-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədəki həkimlərin maaşı niyə verilmir? - Açıqlama

Gəncədə bəzi həkimlərin maaşı verilmir.

18:07:25 | 2021-02-17

Gəncə şəhər Yoluxucu Xəstəliklər Xəstəxanasının koronavirusla mübarizəyə cəlb edilən həkimlərinin yanvar ayı üzrə maaşları verilməyib.

Şikayətçi həkimlərdən biri bildirib ki, yanvar ayından COVID-19-la bağlı əlavə maaşlarını ala bilmirlər: “İndiyə kimi o pulları bizə zülmlə veriblər. İndi də Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Nazim Əhmədov pulumuzu tamamilə kəsib. Deyir ki, pul verilməyəcək. Niyə verilməyəcək, səbəb nədir, bu barədə heç nə demir. Yanvar ayında 55 koronavirus xəstəsi ilə işləmişik. Fevral ayı üzrə də hələ 13 xəstə var. Nəyə görə pulumuzu verməməlidirlər? Bütün həkimlər də işləyib. Hətta öz canımızı riskə atmışıq, həkimlər arasında virusa yoluxub vəfat edənləri də var. Mən özüm də koronaya yoluxdum, 21 gün xəstə yatdım. Dövlətdən bir dənə də olsun iynə, dərman verilmədi. Nə üçün covid xəstələri ilə işləyib virusa yoluxmalıyam, hələ sonra da öz cibimdən pul verib müalicə etdirməliyəm? Heç olmasa pulumuzu versinlər öz cibimizdən özümüzü müalicə edə bilək. Şikayətimizə heç bir yerdə baxılmır. Şikayətimizdən Gəncə şəhər İcra Hakimiyyətindən tutmuş səhiyyəyə qədər hər kəs xəbərdardır. Dünən də yığışıb aidiyyəti yerlərə şikayətə getdik. Nazim həkim qarşımıza şərt qoydu ki, səsinizi çıxarsanız, işdən atılacaqsınız. Niyə belə olmalıdır? Biz qorxa-qorxa, evdə uşaqlarımızı qoyub gəlib xəstələrə çox mükəmməl xidmət edirik. Nəyə görə bizim əziyyətimiz qiymətləndirilmir? Nəyə görə bizim pullarımız verilmir? Axı, Prezident özü koronaviruslu xəstələrlə işləyən həkimlərlə bağlı qərar verib. Nə səbəbdir ki, bizə Prezident tərəfindən verilən pulları onlar kəsirlər?”
Həkim daha bir məsələyə də toxunub. Həkim bildirib ki, xəstəxanada lift olmadığından bütün xəstələri yuxarı mərtəbələrə qucaqlarında aparırlar: “Biz gecə-gündüz burda əziyyət çəkirik. Qucağımızda 3-cü mərtəbəyə xəstə daşıyırıq. Belə şey olar? Xahiş edirik, burdakı vəziyyətə gəlib baxsınlar, maraqlansınlar”.
Məlumat üçün bildirək ki, dünən təxminən 50 həkim problemin həll edilməsi üçün Gəncə Şəhər İcra hakimiyyətinə gediblər. Onların İcra başçısı ilə görüşmək istəyini müxtəlif üsullarla əngəlləməyə çalışıblar. Mühafizəçilər başçısının işdə olmadığını deyiblər.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məsələni araşdırıb. Qurumdan BakiPost-a bildirib ki, “Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarına müvafiq olaraq yalnız yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən işçilərə aylıq vəzifə (tarif) maaşı əsasında cəlb olunduqları iş vaxtına mütənasib olaraq müddətli əlavələrin ödənilməsi nəzərdə tutulub: “Nəzərinizə çatdırırıq ki, yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə müddətli əlavələr tibb müəssisəsi tərəfindən təqdim edilmiş iş vaxtı tabellərinə, ilkin mühasibatlıq cədvəllərinə əsasən ödənilir. Belə ki, həmin tədbirlərə cəlb olunan tibb işçilərinin sayı infeksiyaya yoluxmuş xəstə sayında olan artım-azalmadan asılı olaraq tənzimlənir. Tibb müəssisələrinin rəhbərliyi tərəfindən xəstə sayı və ya xəstəlik şübhəsi olanların sayı çox olduqda daha çox tibb işçisinin, əksinə xəstə sayı və ya xəstəlik şübhəsi olanların sayı az olduqda isə daha az tibb işçisinin yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilməsi təmin edilir.
Tibb müəssisəsinin təqdim etdiyi məlumata əsasən, müraciətdə adı qeyd edilən tibb işçisinin əməkhaqqına yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edildiyi iş vaxtına mütənasib olaraq yanvar ayı üzrə müddətli əlavənin hesablanması nəzərdə tutulub.
Lakin bu günədək Gəncə Şəhər Səhiyyə İdarəsi tərəfindən yanvar ayı üzrə ilkin mühasibatlıq cədvəllərinin Agentliyə göndərilməməsi səbəbindən müddətli əlavələrin ödənilməsi mümkün olmayıb. İlkin araşdırmalar göstərir ki, yanvar ayında yeni növ koronavirus infeksiyasına yoluxanların sayında azalma baş verdiyindən mübarizə tədbirlərinə cəlb edilən tibb işçilərinin iş vaxtında da müvafiq qaydada azalma müşahidə olunub”.


ETİKET :  

Daha Çox