-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə qiymətlər od tutub yanır - Mövsüm meyvələri niyə bahadır?

Marketlərdə mövsüm meyvələrinin qiyməti ilə nəinki qışa tədarük görmək, heç doyunca alıb yemək də olmur.

16:27:00 | 2019-06-22

Əriyin bir kiloqramının qiyməti 3-4 manat, gilasın ən yeməli növü olan "öküzürəyi" nin qiyməti 5-7 manat, gilasın qiyməti 3-4 manat, çiyələyin qiyməti də 3-4 manat arasında dəyişir.

Marketlərdə mövsüm meyvələrinin qiyməti ilə nəinki qışa tədarük görmək, heç doyunca alıb yemək də olmur.

60 yaşlı Gəncə sakini Məlahət Əliyeva əməkdaşımızla söhbət zamanı deyir ki, hələ ərikdən başqa heç bir mövsüm meyvəsini alıb dadmayıb. Həmsöhbətimiz deyir ki, mövsüm meyvələrindən nübar etmək üçün meyvələrin qiymətinin ucuzlaşmasını gözləyir: "Ötən il bu vaxt mən çiyələkdən də, gilasdan da yeyib doymuşdum. Amma bu il meyvə az qala sovulur, mən hələ bir kiloqram gilas alıb yeyə bilməmişəm".

Şəhər əhalisinin mövsüm meyvələrinin qiyməti ilə bağlı narazılığı heç də əsassız deyil. Apardığımız müşahidələr də göstərir ki, Gəncədə marketlərdə mövsüm meyvələrinin qiyməti sözün əsl mənasında od-tutub yanır. Elə vətəndaşları da düşündürən əsas məsələ bunun səbəbidir.

Gəncədəki supermarketlərdən birinin satıcısı bildirir ki, marketdə qiymətlər rəhbərlik tərəfindən müəyyənləşdirilir, ona görə də, səbəbini bilmədiklərini söyləyirlər. Satıcılar həm də qiymətlərin baha olmasının səbəbini bu il məhsuldarlığın az olması və müxtəlif səbəblərlə izah edirlər. Bizə gətirilən məhsul yerindən baha alındığı üçün baha satılır.

Şəhər sakini 62 yaşlı Svetlana Rzayevə isə deyir ki, bir kiloqramı 4 manata gilas alıb mürəbbə bişirmək mümkünsüzdür. Meyvənin üzərinə şəkərin qiymətini də gələndə bir kiloqramlıq banka gilas 10 manatdan yuxarı xərc aparır.

Həmsöhbət olduğumuz Gəncə marketindəki digər satıcının sözlərinə görə, mövsüm meyvələrinin qiymətinin baha olmasına təsir edən daha bir amil meyvələrin rayonlardan birbaşa Rusiya bazarlarına daşınmasıdır: "Rayonlarda iri yük maşınları meyvə almaq üçün növbə gözləyir. Elə yerindəncə kilosunu 2 manata, 2 manat 50 qəpiyə alıb yükləyirlər maşınlara. Sonra da Bakı və Rusiya bazarlarına aparırlar".

Apardığımız araşdırmalar zamanı məlum oldu ki, mövsüm meyvələrinin qiymətinin baha olmasının bir neçə səbəbi var: "İlk səbəb meyvələrin ilkin yaz dövründə iqlim təsiri oldu. İki həftə yağan yağışlar, dolu və s. Bu da məhsuldarlığa öz təsirini göstərdi. Digər səbəb iri təsərrüfatlardan mövsüm meyvələrinin Rusiya bazarına daşınmasıdır. Bu gün Rusiya bazarında mövsüm meyvələrinə tələbat böyükdür. Bu da qiymətə təsir edir. Eyni zamanda daxili bazarda da mövsüm meyvələrinə tələbat böyükdür. Üstəlik digər meyvələrlə müqayisədə bu meyvələrdən qışa daha çox tədarük görülür. Bütün bunlar bu gün mövsüm meyvələrinin qiymətinin baha olmasına gətirib çıxardır".


ETİKET :  

Daha Çox