-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncə I Qarabağ müharibəsində

Gəncə Özünümüdafiə Batalyonu, Həsənqaya döyüşü, Qəhrəman şəhər...

01:24:51 | 2019-01-09

Tariximizin digər həlledici məqamlarında olduğu kimi I Qarabağ müharibəsində də Gəncə və gəncəlilər ön sırada dayandılar. Cəbhə xəttindən nisbətən aralıda olmasına baxmayaraq, hər bir gəncəli ailəsi müharibənin ağırlığını birbaşa hiss edir, Vətənin təcavüzdən xilası üçün var-qüvvə ilə çalışırdı. Döyüş bölgələrinə göndərilən canlı qüvvə, dəstə və batalyonlar əsasən Gəncədə formalaşır, silah-sursat, ərzaq və digər təminat məhz bu şəhərdə komplektləşdirilib ünvanına yola salınırdı. Minlərlə gəncəli igid isə birbaşa döyüş bölgələrində düşmənlə üz-üzə, ölüm-dirim savaşına girişmişdi.
Gəncə Özünümüdafiə Batalyonu
İnternet səhifələrində Qarabağ müharibəsinə aid məşhur videogörüntünü yəqin hər biriniz izləmizsiniz - operator təxminən 10 dəqiqə ərzində səngər boyu yeriyərək cərgələnmiş erməni cəsədlərini lentə alır. Sonrakı araşdırmalar 29 iyun 1992-ci il tarixində, Həsənqaya kəndi yaxınlığındakı döyüşdə qətlə yetirilmiş bu ermənilərin Xocalı faciəsində aktiv iştirak etmiş “Arabo” dəstəsinin üzvləridir.
Həsənqaya vuruşması I Qarabağ müharibəsi tarixinə Azərbaycan tərəfin ən uğurlu döyüşü kimi həkk olundu. Heç də təsadüfi deyil ki, bu döyüş məhz Gəncə batalyonunun adı ilə bağlıdır.
Fəxrəddin Sultanov, müharibə veteranı, II qrup əlil, keçmiş Gəncə Özünümüdafiə Batalyonunun ştab rəisi: 1991-ci ilin noyabrında Gəncəlilərin təşəbbüsü ilə təxminən 300 nəfərdən ibarət Gəncə Özünümüdafiə Batalyonu yaradıldı. Seyfəli poliqonunda 1 ay ərzində hərbi təlim keçdikdən sonra müharibəyə yollanan batalyon, qısa müddət ərzində cəbhənin Ağdərə və Tərtər istiqamətində əsas aparıcı hərbi qüvvəyə çevrildi. Seysulan, Qapanlı, Həsənqaya və digər döyüşlərdə düşmənə, sözün əsl mənasında sarsıdıcı zərbələr vurduğuna görə hərbiçilər öz aralarında gəncəlilərə “Zərbəçi Hücum Batalyonu” adı vermişdilər. İş o yerə çatmışdı ki, ermənilər Gəncə batalyonunun komandiri (1992-ci il aprel-iyul ayları) Mehman Ələkbərovu məhv edəcək kəsə çox böyük məbləğdə mükafat verəcəyini vəd etmişdi. Polkovnik leytenant Şikar Şikarovun, Şahlar Hüseynovun döyüşlərdə göstərdiyi igidliklər dillər əzbəri olmuşdu.
Gəncə Özünümüdafiə Batalyonu ilk əvvəl polkovnik-leytenant Yunis Bayramovun komandanlığı ilə formalaşmışdı. 1992-ci ilin aprelində döyüşçülərin təkidi ilə öz yoldaşları Mehman Ələkbərov komandir təyin edildi. Hamı onun cəsarətinə, lazımi məqamda ən düzgün qərarı qəbul etmək bacarığına inanırdı.
1992-ci ilin yaz-yay aylarında döyüşlərdə qazanılan uğurlar Azərbaycan əsgərində böyük ruh yüksəkliyi və qələbəyə inam yaratmışdı. Döyüşçülərimizdə Vətən torpaqlarını murdar yağı tapdağından təmizləyəcəklərinə tam əminlik vardı. Lakin, ölkə və ordu rəhbərliyində təmsil olunanların irəliləyişə mane olan bəzi müəmmalı əmrləri hamının qol-qanadını sındırır, qələbə əzmini sıfıra endirirdi!?... Paytaxt Bakıda hakimiyyət uğrunda çəkişmələr gedirdi. Cəbhə bölgələrindən hərbi hissələrin Bakıya gətirilməsi, siyasi qarşıdurmada ordudan istifadəyə cəhd edən qüvvələr vardı. Nə qədər təzyiq olunsa da bizim batalyonu cəbhə bölgəsindən ayırıb, Bakıya apara bilmədilər. Başda komandir Mehman Ələkbərov olmaqla hamımız siyasi çəkişmələrə qarışmaq istəmədiyimizi, əsas vəzifə və borcumuzun Vətənin müdafiəsi olduğunu bəyan etdik.
May ayının ilk günlərində Mehman Ələkbərovun Şuşanın müdafiəsini təşkil etmək təşəbbüsünə Rəhim Qazıyev imkan vermədi. Hamı yaxşı başa düşürdü ki, həmin günlərdə Gəncə batalyonu Şuşa ətrafında yerləşdirilərsə, ermənilər bu həndəvərə hərlənə bilməyəcəklər. Lakin qaragül papağı və başından böyük danışıqları ilə seçilən Müdafiə naziri hansısa səbəbdən bu işə əngəl törətməklə düşmən dəyirmanına su tökmüş oldu!? Qarabağın alınmaz qalası sayılan Şuşa həmin bir müddətdən sonra erməniyə verildi.
Bu dəhşətli xəbərdən daha da qeyzlənən Gəncə batalyonu döyüşçüləri daha 3 gün sonra, 11 may tarixində Marquşavan istiqamətdə hücuma keçdi. Düşmənə böyük zərbə vuruldu. Ərazidə vəziyyəti tam nəzarətdə saxlamaq üçün Cəmilli kəndi yaxınlığındakı Keçəl Təpə düşməndən alınmalı idi. Bir ay ərzində davam edən fasiləli döyüşlərdən sonra, 13 iyun tarixində Gəncə batalyonu həmin yüksəkliyi düşməndən almağa müvəffəq oldu.
29 iyun tarixində məşhur Həsənqaya vuruşması baş verdi. Cəmi 3 gün sonra, iyulun 2-də Gəncə batalyonunun da daxil olduğu 703-cü briqada Ağdərə istiqamətdə hücuma keçdi. İki gün davam edən döyüşlərdən sonra rayon ermənilərdən təmizləndi. Böyük ruh yüksəkliyi yaranmışdı. Təkcə bu istiqamətdə deyil, bütün cəbhə boyu vuruşan Azərbaycan əsgəri doğma Vətən torpağını düşməndən təmizləyə-təmizləyə irəliləməkdə idi. Lakin o vaxtkı Ali Baş Komandan Elçibəydən səbəbini heç kəsin anlamadığı əmr gəldi: “Könüllü dəstələr ləğv edilsin!” Guya yüksək səviyyədə ordu yaratmağa müvəffəq olmuş Komandan könüllü dəstələrin ləğv edilməsi əmrini verdi!?
Həsənqaya Döyüşü
I Qarabağ müharibəsi iştirakçısı Nürəddin Xoca: Manvel Eqizaryan adlı erməninin yaratdığı “Arabo” batalyonu Suriya, Livan, Fransa, ABŞ və Sovet-Əfqanıstan döyüşlərində iştirak etmiş muzdlulardan ibarət idi. 29 iyun 1992-ci il tarixində Gəncə batalyonunun komandiri Mehman Ələkbərova kəşfiyyat rotasının komandiri Vaqif Həmidovdan Ağdərənin Həsənqaya kəndinə tərəf böyük erməni silahlı qüvvələrinin yaxınlaşdığı barədə məlumat gəldi. Mehman Ələkbərov kəşfiyyata kəndin qırağında yerləşən əkin sahəsində mövqe tutmaq əmri verdi. Özü isə batalyonu həyacan siqnalı ilə qaldıraraq, bütün qüvvələri ilə Həsənqaya kəndinə tərəf hərəkətə başladı. Komandirin məharətli manevri sayəsində erməni qüvvələri mühasirəyə alındı, 3 saat davam edən qızğın döyüşün nəticəsində tamamilə məhv edildi. “Arabo”nun komandiri Eqizaryan və daha 3 nəfər muzdlu qaça bilmişdi. 167 nəfər düşmən cəsədi Həsənqaya kəndinin qırağında qaldı. Beləliklə, Avropanın məğlubedilməz kimi mifləşdirilmiş muzdlu dəstələrindən sayılan, Xocalı və Qaradağlı soyqırımının bir nömrəli günahkarlarından olan “Arabo” batalyonu Gəncəlilər tərəfindən məhv edildi. Ermənilər bu məğlubiyyəti iki il ərzində gizli saxladılar. Lakin 1994-cü ildə Manvel Eqizaryanın özü bunu etiraf etdi.
Təbii ki, Həsənqaya döyüşünün nəticələri erməni silahlı qüvvələrində ruh düşkünlüyü və əksinə, Azərbaycanın silahlı qüvvələrində böyük ruh yüksəkliyi yaratmışdı. Məhz bu əhval-ruhiyyə həmin dövrə qədər ermənilərin nəzarətində olan Kəlbəcər yolunun bizim qüvvələr tərəfindən azad edilməsində mühüm rol oynadı.
Qəhrəman Şəhər
Elsevər İbrahimov, keçmiş partiya və dövlət xadimi: Müharibənin ilk günlərindən başlayaraq, qaçqın və köçkünlərin böyük əksəriyyəti əvvəlcə Gəncəyə pənah gətirirdilər. Cəbhə bölgələrinin ərzaq, geyim və digər lazımi əşyalarla təminatı da məhz Gəncədə təşkil olunurdu. Döyüşə yollanan əsgər və zabitlərimiz, könüllülərin böyük əksəriyyəti ilk təlimlərini Seyfəli poliqonunda keçir, silah-sursatla davranmağı, texnikadan istifadə qaydalarını öyrənirdilər. Hərbi hissələrin heyəti də burada formalaşırdı. Seyfəli poliqonunun ərzaq və lazımi avadanlıqlarla təminatı isə yenə də Gəncənin öhdəsində idi. Bir sözlə müharibənin bütün ağırlığı ilk növbədə Gəncə və gəncəlilərin çiynində idi.
Belə həlledici məqamda demək olar ki, bütün gəncəlilər “Hər şey cəbhə üçün!” prinsipi ilə yaşayırdılar. Mövcud durumda əsas vəzifə döyüş xəttində və poliqondakı hərbi texnikanın döyüşə yararlı hala gətirilməsi, əsgərlərimizin müəyyən problemlərinin həlli idi. Ərzaq, kazarma, paltar və digər müxtəlif təminatların tapılması, komplektləşdirilməsi, döyüş bölgəsinə çatdırılması işlərinin hamısı Gəncənin öhdəsində idi. Şəhərin fəaliyyət göstərən müəssisələri arasında bölgü aparılmışdı. Hər müəssisə həftədə bir dəfə bu və ya digər döyüş bölgəsinə bir yük maşını ərzaq və digər ləvazimatlar göndərirdi. Belə yardımlar respublikanın digər rayonlarından da gəlirdi, lakin əsas yük məhz Gəncə və gəncəlilərin çiyninə düşmüşdü. Həm də bu məsələ təkcə müəssisələrin hesabına həll edilmirdi, əhalinin də böyük köməkliyi vardı. Sadə gəncəlilər döyüşçülərimiz üçün, kimin nəyə gücü çatırdısa - ərzaq, isti paltar və sair gətirirdi.
Bütün respublikada çörək qıtlığı problemi bürümüşdü. Məsələnin müsbət yönümdə həll edilməsində işgüzar gəncəlilərin müstəsna rolu oldu. Belə ki, Gəncəli iş adamları öz pulları ilə Yalamadan Gəncəyə un gətirir, çörəkbişirmə müəssisələrinə təhvil verirdilər. Unun pulunu isə yalnız çörək satıldıqdan sonra alırdılar. Məhz bu insanların sayəsində təkcə şəhərimizdə deyil, həm də döyüş bölgələrində çörək problemini həll etmək mümkün oldu.
Texnika məsələsində böyük problemlər vardı. Sovet dövründən qalmış hərbi texnika və cəbhəyə lazım olan digər maşınlar Avtomobil təmiri, Cihazqayırma, Əlvan Metalların Emalı zavodlarında təmir edilir, hətta bəziləri müəyyən qədər zirehli formaya salınırdı. Zavod işçiləri, ustalar, fəhlələr gecələr də işləməli olurdular.
Hamının bir fikri vardı: “Vətən azad olmalıdır”!
İllər sonra keçmişə nəzər salanda tam məsuliyyəti ilə deyə bilirəm ki, həmin dövrdə gəncəlilər əsl vətənpərvərlik, qəhrəmanlıq nümunəsi göstərdilər və Gəncə şəhəri sözün əsl mənasında “Qəhrəman şəhər” adına layiqdir.

Elcan Oruclu


ETİKET :  

Daha Çox