-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncə DSMF-nin rüşvət alan işçilərinin məhkəməsi başlayır

Baş Prokurorluq: Külli miqdarda rüşvət alan DSMF əməkdaşlarının işi məhkəməyə göndərilib.

16:23:11 | 2020-12-29

“230 min 906 manat məbləğin də maddi ziyanın 197 min 245 manatı ödənilib”

Dövlət Sosial Müdafiə Fondunun vəzifəli şəxsləri barəsində olan cinayət işi məhkəməyə göndərilib.

GancaPost.info xəbər verir ki, məlumatı Baş Prokurorluq yayıb.

Bildirilir ki, Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz və Nizami rayon şöbələrinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı DSMF-dən şikayətlər alıblar.

Həmin şikayətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirib.

Daha sonra isə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb: “Məlum olub ki, Fondun Gəncə şəhər Nizami rayon şöbəsinin Sosial sığorta sektorunun baş məsləhətçisi vəzifəsində işləmiş Elçin Ələkbərov, fondun Gəncə şəhəri Kəpəz şöbəsinin müdiri vəzifəsində işləmiş Arif Qəmbərov və pensiya təyinatı sektorunun müdiri Səmayə Eminova əlbir olub ayrı-ayrı şəxslərə saxta sənədlər əsasında pensiya təyin ediblər. Bunun müqabilində 5 nəfərdən ümumilikdə 23 min 500 manat pul alıblar. Həmin vəsaiti öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf ediblər. Eləcə də öz qulluq mövqeyindən istifadə edərək fonda məxsus 19 min 280 manat məbləğində pul vəsaitini israf etməsinə əsaslı şübhələr müəyyən edilib”.

Bundan başqa, onlar vətəndaş Şahin Məmmədov ilə birlikdə eyni məqsədlə ayrı-ayrı şəxslərdən ümumilikdə 136 min 300 manat məbləğində pul alıb. Həmin vəsaiti öz aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməsinə, eləcə də öz qulluq mövqeyindən istifadə edərək fonda məxsus 113 min 965 manat məbləğində pul vəsaitini israf etməsinə əsaslı şübhələr müəyyən edilib:

“Bundan əlavə, Elçin Ələkbərovun ayrı-ayrı şəxsləri aldadaraq ümumilikdə 39 min 361 manat məbləğində pul vəsaitini ələ keçirərək dələduzluq etməsinə, həmin şəxsləri rüşvət verməyə təhrik etməsinə, öz qulluq mövqeyindən istifadə etməklə vətəndaş Əbülfəz İbrahimov və digərləri ilə birlikdə 22 nəfərə məxsus cəmi 58 min 300 manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etməsinə, həmin şəxsləri rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib”.

Baş Prokurorluq bildirib ki, iş üzrə toplanmış sübutlar əsasında Elçin Ələkbərova, eləcə də qeyd edilən digər şəxslərlə birlikdə cəmi 7 nəfərə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və israf etmə), 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 311.3-cü (külli miqdarda rüşvət alma) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib:

“Cinayət işi üzrə aparılan istintaq zamanı vurulmuş 230 min 906 manat məbləğin də maddi ziyanın 197 min 245 manat hissəsinin ödənilməsi təmin edilib”.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun vəzifəli şəxsləri barəsində olan cinayət işinin materialları Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


ETİKET :  

Daha Çox