-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncə hadisələrinin bir ili tamam olur

Sabiq təhlükəsizlik zabiti Elmar Vəliyevin vurulması və Gəncə işinin 1 ilini təhlil etdi.

14:59:13 | 2019-07-03

İyulun 3-də Gəncə hadisələrinin bir ili tamam olur. Ötən ilin bu günlərində kimsənin ağlına gəlməzdi ki, Gəncənin İcra başçısı Elmar Vəliyevə atəş açılacaq.

Bu hadisə elə bir günə təsadüf eləmişdi ki, Mingəçevirdə ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES-in 6-cı enerji blokunda partlayış baş vermişdi.

Ölkənin zülmətə qərq olduğu vaxtda E.Vəliyevə Gəncə İH-in qarşısında sui-qəsd edildi və cinayəti törədən Yunis Səfərov dərhal həbs olundu.

Ölkədə böyük səs-küy doğuran hadisənin ardınca sosial şəbəkələr üzərindən Gəncənin mərkəzinə mitinq təyin olundu. Tələb E.Vəliyevin Gəncəni tərk eləməsi idi.

İyulun 10-da meydanda asayişi təmin edərkən iki polis polkovniki xəncərlə qətlə yetirildi. Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavini, polkovnik İlqar Balakişiyev və Nizami rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov həlak oldular.

Sabiq təhlükəsizlik zabiti, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a bildirir ki, Gəncə hadisələri bir nəfərin kobud idarəçiliyinə, məmur özbaşınalığına etiraz olsa da, hadisədən sonrakı proseslər qlobal xarakter daşıyırdı, həm xaricdə, həm daxildə düşmən güclər vəziyyətdən yararlana bilərdi: “Üstəlik, hakimiyyətin yox, dövlətin əleyhinə müəyyən işlər görülə bilərdi”.

Sabiq MTN polkovniki Gəncə hadisəsində müəyyən güclərin xəbərdarlıq mesajı verməsini istisna etmir: “2009-cu ildə Neft Akademiyasındakı terror da xəbərdarlıq idi. Lakin Gəncədəki hadisələr kütləvi iğtişaşa çevrilmədi.

Mingəçevirdə enerji blokunun partlayışının mümkündür ki, Gəncədəki hadisə ilə bağlantıları var. Çünki respublikada enerji problemi yaranır, hamının narazılığı üzə çıxır. Və Gəncə kimi bir yerdə başçı vurulur. Gəncə elə-belə yer deyil. Amma bu iki hadisə arasında birbaşa bağlılıq olduğunu tam olaraq deyə bilmərəm.

Əvvəla, kütləvi narazılıq yaradacaq obyektlərdə gərək yeyinti olmasın. Araşdırmalar ortaya çıxardı ki, nöqsanlar olub, yeyintilərə yol verilib və heç kəs tamahına sədd çəkməyib. Gərək imkan verilməsin ki, bundan istifadə edib camaatı ayağa qaldırsınlar".

Qeyd edək ki, hazırda Sabunçu rayon Məhkəməsində Gəncə hadisələri ilə bağlı 4 cinayət işi üzrə proses aparılır.

Həmin məhkəmə dinləmələrinin heç biri birbaşa E.Vəliyevə sui-qəsdlə əlaqəli deyil. Sabiq İcra başçısına qarşı sui-qəsdlə bağlı prosesin nə vaxt başlanacağı da hələlik bəlli deyil.

Baş prokuror Zakir Qaralov deyib ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində respublikada böyük ictimai rezonansa səbəb olan bir sıra cinayət işinin istintaqı müvəffəqiyyətlə aparılıb.

Bu işlər sırasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı törədilmiş terror aktı, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi, terrorçuluq və sair xüsusilə ağır cinayət əməlləri törətdiklərinə görə istintaq edilən iş üzrə ümumilikdə 29 nəfərin təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs-qətimkan tədbirlərinin seçilməsi təmin edilmiş, həmin şəxslərdən 11-i barəsində beynəlxalq axtarış elan olunmaqla hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Həmin cinayət işinin materiallarından 51 şəxs barəsində 6 cinayət işi ayrıca icraata ayrılaraq aidiyyəti üzrə baxılmaları üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd olunan qanlı olayların Gəncədə planlaşdırılmasını bir çox ekspertlər sabiq İcra başçısı Elmar Vəliyevin yerli əhali ilə saymazyana, bir çox hallarda bütün əndazələri aşan münasibətindən doğması ilə əlaqələndirirlər. Bu gün isə Gəncədə sabitlik, sakitlikdir.

Yeni İcra başçısı Niyazi Bayramov əhali ilə daim təmasdadır, əhali tərəfindən onun davranışları, idarəçiliyi təqdir olunur.


ETİKET :  

Daha Çox