-- Adversting 9 --
-- Adversting 10 --

“Gəncə məhbusları”nın yaxınları Avropa İttifaqının ofisi önündə

"Gəncə işi" üzrə həbsdə olanların yaxınları Avropa İttifaqının ofisi qarşısına aksiya keçirib.

14:46:55 | 2021-05-25

“Gəncə işi” üzrə həbs olunanların bir qrup ailə üzvü Avropa İttifaqının Bakıdakı Nümayəndəliyinin ofisinin qarşısında “Gəncə məhbuslarına Azadlıq!”, “Saxta ittihamlara Son!” şüarları ilə aksiya keçirib.

GancaPost.info xəbər verir ki, məlumatı Turan İA yayıb.

Aksiya iştirakçıları həbsdə olan ailə üzvlərinin azad edilməsi tələblərini səsləndirib.

“Biz neçə illərdir Gəncə-Bakı yolunda qalan analarıq. Balalarımız günahsızdır. Bu səbəbdən məhkəmələrdən ədalət, uşaqlarımıza bəraət istəyirik,” aksiya iştirakçılarından biri deyib.

Digər aksiya iştirakçısı deyib ki, hökumət və hüquq mühafizə orqanlarında onların tələblərini dinləsələr də əməl edilmir.

“Biz istərdik ki, Azərbaycan məhkəmələri ədalətli qərarlar versin, saxta ittihamlara son qoyulsun. Amma, məhkəmələr ədalətli qərarlar vermir. Bu səbəbdən də beynəlxalq təşkilatlara müraciət etməyə məcbur qalırıq. İstəyirik ki, ölkəmizin məhkəmələrində ədalətli qərarlara beynəlxalq təşkilatların köməyi ilə nail olaq,” deyə aksiya iştirakçısı qeyd edib.

Xatırladaq ki, 3 iyul 2018-ci ildə Gəncədə şəhərinin o zamankı İcra hakimiyyəti başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Gəncə sakini Yunis Səfərov onu və cangüdənini yaralayıb.

Bundan sonra iyulun 10-na Gəncə şəhər İcra Hakimiyyətinin binası qarşısında etiraz aksiyası təyin edilib. Həmin gün şəhərdə iğtişaşlar baş verib və bu iğtişaşlar zamanı iki yüksək rütbəli polis zabiti qətlə yetirilib.

Bu hadisələr üzrə 70 nəfərə qarşı cinayət işi qaldırılıb. Təqsirləndirilən şəxslər 6 ildən 18 ilədək azadlıqdan məhrum edilib. 10-a yaxın adam şərti olaraq azad edilib.

Yunis Səfərov və digər 11 nəfərin məhkəməsi 2020-ci ilin yanvarında başlayıb. Məhkəmə prosesi davam edir.


ETİKET :  

Daha Çox