-- Adversting 9 --
-- Adversting 10 --

Gəncənin Baş Planı - Şəhərdə hansı işlər görüləcək?

Gəncənin Baş Planı - Şəhərdə hansı işlər görüləcək?

15:23:22 | 2021-05-06

GancaPost.info xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətində şəhərinin Baş planı müzakirə olunub.

Müzakirədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fransanın “Vasconi Architects by Thomas Schinko” şirkəti, “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun nümayəndələri, habelə Gəncə şəhər İcra Hakimiyyəti yanında İctimai şuranın üzvləri iştirak ediblər.

Öncə “Vasconi Architects by Thomas Schinko” şirkətinin nümayəndəsi Gəncə şəhərinin 2040-cı il üçün nəzərdə tutulan baş planı barədə iştirakçılara ətraflı məlumat verib. Bildirilib ki, tarixi və mədəni baxımdan zəngin olan Gəncənin baş planı Nizami Gəncəvinin baxşlarından bəhrələnərək hazırlanıb. Olduqca strateji nöqtədə yerləşən Gəncənin gələcəkdə Azərbaycanın iqtisadi mərkəzinə çevrilmə potensialı yüksəkdir və baş plan da buna cavab verməlidir. Gəncənin tarixi mirasının qorunub saxlanılması ilə ekoloji və ağıllı şəhərin formalaşdırılması, nəzarətsiz urbanizasiyanın nəzarətə götürülməsi əsas məqsədlərdən biridir.

Müzakirəyə çıxarılan yeni baş planda şəhərdə olan köhnə sənaye məkanlarının yaşıl əraziyə çevrilərək, “Nizami Bağları”nın salınması, Gəncə çayının məcrasının abadlaşdırılaraq üzərində əlavə körpülərin inşası, yeni avtomobil yollarının çəkilməsi, “Nizami Gəncəvi” kampusunun yaradılması və sair məsələlər öz əksini tapıb.

Baş planla tanış olan Gəncə Şəhər İcra Hakimiyyəti yanında İctimai şuranın üzvləri bir sıra təkliflərlə çıxış ediblər. Nizami Gəncəvi məqbərəsi ətrafında “Nizami şəhərciyi”nin salınması, azad iqtisadi zonanın yaradılması, Gəncə çayının üzərində tarixi “Xan körpüsü”nün və şəhərin mərkəzi hissəsində tarixi İç qalanın bir hissəsinin bərpa edilməsi təklif olunub. Bu amillərin Gəncənin turizm və iqtisadi potensialının artırılmasına müsbət təsir göstərəcəyi bildirilib. Yeni küçələrin və dairəvi magistral yolun çəkilməsinin də vacibliyi vurğulanıb.

Müzakirələr zamanı o da diqqətə çatdırılıb ki, komitə tərəfindən Gəncənin baş planının hazırlanması ilə əlaqədar olaraq sosial sorğular da keçirilib və nəticələr yaxın aylarda açıqlanacaqdır.

Xatırladaq ki, Gəncənin Baş planının hazırlanmasına 2020-ci ildən başlanılıb.


ETİKET :  

Daha Çox