-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Gəncə məhbusları”nın yaxınları Milli Məclisin qarşısında aksiya keçirdi

“Gəncə məhbusları”nın yaxınları Gəncədən olan deputatlarla görüş tələb ediblər - VİDEO

13:58:16 | 2021-05-04

“Gəncə məhbuslarının” yaxınları mayın 4-də əllərində məhbusların fotoşəkilləri ilə Milli Məclis binasının qarşısına gəliblər.

Onlar “Gəncə məhbuslarına azadlıq tələb edirik!” şüarı səsləndiriblər. 10-na yaxın qadın Gəncədən olan deputatlarla görüş tələb ediblər.

“Parlament seçkilərindən əvvəl Gəncədən olan deputat Musa Quliyev deputat seçildikdən sonra övladlarımızın işi üzrə ədalətli qərar qəbul edilməsinə kömək edəcəyinə söz verib. Amma o mandat alan kimi verdiyi sözü unudub”, - deyə aksiya iştirakçılarından biri bildirib.

Ərazidə olan polis əməkdaşları tərəfindən etiraz aksiyasının qarşısı alınıb.

Xatırlatma: 2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və onu mühafizə edən polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsddə suçlanan Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə orqanları Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edir. Səfərov isə sabiq icra başçısını əhaliyə zülm etdiyinə görə öldürmək istədiyini bildirib.

Bu il martın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror Y.Səfərovun ömürlük azadlıqdan məhrum olunmasını təklif edib. Digər təqsirləndirilən şəxslərə 20 ildən 18 ilə kimi azadlıqdan məhrumetmə cəzası istənilib.

Sui-qəsd hadisəsindən bir həftə sonra - iyulun 10-da Gəncənin mərkəzi meydanında keçirilən aksiyada iki polis polkovniki qətlə yetirilib. Gəncə hadisələrindən sonra həbs olunan 70-dən artıq şəxsin qruplar şəkilində ayrı-ayrı vaxtlarda məhkəmələri olub. Əksəriyyəti kütləvi iğtişaşların təşkili, polis əməkdaşlarına qarşı zor tətbiq etmə və s. əməllərdə suçlanıb. Onlara 6 ildən 18 ilə qədər həbs cəzası kəsilib. Sonradan bir çoxunun cəzası azaldılıb, azadlığa buraxılanlar olub.


ETİKET :  

Daha Çox