır. Bu birmənalı şəkildə belədir ki, artıq universitetlər bu qədər tələbəni məkan olaraq götürə bilmir. Məsələn, mərkəzdə, insanların ən çox sıx olduğu, nəqliyyatın aktiv hərəkət etdiyi ərazidə yerləşən Azərbaycan Pedaqoji Universiteti - bu universitet ”Sahil" metro stansiyasının, İqtisad Universiteti “İçərişəhər” metro stansiyasının yaxınlığında yerləşir. Eləcə də Dillər və Slavyan Universitetləri də nəqliyyatın aktiv olduğu ərazidədir. Beləliklə də nəqliyyatın sıx olduğu ərazidə tələbələr ya öz şəxsi avtomobilləri ilə, ya da digər nəqliyyat vasitələrindən istifadə edir, nəticədə hərəkət çoxluğu yaranır".
Ekspert digər məsələlərə də toxunub:
“Digər tərəfdən, Azərbaycan dünyaya inteqrasiya edir. Artıq tələbələrin kampusları olmalıdır. Amma paytaxtın mərkəzindəki universitetlərin buna imkanı yoxdur. Mütləq şəkildə tələbələrin yataqxana, kitabxana, məişət-iaşə məsələləri həll olunmalıdır.
Hazırda universitetlərin infrastrukturları dövrün tələblərinə cavab vermir, yəni maddi-texniki baza, inzibati bina yenilənməlidir. Qeyd edim ki, bütün bunları paytaxtın mərkəzində həyata keçirmək baha başa gələ bilərdi.
Universitetlərin şəhərin mərkəzindən kənarlara köçürülməsi ilə bağlı layihələr inkişaf etmiş ölkələrdə uzun illərdir ki, həyata keçirilir. Qonşu Türkiyədə universitetlərin çoxunun tələbə şəhərcikləri var. Bu tip tələbə şəhərcikləri tələbələrin təhsili, istirahəti və yaşaması üçün bütün sosial obyektlərlə təmin olunub. Avtomobili olmayan tələbələr isə aylıq ödəniş etməklə, xüsusi avtobuslarla universitetə gedib gələ bilərlər. Belə ki, deyilən şərait yaradılacağı halda tələbələr əlavə vaxt itkisinə yol verməyəcəklər. Çünki kitabxana və yataqxana üçün başqa yerlərə getməyəcəklər. Məlum olduğu kimi, universitetdən çıxaraq qaldıqları yerə, kitabxanaya getmək kimi işlər artıq vəsait və vaxt tələb edir. Universitetlərin kampus şəklində bir çətir altında toplanması isə tələbələrin ciblərinə müəyyən dərəcədə xeyir verəcək. Düşünürəm ki, bu, yaxın vaxtlarda reallaşa bilməz. Çünki neftdən gələn gəlirlər ciddi şəkildə azaldığı, dövlət büdcəsində müəyyən ixtisarlar həyata keçirildiyi üçün bu tipli iri tutumlu layihələrin reallaşması yaxın illərdə mümkün deyil. Hesab edirəm ki, əgər bu layihə reallaşsa, ilk növbədə bir-birindən uzaq məsafədə tədris binaları olan universitetləri vahid bir yerə köçürmək mümkündür. Bu tipli ali təhsil müəssisələri İqtisad Universiteti, Dillər Universiteti, Slavyan Universiteti və Pedaqoji Universitetidir. Məhz bu ali təhsil müəssisələri şəhərin mərkəzində yerləşir və tıxacların yaranmasına səbəb olur.
Həmçinin düşünürəm ki, Memarlıq və İnşaat Universiteti, Texniki Universitet daha çox texniki zonada olmalıdır. Məsələn, Sumqayıtda prezidentin sərəncamı ilə iqtisadi zona, texniki mərkəz yaradılıb. Və yaxud Dənizçilik Akademiyasını Ələtdə dənizlə bağlı yaradılan əraziyə köçürmək lazımdır. Və yaxud Tibb Universitetinin tələbə kontingenti böyükdür və onu Qəbələyə köçürmək olar, çünki Qəbələnin təbiəti gözəldir. Bəzən deyirlər ki, regionlarda infrastruktur yoxdur. İnfrastrukturlar yavaş-yavaş formalaşacaq. Xatırladım ki, regionların iqtisadi inkişaf proqramı var. Bu, regionların inkişafına, əlavə iş yerlərinin açılmasına gətirib çıxaracaq. İqtisadiyyat, Pedaqoji, Dillər Universiteti paytaxtın mərkəzindədir və infrastrukturlarını böyüdə bilmirlər. Eyni zamanda bir az öncə qeyd etdiyim kimi, tıxac məsələsi yaranır, universitetlərin kitabxana və yataqxana problemi mövcud şəraitdə uyğunlaşmır, inzibati binalarla bağlı çətinliklər çəkirlər. Ona görə də yeni universitet yaratmaq lazımdır.
Bunun üçün də o qədər də böyük vəsaitə ehtiyac yoxdur. Universitetlərin özləri də gəlir əldə ediblər".


ETİKET :  

Daha Çox