-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncənin küçə və parklarında zibilqabı problemi

Niyə Gəncədə bu məsələyə biganə yanaşılır?

17:01:21 | 2019-05-22

Yəqin ki, çoxlarınız səhərlər işə gedəndə yaşlı xadimələrin yollarda zibilləri təmizlədiyinin şahidi olmusunuz. Siqaret kötükləri, sərinləşdirici içkilərin qabları və ən nəhayət, tum qabıqları küçələrdə “göz oxşayır”.

Bu işdə bir çoxlarımız insan faktorunu qınayırıq. Həqiqətən də, bəziləri özlərini əziyyətə verib 5-10 metr kənardakı zibil qabılarına yaxınlaşmaq əvəzinə əllərindəki zibili hara gəldi atırlar. Ancaq burada başqa bir fakta diqqət yetirməyə çalışaq. Gəncənin küçələrində hazırda zibil qabı probleminin mövcudluğu danılmazdır. Bəzi küçələrdə, parklarda insanlar zibilləri atmağa qutu tapmırlar. Şəhər mərkəzindən başqa demək olar ki, şəhərin bir çox hissələri təmizlik nöqteyi-nəzərdən heç də ürəkaçan deyil.

Gəncənin Əziz Əliyev, Mirzə Şəfi Vazeh, İsmət Qayıbov, Zərrabi küçələrində, 38 saylı Hərbi şəhərcik deyilən ərazidə, eləcə də, Gəncənin “Xan Bağı”, “Dəmiryolçular” parkında apardığımız kiçik müşahidələr onu göstərir ki, həqiqətən də, küçə və parklarda zibil qabı problemi nəzərəçarpacaq dərəcədə böyükdür.

Bəs bu problem nə vaxta qədər davam edəcək? Niyə Gəncədə bu məsələyə biganə yanaşılır?

Məsələ ilə bağlı Gəncə şəhər Təmizlik İdarəsi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, həmin yerlərdə saxlanılmasına görə cərimə olunur. Şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların (urnaların) yerləşdirilməsi zamanı qanunvericiliklə müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə də cərimə var.
Həmçinin, şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır.


ETİKET :  

Daha Çox