-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə qədim kilsə uçmaq üzrədir - Təhlükə

Yaşı II əsrdən də artıq olan qədim kilsə hazırda baxımsızlıqdan uçmaq üzrədir.

22:47:56 | 2019-01-20

Gəncə şəhər əhalisi arasında "Qaraçılar" adlanan ərazidə yerləşən və yaşı II əsrdən də artıq olan qədim kilsə hazırda baxımsızlıqdan uçmaq üzrədir.

GencePost.com xəbər verir ki, həmin ərazidə yaşayan sakinlərin dediyinə görə, küləkli hava olanda tikilinin yuxarı hissəsindən daşlar küçədən keçən sakinlərin üzərinə düşür. Dəfələrlə aidiyyatı qurumlara müraciət olunsa da, problem öz həllini tapmayıb.

XIX əsrdə ruslar Gəncəni işğal etdikdən sonra xristianların ilk ibadət yeri məhz, bu kilsə olub.

Kilsənin ətrafında şəhər uğrunda gedən döyüşlərdə həlak olan rus əsgərlərinin dəfn olunması üçün qəbristanlıq da salınıb. Hazırda ərazidə olan yeganə baş daşı deyilənlərin sübutu kimi bu günümüzə qədər gəlib çatıb. Uzun illərdir kilsə kimi istifadə edilən binanın hazırda istifadəsiz qalmasına isə Gəncənin qocaman tədqiqatçısı Hamlet Allahverdiyev bu cür izah edir: "O kilsə ibadət üçün çox kiçik olub. 1804-cü ildən sonra Gəncəyə tam nəzarəti ələ keçirən ruslar indiki Hacı Əli Hüseynzadə küçəsində yerləşən Aleksandr Nevski adına kilsəni tikdilər. Kilsənin yerində Ziyadxanlılara məxsus Xan məscidi olub. Onu ruslar uçurdular və o məscidin kərpiclərindən istifadə olunaraq tikintisi 1885-ci ildə başa çatan indiki Aleksandr Nevski adına Rus-Provaslav kilsəsini tikdilər".

Həmin dövrdən də kiçik olan kilsənin binası öz əhəmiyyətini itirərək istifadəsiz qalıb. Və bu günümüzə qədər abidə Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən qeydə alınmayıb.

Hazırda isə sakinlərin narahatçılığı baxımsızlıqdan ətrafında tikilən evlər üçün təhlükə yaradan bu tikilinin vəziyyətidir.

Aidiyyatı qurumlar məsələni ciddi nəzarətə götürsələr yaxşı olar, yoxsa kilsənin qəzalı olan barıları uçaraq ətrafa zərər verməyəcəyinə heç kim zəmanət verə bilməz.


ETİKET :  

Daha Çox