-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncənin Cuhudlar məhəlləsi - TARİX

Gəncə tarixən müxtəlif millətlərin birgə yaşadığı mədəni mərkəzlərdən biri olub.

23:36:02 | 2019-04-14

Qədim Gəncənin Cuhudlar məhəlləsi Əttarlar məhəlləsi yaxınlığında bir basalaq olub. Sakinləri yəhudilərdən ibarət olduğu üçün bu ərazini gəncəlilər “Cuhudlar məhəlləsi” adlandırıb. Məhəllə günçıxandan Əttarlar, günbatandan Mirəli Qaşqay, quzeydən Həsən Əliyev, güneydən Cavad xan küçələri ilə əhatəyə alınıb. Məhəllə kiçik bir küçədən ibarətdir. Sovet hakimiyyəti dövründə bu küçə Krivanosov adlanırdı. Bugün isə bu küçə “Həsənli qardaşları” adlanır.

Vaxtilə burada yaşayan yəhudilər əsasən ayaqqabı tikməklə məşğul olduqları üçün onların yaşadığı küçəyə bəzən “Məstçilər məhəlləsi”də deyilirdi. Onlar gön-dəri məmulatını qismən Əttarlar məhəlləsində yaşayan dabbaqlardan alırdılar. Onların əsas təminatçıları isə Tiflis yəhudiləri idi. İlk dəfə tumacı (zamuş) Gəncəyə yəhudilər Tiflisdən gətirmişdilər. Sonradan yerli dabbaqlar onun hazırlanma üsulunu mənimsədilər. Zirək yəhudilər gön-dəri, parça, iynə, sap kimi hər nə varsa az tapılan və ehtiyac duyulan şeyləri Tiflisdən gətirirdilər. Yerli yəhudi dindarlarının Gəncədə Sinaqoqları olmadığı üçün Dik küçədə olan Alban kilsəsindən ibadətgah kimi istifadə edirdilər. Azərbaycanda, o cümlədən Gəncədə yaşayan yəhudilər Rusiya və Avropadan köçüb gələn yəhudilərdən dil və görkəmcə fərqlənirdilər. Yerli yəhudilər “dağ cuhudları” adlanırdı.
Gəncədə yaşayan (dağ yəhudiləri) Assuriyalılar tərəfindən əsir alınmış, öncə Assuriyada, sonra isə Midiyada qalmış qədim yəhudilərin törəmələri hesab olunurlar. Assuriya dövləti tarix səhnəsində öz mövqeyini və möhtəşəmliyini itirəndən sonra yəhudilər hər yerə, o cümlədən Azərbaycana gəldilər. Midiyadan gələn bu yəhudilərin dili Hind-Avropa ailəsinə mənsub olan tat dili idi.

Gəncə çayının sağ sahilində, “Qırmızı Kənd” adlanan yaşayış məskənində yəhudilərin qəbristanlığı da var.
Rus imperiyası Gəncəni işğal etdikdən sonra bura Rusiyadan, Ukraynadan, Polşadan və başqa Avropa ölkələrindən də yəhudi ailələri köçdü. Gəlmə yəhudilər dağ yəhudilərindən (cuhudlardan) fərqli olaraq Gəncədə “Rus Cuhudu” adı ilə tanınırdılar. Onlar yerli yəhudilərdən fərqlənirdilər. Rus cuhudları öz aralarında alman dilinin kobud ləhcəsində danışırdılar. Yerli xalqla isə rus dilində danışırdılar.
Yəhudilər Gəncədə müəllim, həkim, mühəndis, musiqiçi kimi fəaliyyət göstərirdilər. Çoxları yəhudi və rus soyadı qəbul ediblər. Müasirlərimizdən olan Nikolski, Zilbelman, Mozer, V.Krinyova Gəncədə və ətraf bölgələrdə adlı-sanlı həkim kimi tanınırdılar.

XIX əsrin 80-ci illərində Gəncədə Laron Derkovski, Debora Frengel, Şlyuloqbed Troşin kimi stomatoloqlar da yaşayırdılar.
Gəncə yəhudisi Karl Habeylandın Cuhudlar küçəsində limonad sexi var idi. Laron Pinelman isə ticarətlə məşğul olurdu. Onun evi bu gün Gəncə Qaz İstismarı İdarəsidir. Hazırda məhəllədə yəhudi ailələrinə məxsus evlər olsada onlardan heç kim yaşamır.

Namlet Allahverdiyev


ETİKET :  

Daha Çox