-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

"Gəncə İşi"ndə 11 nəfərin cəzası azaldıldı

Gəncə hadisələrinə görə həbs olunan şəxslərdən 11 nəfərin cəzası azaldılıb.

19:11:56 | 2019-08-15

GancaPost saytı Turan-a istinadən xəbər verir ki, Bakı Apellyasiya məhkəməsində Gəncə işi üzrə təqsirləndirilən şəxslər Maarif Hacıyev, Ruslan Həsənov, Nizami Əkbərov, Toğrul Verdiyev, Seymur Əliyev, Şahlar Rzayev, Tural Bayramov, Kamal Məhərrəmov, Araz Həsənov və Orxan Yağnəliyevin işi üzrə qərar elan edilən zaman dava baş verib.

Apellyasiya məhkəməsi CM-in 315.2 (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsini 315.1-ə tövsif edərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarını dəyişib, təqsirləndirilən şəxslərin həbs müddətlərini aşağı endirdi. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə onlara kəsilmiş 7 il 6 aydan 9 ilə qədər həbs cəzası 4 il 1 aydan 5 ilə qədər endirilib.

Elan edilmiş qərar həm təqsirləndirilən şəxslərin, həm də onların qohumlarının narazılığına səbəb oldu və onlar qışqırmağa və oturacaqları aşırtmağa başladılar.

Məhkəmə zalında olan Penitensiar Xidmətin əməkdaşları gözyaşardıcı qazdan istifadə etdilər. Təqsirləndirilən şəxslərin qohumları zaldan çıxarıldı. Bibər qazından valideynlər və təqsirləndirilən şəxslərdən bir neçəsinin halı pisləşib.

Xatırlatma

Gəncə hadisələrinə görə ümumilikdə 80-ə yaxın şəxsin işi məhkəmədədir.

Ötən il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin o vaxtkı başçısı Elmar Vəliyevə sui-qəsd olub.

Bundan sonra Gəncənin mərkəzində etiraz aksiyasına cəhd olundu.

Bu gün məhkəməsi keçirilənlər həmin aksiyada iştirakda suçlanırlar. Həmin aksiyalarda iki polis əməkdaşı öldürülmüşdü.

Gəncə hadisələrinə görə həbs olunan 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Baş Prokurorluğun yaydığı məlumata görə, 8 qrupun işi məhkəməyə göndərilib. Bu qruplarda ümumilikdə 60 nəfər təqsirləndirilən şəxs var. Onlardan da 6 qrupa hökm oxunub, həmin işlər hazırda apellyasiya məhkəməsində araşdırılır. Daha 2 qrupun işi üzrə birinci instansiya məhkəməsində araşdırmalar davam edir.

"Gəncə işi" üzrə 11 nəfər də beynəlxalq axtarışa verilib.


ETİKET :  

Daha Çox