-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Gəncə Hava Limanına Nizami Gəncəvinin adı verilsin” - Təklif

"Gəncə Beynəlxalq Hava Limanı hələ də KVD (Kirovabad) olaraq qeyd edilir"

16:16:33 | 2021-01-28

Milli Məclisin deputatı Naqif Həmzəyev Gəncə Beynəlxalq Hava Limanına dünya bədii mədəniyyət tarixinin möcüzələrindən olan Nizami Gəncəvinin adı verilməsini təklif edib.

GancaPost.info xəbər verir ki, deputat məsələ ilə bağlı bildirib ki, dövlət başçısı İlham Əliyev tərəfindən bu ilin “Nizami Gəncəvi İli” elan edilməsi dahi Azərbaycan şairinin dünyaya daha geniş təbliğ edilməsinə növbəti töhfədir: "Gəncə Beynəlxalq Hava Limanının adının Azərbaycanın bəşəriyyət tarixinə bəxş etdiyi dahi şəxsiyyətin adına uyğun kodlaşdırılması “Nizami Gəncəvi ili”nə daha bir ərməğan olardı.

Eyni zamanda, şəhərə gələn və gedən qonaqların, turistlərin aldıqları biletlərin üzərində və uçuş tablolarında Gəncə Beynəlxalq Hava Limanını KVD (Kirovabad) olaraq deyil, Gəncənin və Nizami Gəncəvinin adına uyğun GNJ qeyd edilərdi. Türkiyənin İstanbul şəhərindəki Atatürk Hava Limanının kodu şəhərin adına uyğun olaraq İST, Moskvadakı Domodedovo aeroportunun kodu Domodedovo sözünə uyğun olaraq DME, Bakıdakı Heydər Əliyev adına hava limanının kodu Heydər Əliyev sözünün ingilis dili variantına uyğun olaraq GYD-dir”.

Qeyd edək ki, 1989-cu ildə Gəncənin tarixi adı bərpa edilsə də, indiyədək Beynəlxalq Hava Nəqliyyatı Assosasiyasında Gəncə Kirovabad (1935-ci ildə Gəncənin adı dəyişdirilərək Sergey Kirovun şərəfinə Kirovabad qoyulub) kimi tanınır. Belə ki, hələ də Gəncə Hava Limanının inisialı "KVD”, yəni "Kirovabad” olaraq göstərilir.


ETİKET :  

Daha Çox