-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə yaradılan “Türk Ədəmi-Mərkəziyyət” Partiyası - TARİX

1917-ci il Fevral inqilabından sonra keçmiş "Difai" partiyasının üzvləri tərəfindən Gəncədə yaradılıb.

03:12:22 | 2019-05-01

Türk Ədəmi Mərkəziyyət Partiyası - 1917-ci ilin mart ayının 20-də günorta namazından sonra Nəsib bəy Usubbəyov başda olmaqla və Şəfi bəy Rüstəmbəyov, Həsən bəy Ağayev, Mirzə Məhəmməd Axundzadə, Xəlil bəy Xasməmmədov, Abuzər bəy Rzayev, Musa bəy Rəfiyev, Müseyib bəy Hacı Zeynal oğlu və Həmid bəy Usubbəyovun iştirakı ilə Gəncədə yaradılmışdı. Partiya Çar Rusiyası ərazisində federativ respublika yaradılması ideyasını irəli sürmüşdü. Partiyanın əsas dayağını bəylər, ziyalılar və qismən kəndlilər təşkil edirdilər.

Partiya 1917-ci ilin aprelin 2-də Nəsib bəy Usubbəyovun rəhbərliyi ilə Gəncədə Şah Abbas məscidinin həyətində böyük mitinq təşkil edir. Mitinqdə üzərində 'Yaşasın Demokratik Respublika', 'Yaşasın Azərbaycan Muxtariyyəti', 'Yaşasın Türk Ədəmi Mərkəziyyət' sözləri yazılmış qırmızı bayraqlar dalğalanırdı. 'Kaspi' qəzetinin yazdığına görə, natiqlər gurultulu alqışlarla qarşılandılar. Qısa müddət ərzində partiyaya 500-dən çox üzv yazıldı. Partiya ətrafına az bir zaman içərisində Gəncənin, onun ətraf bölgələrinin ziyalılarını, bəylərini, böyük hörmət sahibi olan şəxslərini, qaçaqları topladı. Gəncənin el atası sayılan, böyük söz sahibi Ələkbər bəy Rəfibəyov, ilk Milli Təhlükəsizlik Xidmətinin rəhbərləri olmuş Nağı və Məmmədbağır bəy Şeyxzamanov qardaşları, vəkil Ələkbər bəy Xasməmmədov, Ələsgər bəy Xasməmmədov, Gəncə ziyalılarından İdris Axundzadə, pedaqoq Əliqara bəy Məmmədli və s. Qaçaqlardan Qaçaq Qəmbər, Samuxlu Məmmədqasım və s.

Partiyanın proqramı 19, 20, 24 may tarixli 'Kaspi' qəzetində dərc olunmuşdu. Proqramda deyilirdi ki, 'Türk Ədəmi Mərkəziyyət Firqəsi' demokratik partiya kimi zəhmətkeş xalq kütlələrinə arxalanır və Rusiyada islama etiqad edən bütün türk zəhmətkeş kütlələrinin iqtisadi-sinfi və milli-mədəni mənafelərini müdafiə etməyə çalışır. Partiya dövlətin federativ əsaslarla yenidən qurulması üçün 'Dövlət quruluşu' adlı birinci bölmədə 9 tələb irəli sürürdü. Bütün türk xalqlarına, o cümlədən Azərbaycan, Türküstan, Qırğızıstan və Başqırdıstana ərazi muxtariyyəti verilməsi və beynəlxalq sülhün saxlanması üçün daimi qoşunun xalq milisi ilə əvəz olunması tələb edilirdi.

'Ümummilli məsələ' adlı ikinci bölmədə isə Rusiya türklərinin mədəni, milli ittifaqının yaradılması, onun forma, tərkib və funksiyasının müəyyən edilməsi üçün qurultay çağırılması nəzərdə tutulurdu.

'Dini məsələlər' adlı üçüncü bölmədə Rusiyanın bütün müsəlmanlarının Şeyxülislamın başçılığı altında birləşdirilməsi fikri irəli sürülürdü.

Dördüncü bölmə muxtar qurum vətəndaşlarının cinsi, milli mənsubiyyəti və dini etiqadından asılı olmayaraq, bərabər hüquqlara malik olmasını nəzərdə tuturdu.

Proqram maliyyə və iqtisadi siyasət sahəsində mütərəqqi vergi sistemini məqbul hesab edirdi. "Aqrar məsələ" bölməsində partiya dövlət mülkiyyətində və xüsusi mülkiyyətdə olan bütün torpaq sahələrinin, əvəzi ödənilmək şərtilə, müsadirə edilib torpaq fondu yaradılmasını nəzərdə tuturdu.

Yeddinci bölmə "Fəhlə məsələsi" adlanırdı. Burada fəhlə qanunvericiliyinin yayılması və qanunun icrası üzərində fəhlə nəzarətinin qoyulması, 8 saatlıq əmək günü, qocalığa və iş qabiliyyətini itirməyə görə dövlət sığortası və s. kimi maddalər öz əksini tapmışdı.

"Məhkəmə icrası" bölməsi məhkəmənin hər cür təsirdən və təzyiqdən azad olmasını nəzərdə tuturdu.

"Məktəb məsələsi" adlı doqquzuncu bölmədə xalq maarifinin demokratik əsasda təşkili və azad tədrisi planlaşdırılırdı. Təhsil ibtidaidən aliyə birbaşa əlaqəli surətdə qurulması idi. İbtidai və orta məktəblərdə, türk və rus dilləri məcburi olmaq şərtilə, çoxluğun dili, ali məktəblərdə ümumi türk dili tədris olunmalı idi.

1917-ci ilin 15-20 aprel tarixində baş tutan Qafqaz Müsəlmanlarının qurultayında "Türk Ədəmi-Mərkəziyyət" və "Müsavat" partiyaları eyni mövqedən çıxış edirdilər. 1917-ci il iyun ayında "Müsavat" partiyası ilə "Türk Ədəmi-Mərkəziyyət" partiyası birləşərək, "Türk Ədəmi-Mərkəziyyət Firqəsi-Müsavat" adı altında fəaliyyətə başladı.

Partiyanın 8 nəfərdən ibarət Mərkəzi Komitəsi yaradıldı ki, bu isə Bakı və Gəncə şöbələrini əhatə edirdi. Bakı şöbəsinə Məhəmməd Əmin Rəsulzadə, Məmməd Həsən Hacınski, Musa Rəfiyev, Mustafa Vəkilov, Gəncə şöbəsinə Nəsib bəy Usubbəyov, Həsən Ağayev, Şəfi bəy Rüstəmbəyli və Mirzə Məhəmməd Axundzadə seçildilər. Bu iki partiyanın birləşməsi Azərbaycanda siyasi qüvvələr nisbətinin tənzimlənməsində, milli istiqlal uğrunda mübarizənin güclənməsində və bir məqsədə yönəldilməsində mühüm rol oynadı, Azərbaycan muxtariyyəti və sonra istiqlaliyyəti ideyasının gerçəkləşməsinin təməlini qoydu.

Qeyd edək ki, Türk Ədəmi Mərkəziyyət Partiyasının rəhbərliyi altında Ərzincan müqaviləsinin şərtlərinə uyğun olaraq Sarıqamışdan qayıdan rus ordusu Şəmkir stansiyasında (1918-ci ilin 8-10 yanvar Şamxor davası) tərksilah edilmişdi. Alınan silahlar Gəncəyə aparılmış və 1918-ci ilin ilin iyun ayında Azərbaycan Xalq Cümhuriyyəti ordusunun formalaşmasında istifadə olunmuşdu.

GancaPost


ETİKET :  

Daha Çox