-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Satılan dövlət obyektlərinin sonrakı taleyi necə olur?

Məlumata görə, Dövlət Əmlak Komitəsi 76 dövlət əmlakını satışa çıxaracaq. Komitədən bildirilib ki, investorlar elektron hərrac sistemi ilə virtual müstəvidən sifariş verməklə yanaşı, hərrac günü prosesdə onlayn formada iştirak edə bilərlər.

22:18:45 | 2019-01-04

Satılan obyektlərdən 23-ü səhmdar cəmiyyət, 33-ü kiçik dövlət müəssisəsi, 20-si isə qeyri- yaşayış sahəsidir. Satışa çıxarılan bu obyektlər respublikamızın müxtəlif yerlərində yerləşir.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları və bundan başqa mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşdirmədə iştirak etməyə dəvət edir.
Bəs bu satılan dövlət obyektlərinin sonrakı taleyi necə olur? Satılan obyekt özəlləşəndən sonra olur kiminsə mülkiyyətində. Həmin mülkün sahibi də fikirləşir ki, buranı pul verib almışam və burada kefim nə istəsə edə bilərəm. İstəyərəm zavodu söküb dəmir-dümürünü xırıd eləyərəm, yerində də “novostroyka” tikərəm, ya da torpağı istədiyim adama sataram. Yəqin ki, çoxu belə edir.
Gəlin, respublikamızın bir vaxtlar ikinci sənaye şəhəri olan Gəncəni misal kimi götürək. Baxaq görək özəlləşmədən qabaq şəhərdə vəziyyət necə idi və indi necədir?
Özəlləşmədən əvvəl şəhərdə Qənnadı fabriki, Çini Qablar zavodu, Yağ-Piy kombinatı, Toxuculuq kombinatı, Gəbə fabriki, Cihazqayırma zavodu, Gil-Torpaq kombinatı, Pambıq zavodu və onlarla adını çəkmədiyim zavod və fabriklər vardı. Buralarda da on minlərlə əhali işləyib ailəsini dolandırırdı.
Mərhum sənətkarımız Əliağa Ağayev demişkən: onlar nooldu?..
Eşitdiyimə görə, bu dövlət müəssisələri özəlləşdirildikdən sonra əksəriyyəti sökülərək avadanlıqları və orada olan dəmirlər müxtəlif yerlərə satılıb. Bu zavod və fabriklərin avadanlıqlarını, borularını, armaturlarını və ümumiyyətlə, müxtəlif əşyalarını almaq istəyənlər Yeni Gəncə deyilən yerə gedib Hacı Rəşid kişidən ala bilərlər.
Ona görə də şəhərdə işsizlikdir. Bunu əyani surətdə görmək üçün Gəncədəki çayxanalara baş çəkmək kifayətdir. Şəhər əhalisinin ən çox üz tutduğu yer elə çayxanalardır.
Camaat yığışıb bütün günü ya domino, ya da nərd oynayır. Əksəriyyəti də işləmək qabiliyyəti olan insanlardır. Bir dostum hətta mənə danışıb ki, “səhər 10-11 arası artıq çayxanada oluruq. Stol arxasında öz yerlərimizi tutandan sonra gözləyirik ki, görək çayı kim sifariş verəcək. Çünki çayı sifariş edən pulu da o verir...”.
Nə isə, Gəncəlilər günlərini bax beləcə keçirirlər.
Vəziyyətin bu acınacaqlı hala düşməsində günah kimdədir? Yəqin ki, mənimlə razılaşarsınız ki, azı 80 faiz günah özəlləşmənin bu formada aparılmasındadır. Gəncədə çox gözəl Çini Qablar Zavodu var idi. Var idi deyəndə, indi də var. İşlədiyi vaxtlar Gəncəni və ətraf rayonları istehsal etdiyi qablarla təmin edirdi. İndi isə bu məhsullar Çindən gətirilir.
Mən özüm şahidəm ki, bu zavodun sobalarını söküb yanmaya davamlı kərpiclərinə kimi satdılar. Götürək, Gəbə kombinatını. Gəncəyə gələn bütün xarici qonaqlara bu zavodun məhsulu olan dahi şairimiz Nizami Gəncəvinin əksi həkk olunmuş təmiz yundan hazırlanmış gəbə bağışlanırdı. O zaman bu gəbələr heç bir dükanda tapılmırdı. Tələbat çox idi. Ancaq indi Çindən mənşəyi məlum olmayan gəbələr gətirib şəhərdə satırlar.
Bəs vəziyyətin bu hala düşməsinin günahı kimdədir? Yəqin ki, oxucular mənimlə razılaşar ki, əsas səbəblərdən biri özəlləşmənin bu formada aparılmasındadır.
Yaxşı olardı ki, dövlətin hər hansı bir müəssisəsini alan adamın qarşısında müəyyən şərtlər, tələblər qoyulardı. Məsələn, onlardan soruşulardı ki, bu zavodu, fabriki özəlləşdirməkdə məqsəd nədir? Nə üçün alır və aldıqdan sonra orada hansı işləri görəcək? Əgər alan adam oranı söküb avadanlıqları, dəmirləri satıb pul qazanmaq məqsədi güdürsə, beləsinə zavod, fabrik satılmasın. Yəni elə adama satılmalıdır ki, həmin adam zavodu daha da müasirləşdirəcək, yeni avadanlıqlar alacaq camaatı işlə təmin edəcək. Əlbəttə, dövlətin də bu işdə köməyi olmalıdır. Həmin adama güzəştli şərtlərlə kredit verilməli, ən azı 2 il vergidən azad olunmalıdır. Belə olarsa, özəlləşməyə investorlar daha da cəlb olunar və iş yerləri açılar. Yoxsa, biri gəlib 100 min manat verib bir müəssisə alır ki, orada olan ən azı üç yüz minlik avadanlıqları, əşyaları satıb pul qazansın. Belə də özəlləşmə olar?
Mən misal üçün ancaq Gəncə şəhərini gətirdim. Ona görə də bu sahədə artıq təcili tədbirlər görülməlidir.
P.S. Bir müddət əvvəl Əmlak Komitəsinin saytına sorğu göndərdim ki, satışa çıxarılan dövlət müəssisələrini hansı şərtlərlə satırsınız və zavod, fabrik alanlar hər hansı bir öhdəlik götürürmü? Cavabları bu oldu ki, istənilən şəxs özəlləşmədə iştirak edə bilər.

Eldar Səfixanov


ETİKET :  

Daha Çox