-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə Nuru Paşa adına Kitabxana açılıb

Gəncə Dövlət Universitetinin beşinci tədris binasında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə qurulmuş Nuru Paşa adına kitabxananın açılışı olub.

22:40:20 | 2018-12-24

GencePost.com xəbər verir ki, açılış mərasimində Türkiyə Respublikasının ölkəmizdəki səfiri Erkan Özoral, Gəncə şəhərindəki Baş konsul Zeki Öztürk, TİKA-nın təmsilçiləri, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti iştirak ediblər.

İştirakçılar Türkiyənin Gəncədəki Baş konsulluğunun dəstəyi ilə yaradılan və Osmanlı arxivlərində saxlanılan, Qafqazla əlaqəli olan sənədlərin sərgisi ilə tanış olublar. Məlumat verilib ki, sərgidə XVI-XIX əsrləri əhatə edən sənədlərdə bölgə ilə bağlı bir sıra tarixi məlumatlar öz əksini tapıb.

Səfir, həmçinin universitetin 80 illik həyatını əks etdirən muzeylə və Əlil Tələbələr üçün Mərkəzin fəaliyyəti ilə tanış olub.

GDU-da təhsil alan türkiyəli tələbələrlə görüşən səfir gənclərin təhsili ilə maraqlanıb, onlara gələcək həyatlarında uğurlar arzulayıb.

Sonra Nuru Paşa adına kitabxananın açılışı olub.

Açılış mərasimində çıxış edən Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov Nuru Paşa adına kitabxananın açılışını hər iki dövlət arasındakı elmi, ədəbi-mədəni əlaqələrin gələcək inkişafına böyük töhfə kimi dəyərləndirib.

Məlumat verilib ki, TİKA-nın maliyyə dəstəyi ilə qurulan kitabxana Qafqaz İslam Ordusunun komandanı, 1918-ci ildə Bakı şəhərinin bolşevik-daşnak işğalından azad olunmasında böyük xidmətlər göstərmiş türk ordusunun general-leytenantı Nuru Paşanın adını daşıyır.

Bütün zəruri inventar və avadanlıqlarla təmin olunan kitabxanada Azərbaycan-Türkiyə dostluğunu və qardaşlığını əks etdirən guşələr yaradılıb. Burada kompüterlər quraşdırılıb, sürətli internet xətti çəkilib. Oxu zalından və ayrı-ayrı şöbələrdən ibarət kitabxana universitetin müəllim və tələbələrinə xidmət göstərəcək.

360 kvadratmetr sahəsi olan kitabxananın 30 minlik kitab fondu var. Həmin kitabların 20 mini TİKA tərəfindən universitetə hədiyyə edilib. Gələcəkdə kitab fondunun daha da artırılması nəzərdə tutulub. Müasir kitab və dərs vəsaitləri ilə təmin olunan kitabxanada tələbələrə həm də elektron kitabxana xidmətlərindən istifadə üçün şərait yaradılıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov yeni kitabxananın açılışı münasibətilə kollektivi təbrik edib.

Tədbirdə çıxış edən Erkan Özoral TİKA-nın 1993-cü ildən Azərbaycanın inkişafı üçün müxtəlif layihələr həyata keçirdiyini xatırladaraq bildirib ki, bu illər ərzində Türkiyə tərəfindən reallaşdırılan layihələrin sayına görə Azərbaycan ilk pillələrdə yer alır.

“2018-ci ilin hər iki dövlət üçün əlamətdar hadisələrlə yaddaqalan olub. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 ili tamam olub. Həmin illərdə Birinci Dünya müharibəsində iştirak edən Osmanlı dövləti müharibənin sonuna yaxın bütün cəbhələrdə məğlubiyyətlə üz-üzə qalmasına baxmayaraq, ən bacarıqlı əsgərlərini Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın rəhbərliyi ilə Azərbaycana göndərib. Məhz bu ordunun köməyi ilə 1918-ci il may ayının sonu, iyunun əvvəllərində Gəncə şəhərindən başlanan qurtuluş savaşı sentyabrın 15-də Bakının erməni daşnak və bolşevik qüvvələrindən azad edilməsi ilə başa çatıb və Azərbaycan tam olaraq öz müstəqilliyinə qovuşub”, – deyə E.Özoral qeyd edib.


ETİKET :   Gəncədə Kitabxana Nuru Paşa

Daha Çox