-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncəli veteran futbolçu: Ailəmi dolandırmaq üçün fəhləlik edirəm

"Gəncəliləri futbola yaxın buraxmırlar"

16:01:33 | 2019-09-26

AFFA-nın "Kəpəz"i "işğal"ından sonra Gəncəli veteranların etirazları davam etməkdədir. Kənardan komandaya məşqçi gətirilməsinə, ümumiyyətlə Gəncə futbolunun pis vəziyyətə salınmasına qarşı olan veteranlar onlara kifayət qədər diqqət yetirilməməsindən də şikayətlənirlər. Bu veteranlardan biri də vaxtilə Azərbaycan çempionatının bombardiri olan Rövşən Əhmədovdur. Müxtəlif illərdə "Kəpəz"in şərəfini qorumuş, komandanın formasında bir çox qollara, nailiyyətlərə imza atmış Rövşən Əhmədov da hazırda futboldan kənardadır.
Sevdiyi, daha yaxşı bacardığı peşəsi üzrə işləməli olan Rövşən bəy hazırda məcburiyyətdən fəhlə kimi çalışır.
GancaPost saytı xəbər verir ki, sport7.az-a danışan veteran futbolçu həm Gəncə futbolu haqda fikirlərini bildirdi, həm də onun kimi bir çox keçmiş oyunçulara diqqətsizlikdən narazılıq etdi: "1989/91, 1994/97, 1999/02 illərdə "Kəpəz"də oynamışam. Ümumilikdə, təxminən 12 ilə yaxın "Kəpəz"də çıxış etmişəm. Karyeramı bitirəndən sonra, Birinci Divizionda, Samux rayonunda məşqçi kimi çalışmışam. Daha sonra "Kəpəz"in həvəskar liqasında işləmişəm, kubok qazanmışam. Ondan sonra futbol sahəsindən kənarlaşdım. İş təklif edən, maraqlanan olmadı".
- Futbol oynadığınız illərlə, indiki vaxtları müqayisə etsək, hansı nəticələr üzə çıxar? Xüsusən də Gəncə futbolu ilə bağlı nə düşünürsüz?
- İrəliyə yol görünmür. Futbolumuz geri gedir. Bir çempionatda ki, 8 komanda, onun da çoxu Bakıda ola, heç nə gözləməyə dəyməz. Azərbaycanın bir komandası var, o da "Qarabağ"dır. Rayon komandaları çempionatda iştirak etməyəndən sonra nə olasıdır ki? AFFA-da oturanlar nə fikirləşirlər? Futbol bütün bölgələrdə, Gəncədə, Tovuzda, Şəmkirdə, Lənkəranda, Qazaxda, Mingəçevirdə, Samuxda, Bərdədə olmayandan sonra hansı inkişafı gözləyə bilərik? Ona görə də Gəncə futbolu bu gündədir. Gəncəlilər qala-qala Bakıdan məşqçi gətirib işlədirlər. Futbolun səviyyəsini 0-a salıblar. Hərə öz bildiyini edir. Öz adamalarını kluba təyin edirlər. Gəncəliləri isə futbola yaxın buraxmırlar.
- "Kəpəz" Gəncəni Birinci Divizionda təmsil edir. Bu komandanın oyunlarına baxmaq imkanınız olur, yoxsa ümumiyyətlə izləmək istəmirsiz? "Kəpəz"də çalışmaq təklifi almısız nə vaxtsa?
- "Kəpəz"ə bizi işləmək üçün dəvət etmişdilər. Sonradan razı olmadılar. Nazim Süleymanovun yaratdığı təşkilata üzv olduğum üçün məni kluba götürmədilər. Dedilər ki, "təşkilatın üzvüsən deyə sənə klubda iş verə bilmərik". Görün nə günlərə qalıblar. Sanki erməni təşkilatıdır. Bu öz hüququnu tələb edən təşkilatdır. Bakıdakı veteran futbolçulara 1 aylıq ən azı 280 manat verilir, amma kənardakılara yox. Özümü götürürəm, əziyyət çəkmişəm, çempion olmuşam, kubok qazanmışam. Bombardir olmuşam. Azərbaycanda 3 ən çox qol vuran futbolçu varsa, biri mənəm. Ayrı nə deyim? İş verməlidilər, amma bunu etmirlər. Belədə kimin oyununa baxım?
- Oqtay Abdullayevin rəhbərlik etdiyi Veteranlar İttifaqı var. Onlar da sizə köməklik göstərmir?
- Oqtay Abdullayev 2 gündən bir yalandan zəng vurur ki, "sənə iş düzəltmişik", "dəvət edəcəyik" filan. Şəxsən mənə 2 aydır iş söz verib. Amma ortada heç nə yoxdur. "Bu gün", "sabah" deyə-deyə yola verirlər. Axırda məcbur olub demişəm ki, imkan varsa heç olmasa süpürgəçi işi verin. Əlimə süpürgə alıb, süpürüm, maaş versinlər. Öz yaxınlarından başqa heç kimə köməklik göstərmirlər. Demək istəyirəm ki, mənim üçün fərqi yoxdur. İstər Oqtay, istər "Kəpəz"in, "Neftçi"nin digər veteranları, bir sözlə ağsaqqallar 4 yerdə çalışır, amma gözləri doymur. Elə AFFA-dakıların da gözü doymur, heç nə veclərinə deyil. İşləməyənləri də götürmürlər, çünki Nazimin təşkilatına üzvdür. Guya indiyə qədər iş verirdilər? Süleymanov da bu təşkilatı yaradıb ki, işsiz qalan veteranlara kömək etsin. Maaş vermirlər, heç olmasa təqüd ayırsınlar. AFFA-nın baş katibi Elxan Məmmədovla iki dəfə görüşmüşəm, söz vermişdi ki, Gəncədə işə düzəldəcək. Ancaq onu da etmədi. Bizə çatacaq təqaüdləri kim "yeyirsə" haramı olsun, burnundan gəlsin. Kim yalandan söz verib işə düzəltmirsə, Allah onun bəlasını versin. Elxan fəxr etsin ki, çempion olan, kubok qazanan, gümüş medal alan bir futbolçu ona iş üçün müraciət edir. Onsuz da fəhləlik edirəm. Ancaq biri var, "kubik" qaldırasan, biri də var bacardığın sənətdə çalışasan. Bütün Respublikaya kateqoriya paylayıblar. Futboldan anlayışı olmayanlar gedib məşqçi kateqoriyası alırlar.
- Məşqçilik kurslarında iştirak etmisiz?
- Təklif etmişdilər. Demişdilər ki, "gəl oxu "C" kateqoriyası al, sonra sənə iş verəcəyik". Mən də pis-yaxşı getdim, imtahan verdim. 52 yaşım var, açıq deyim, bəzi sözlərlə bağlı problemlər olur. 20 sualdan 10-15-nə cavab yazmışdım. Ancaq dərəcə vermədilər. Avropada futbol oynayanlara dərəcəni pulsuz verirlər, bizdə isə əksinədir. Halbuki cavan, 23 yaşlı uşaqlar hamısı imtahandan keçdi. Bundan sonra kurslara qatılmadım. Adam nifrət edir. İndi gedib hansı Azərbaycan klubuna baxım? Yalnız Avropada Azərbaycanı "Qarabağ" təmsil edir. Biz də ona azarkeşlik edirik.
- Hazırda nə işlə məşğul olursuz?
- Fəhləlik edirəm. Ailəmi dolandırmaq üçün, daş daşıyıram. AFFA "sağ olsun" ki, belə futbolçular fəhləlik edir. Yedikləri burunlarından gəlsin. Düşünməsinlər ki, maaş verməsələr onlara yalvaracam. Heç yalvaran da deyiləm. Lazım olsa sözlərimi yenə deyəcəm. İtirəcəyim, qorxacağım heç nə yoxdur. Gəlib əlimdən daşları da alası deyillər ki?
- AFFA-da bir çox veteran futbolçuların önəmli vəzifələri var. Hansı ki, onlar əllərindəki imkandan yararlanıb sizin kimi həmkarlarına da köməklik göstərə bilərlər...
- Həmin veteranlar 10 ilə yaxındır AFFA-da çalışırlar. Oturublar vəzifədə, ayda 3, 5 min manat pul alırlar. Bir neçə yerdə çalışırlar. Ən pis halda ayda 3000 manat evə pul göndərirlər. Belədə onların nəyinə lazımdır ki, Rövşənə iş versinlər? Onlar təkcə "Neftçi"də oynayıb. Mən Respublikanın bir çox komandalarında çıxış etmişəm. SSRİ çempionatının 9-cu zonasında, Azərbaycanda, "Turan"da, "Şəmkir"də, "Viləş"də oynamışam. Heç özümü demirəm. Gəncədə kimin titulu varsa, onu işlə təmin etsinlər.
- Sonuncu dəfə Nazim Süleymanovla nə vaxt görüşmüsüz? Nələri müzakirə etmisiz?
- Gəncədə veteranlarla birgə görüşümüz oldu. Sonradan belə imkan hələ tapmamışam. Nadir Şükürovla Vidadi Rzayev də "Kəpəz"də işləyir. Mənə demişdilər ki, iş barəsində kömək edəcəklər. Ancaq etmədilər. Sonradan xəbər gəldi ki, təşkilatın üzvüyəm deyə, işləyə bilmərəm. Azərbaycanda 15-20 partiya var. Onda gərək dövlət hamısını dağıtsın. Heç Mehman Allahverdiyevi də yaxın qoymurlar "Kəpəz"ə. Müzəffər müəllim Veteranlar Şurasının Gəncə bölməsinin sədridi, onu da uzaqlaşdırıblar. Biz demirik ki, gətirin milyon verin. Heç olmasa ayda 300-350 manat pul ayırsınlar. Onu da etmirlər.
- Gözləntiləriniz nədir, ümidiniz varmı?
- Heç nə, gözləntilərim, ümidim yoxdur. Yalnız ailəmdən, dostlarımdan başqa. Yaxşı dostlarım var. Dara düşəndə maddi cəhətdən köməklik göstərirlər, sağ olsunlar.


ETİKET :  

Daha Çox