-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncə sakini: 3 yaşlı oğlumla qalmışam çarəsiz

“Əlil olandan sonra həyat yoldaşım tərk etdi”

19:46:08 | 2020-05-07

“3 yaşlı oğlumla qalmışam çarəsiz. Yoldaşım atıb gedib. Anamla yaşayıram. O, əqli problemli, mən də əlil. Uşaq qalıb baxımsız. Pulum olsa, normal müalicə olunsam, bəlkə hər şey yaxşı olar. Ancaq yoxdur”.

38 yaşlı Gəncə sakini Ülviyyə Alıyeva belə deyir. Başına gələnləri danışan Ülviyyə 4 il əvvəl ailəsinin istəyi ilə bibisi oğlu ilə evləndirildiyini söyləyir. Deyir, ilk zamanlarda hər şey qaydasında olub. Ancaq Azərbaycan mentalitetindən irəli gələn qaydalar zamanla onları rahat buraxmayıb:

“Hər kəs, qohum, qonşu, dost-tanış, hətta 10 dəqiqə əvvəl tanıdığın adam da uşağın olub-olmadığını soruşur. Bizim də uşağımız olmurdu. Bir neçə dəfə həkimə də getmişdik. Axırda ayrıldıq. Bilirsiniz də, bizdə ailə uşaq üzərində qurulur. Uşaq olmursa, ailə də olmur və sonu ayrılıqla bitir”.

Ülviyyə Alıyeva keçmiş həyat yoldaşından ayrılandan sonra ikinci dəfə ailə həyatı qurub. Deyir, ikinci həyat yoldaşı ilə ailə həyatı uğurlu alınıb. Bir müddət sonra hamilə qalıb:

“Bazara getmək üçün evdən çıxmışdım. Qarnım da xeyli böyük idi. Keçmiş yoldaşım qarşımı kəsdi. Ondan ayrılmağımın hesabını sormağa başladı. Niyə evləndiyim, başqasından hamilə qaldığımla bağlı məni günahlandırdı. Sonra da cibindən bıçaq çıxarıb mənə xəsarətlər yetirməyə başladı”.

Ülviyyə Alıyeva deyir ki, ətrafda insanların çox olmasına görə bəxti gətirib. Əgər insanlar gəlib ona yardım etməsəydilər, indi həyatda olmazdı. O, 4 bıçaq zərbəsi ilə canını qurtara bilib:

“Yaxşı ki, o zərbələrin heç biri qarın nahiyəmə dəyməyib. Yoxsa uşaq elə qarnımda ölərdi. Amma həyatıma kifayət qədər təsiri oldu. Bıçaq zərbələrindən biri boynuma, biri çiynimə, digəri qoluma və ətrafına dəyib. Xəstəxanada yaralarım sağalandan sonra normal idim. Zamanla qolum gücünü itirdi və yavaş-yavaş onurğama keçməyə başladı. İndi o həddə gəlib çatmışam ki, daha yeriyə bilmirəm”.

Ülviyyə Alıyevanı bıçaqlayan keçmiş həyat yoldaşı o hadisədən dərhal sonra intihar edib və ölüb. Ülviyyə isə əlil olub. Yerimə qabiliyyətini itirib. Deyir, buna görə ona təqaüd kəsiblər. Ancaq müalicəsinə xərcləyə bilmir. Çünki öhdəsində 3 yaşlı körpəsi və əqli problemli olan anası var. Pensiyasının hamısı yemək və kommunal xərclərə gedir. Nəticədə müalicəsinə heç nə qalmır:

“Müalicə olunmaq, az da olsa, yerimək istəyirəm. Ancaq imkanım yoxdur. Anam da bu gün var, sabah yoxdur. Xəstə və yaşlıdır. Mən yeriyə bilməsəm, günü-gündən pisləşə-pisləşə getsəm, uşağıma kim baxacaq? Pensiya alıram, ünvanlı sosial yardım da versələr, heç olmasa ayda bir dəfə həkimə gedə bilərəm. Lakin ala bilmirəm”.

Ülviyyə deyir ki, bu duruma düşəndən sonra ikinci həyat yoldaşı da onu tərk edib. İndi harada olduğunu bilmir. Bibisi oğluna gəlincə, deyir, həm özünü, həm də onu bədbəxt etdi:

“O öldü getdi, qaldım mən, zəliləm. Çox yox, bir az ayağım açılsa, uşağımı təmin edərəm. Nə qədər anam baxacaq? Həqiqətən çətindir. Pensiyadan əlavə köməyim olsa, müalicə olunaram”.

Ülviyyə Alıyevanı dövlət xəstəxanalarındakı müalicə qane etmir. Deyir, xeyri yoxdur. O, fizioterapiya və ciddi müalicə kursu keçmək istəyir. Onun üçün də Bakıya getməli olduğunu söyləyir. Buna isə imkanı çatmır.

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gəncə şəhər Nizami rayon şöbəsindən Meydan TV-yə bildiriblər ki, vətəndaş onlara online müraciət edə bilər. Müraciətinə baxılacaq və qiymətləndiriləcək. Əgər həqiqətən də ona sosial yardım düşürsə, təmin ediləcək:

“İnternet imkanı məhduddursa, o zaman idarəyə gəlsin. Burada ona kömək edilər”.


ETİKET :  

Daha Çox