-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncə Müsəlman Milli Komitəsi və Şamxor davası - TARİX

"Gəncə Müsəlman Milli Komitəsinin səyləri nəticəsində şəhərdə və qəzada ermənilərin törətdikləri qırğınların qarşısı alınmışdı".

17:31:49 | 2019-05-01

1917-ci il fevral inqilabından sonra Azərbaycanın Bakı və digər şəhərləri ilə yanaşı Gəncədə də Müsəlman Milli Komitəsi yaradılmışdı. Ölkədə hakimiyyətsizlik və anarxiyanın hökm sürdüyü 1917-1918-ci illərdə (Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Gəncəyə köçənə qədər) başqa yerlərdə olduğu kimi, Gəncədə də Azərbaycanlıların vəziyyəti və onların müdafiəsi ilə əlaqədar bütün məsələlər bilavasitə bu Komitə tərəfindən həll edilirdi. Gəncə Müsəlman Milli Komitəsinə 'Difai' partiyasının fəal üzvü olan Nəsib bəy Usubbəyov başçılıq edirdi. 'Difai'çilərdən Ələkbər bəy Rəfibəyov, Xəlil bəy və Ələkbər bəy Xasməmmədov, Hacı Əli Hüseynzadə, Həsən bəy Ağayev, Məmmədbağır Şeyxzamanlı, Məhəmməd ağa Pişnamazzadə (Komitənin dini məsələlər üzrə müavini), Aslan bəy Səfikürdski, Əhməd Cavad, Müseyib bəy Hacı Zeynal oğlu, Əliqara bəy Abidli, Məşədi Səməd Kərbəlayi MəmmədHəsən oğlu və başqaları Milli Komitənin üzvləri idilər. Komitənin Gənclər Təşkilatının sədri Nağı bəy Şeyxzamanlı idi. Komitənin silahlı mühafizə dəstələri də yaradılmışdı. Qaçaq Qəmbər, Sarı Ələkbər kimi nüfuzlu qaçaqlar və Məşədi Usub Məşədi Ramazan oğlu (Şamxor davasında həlak olub) Komitəni müdafiə edirdilər.

1918-ci ilin birinci yarısında erməni-daşnaklarının xalqımıza qarşı soyqırımlarının qarşısını almaq üçün Gəncədəki Müsəlman Milli Komitəsi xüsusi fəallıq göstərmişdi. Məhz, Gəncə Müsəlman Milli Komitəsinin səyləri nəticəsində şəhərdə və qəzada ermənilərin törətdikləri qırğınların qarşısı alınmışdı. Onlar hətta, Şamaxı əhalisinin də köməyinə getmişdilər.

Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1918-ci il iyun ayının 16-da Gəncəyə köçdükdən sonra, iyunun 27-də Gəncə Müsəlman Milli Komitəsinin sərəncamındakı bütün ərzaq ehtiyatının yeni yaradılan Ərzaq Nazirliyinə təhvil verilməsi barədə qərar qəbul etdi.

Hökumətin 1918-ci il 7 iyul tarixli digər qərarı ilə Daxili İşlər, Maliyyə və Ərzaq Nazirliklərinə Gəncə Müsəlman Milli Komitəsini ləğv etmək, onun əmlakını aşkarlamaq və qəbul etmək üçün xüsusi ləğvetmə komissiyası yaratmaq tapşırıldı. Hökumətin həmin gün qəbul etdiyi digər qərarında isə Daxili İşlər nazirliyinə tapşırılırdı ki, Azərbaycan Xalq Cümhuriyyəti ərazisində dövlət hakimiyyət orqanları yaradıldıqca, həmin ərazilərdəki Milli Komitələri ləğv etsin.

Şamxor (Şəmkir) davası - 1918-ci il

Türkiyə cəbhəsindən geri qayıdan Rusiya hərbi hissələrinin 1918-ci il yanvarın 8-10-da Şamxor (indiki Şəmkir) stansiyası yaxınlığında tərk-silah edilməsi (məqalədəki foto: Şamxor davasında şəhid olanların dəfn mərasimi. Gəncə 1918-ci ilin yanvar ayı.)

Zaqafqaziya Komissarlığının tələbi əsasında buraxılmış rus hərbi hissələri Cənubi Qafqazı tərk edərkən silahlarını təhvil verməli, həmin silahlar milli hissələrin təchiz olunmasına yönəldilməli idi. Lakin rus qoşun hissələrinin çoxu silahı təhvil vermək istəmir, tərxis olunmalanrına baxmayaraq, hətta ağır silahları belə özləri ilə Rusiyaya aparmağa cəhd göstərirdilər. Gürcüstan və Azərbaycandan keçib, Şimala gedən hərbi eşelonların bir qismi bolşeviklərin, digər qismi isə rus qoşunlarında olan çoxsaylı erməni hərbçilərinin təhriki ilə silahlarını Bakıda S.Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak qüvvələrinə təhvil verirdilər. Daşnak millətçiləri rus hərbi eşelonlarından pul ilə də  xeyli silah alırdılar. Bununla yanaşı, cəbhədən qayıdan Rusiya əsgərləri erməni zabitlərinin təhriki ilə yol boyu kəndləri talayır, əhalinin var-yoxunu silah gücünə qarət edirdilər. Buna görə də Qafqazdan keçən hərbi eşelonların silahlarını təhvil verməsindən ötrü qəti tədbirlərin həyata keçirilməsi qərara alındı.

Hərbi eşelonların Şamxor yaxınlığında tərk-silah edilməsinə razılıq vermiş Zaqafqaziya Komissarlığının qərarı Millətlərarası Şura tərəfindən də bəyənilmiş və onun həyata keçirilməsi üçün 100 nəfərlik dəstə, həmçinin zirehli qatar göndərilmişdir.

Tərk-silah və silahların toplanması əməliyyatında yaxından iştirak edən Yelizavetpol (Gəncə) Müsəlman Milli Komitəsinin fəalları bu işi dinc yolla həyata keçirməyə çalışdılar. Danışıqların aparılması üçün müəyyən adamlar da seçilmişdi. Silahları könüllü təhvil verəcəkləri halda hərbçilərin ərzaq və digər zəruri əşyalarla təmin edilib yola salınması nəzərdə tutulmuşdu. Lakin dinc danışıqlar nəticə vermədiyi üçün silahlı qarşıdurma yarandı və hər iki tərəfdən itkilər oldu.

Tədbirə Ələkbər bəy Rəfibəyli, Axund Məhəmməd Pişnamazzadə, Nağı bəy Şeyxzamanlı, Həsən bəy Ağayev, Əliqara bəy Məmmədov, Aslan bəy Səfikürdski, Müseyib bəy Hacı Zeynal oğlu, Sarı Ələkbər, Məşədi Səməd, Məşədi Usub, Ramazanlılar və başqaları, Gəncə Müsəlman Milli Komitəsi və Komitənin Gənclər Təşkilatının fəallarından əlavə, Gəncədə yerləşən Tatar süvari alayının şəxsi heyəti də cəlb olunmuşdu. Hərbi eşelonlardan alınan topların birinə Aslan bəy Səfikürdski özü Yelizavetpola (Gəncə) qədər müşayət etmişdi. Hərbi eşelonların tərk-silah olunmasında polkovnik Süleyman bəy Əfəndiyevin komandir olduğu 5-ci Yelizavetpol nişançı alayı da yaxından iştirak etmişdi. Şamxor (Şəmkir) hadisəsi zamanı hərbi eşelonlardan 20 ədəd top, 70 ədəd pulemyot və 15000 tüfəng alınmışdı.

Bu silahlar əvvəl Milli qüvvələrin silahlı dəstələrinin, bir müddət sonra isə yaranan Azərbaycan Milli Ordusunun və Qafqaz İslam Ordusunun lazımı silahlarla təchiz olunmasını təmin etmişdir.

 GəncəPost


ETİKET :  

Daha Çox