-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə Cümhuriyyət qurucularına abidə ucaldan 'HACI ADİL'

1949-cu il Zaqatala Üsyanının təşkilatçılarından olan - Hacı Adil Məşədi Polad oğlu Mirzəyev

04:25:17 | 2018-12-30

Gəncədəki 'Səbsikar' qəbristanlığında Azərbaycan Xalq Cümhuriyyəti qurucularının, 1920-ci il Gəncə Üsyanı iştirakçılarının, Difai partiyasının yaradıcıları üçün 'Difai fədailəri türbəsi', Milli Liderlərimizin - Şah İsmayıl Xətainin, Cavad Xanın, Səttar Xanın, Məhəmməd Əmin Rəsulzadənin, Fətəli Xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Usubbəyovun, Əlimərdan bəy Topçubaşovun büstləri ucaldılıb. Bu möhtəşəm işləri əslən Gəncənin Sofulu məhəlləsindən olan ağsaqqal Hacı Adil dayı öz şəxsi təşəbbüsü və vəsaiti hesabına 28 may 2009-cu ildə etdirib. Abidə kompleksinin önünə ehsan bulağı çəkdirilib və barelyefdə - 'Difai Partiyasının yaradıcıları, Azərbaycan Xalq Cümhuriyyətinin baniləri, 1920-ci il Gəncə üsyanının başçıları və şəhidlərinə Hacı Adil tərəfindən ehsan bulağı' yazılıb.

Belə böyük bir iş görmüş insanı yaxından tanımaq və tanıtmağı gərəkli saydıq. Nəhayət, onunla görüşdük. Çox maraqlı və ötkəm insan təsiri bağışlayan qəhrəmanımızın - Hacı Adil Məşədi Polad oğlu Mirzəyevin 86 yaşı var. Əvvəlcə danışmağa həvəsli görünmürdü, xüsusən də gördüyü iş barədə özünün danışmasını istəmirdi. Təkidlərimizdən sonra danışdı: 'Bu ideya beynimdə on illər idi vardı. Sadəcə Sovet hökuməti dövründə bunu etmək mümkün deyildi. Ölkəmiz müstəqil olandan sonra isə bu işi reallaşdırmağa maddi imkan yetmirdi. Mən iş adamı deyiləm, heç bir biznesim yoxdur. O abidələri Eldar Əzizov Gəncənin İcra başçısı olan vaxt - 2009-cu ildə qoydurmuşam. 'Səbsikar' məzarlığı ata-babamın uyuduğu məzarlıqdır. Orada bizim yerimiz var idi. Qərara gəldim ki, büstləri və Difai fədailəri türbəsini o yerdə ucaldım. Qəbristanlığın yolu bərbad idi. Asfalt çəkdirdim. Ağac əkdirdim. Abadlıq işi gördüm. Büstlərlə türbənin arasında çarhovuz düzəltdirdim. Şəhər rəhbərliyi də buna mane olmadı.
Büstlərə, türbəyə və abadlıq işlərinə sərf etdiyi vəsaitə gəlincə Hacı Adilin dilindən eşitdiyimizə təəccübləndik: 'Vaxtilə Bakıda 20 minə ev almışdım. Bahalaşma başlayanda 300 min manata satdım. O pulun 70-80 faizini bu işə xərclədim. Bəziləri hətta buna görə mənə təəccüblə baxırdı. Amma o pulu bu işə sərf etdiyim üçün qürur duyuram. Büstlərini ucaltdığım o böyük insanların hər biri Azərbaycan uğrunda həyatını sərf edib, həyatını qurban verib, məhrumiyyətə düçar olub. Onların etdiklərinin qarşılığında mənim etdiklərim böyük iş deyil.
Xalqımızın keçmişinə marağım, hörmətim uşaqlıqdan olub. Tariximizi, qəhrəman şəxsiyyətlərimizi öyrənmişəm. Keçmişini bilməyən, ona sahib çıxıb hörmət qoymayan xalqın gələcəyi ola bilməz. Atam Məşədi Polad və dayım Əliqara bəy Məmmədov 1920-ci il Gəncə Üsyanının iştirakçısı olublar. Dayım Əliqara bəy Türk Ədəmi Mərkəziyyət-Müsavat Partiyasının üzvü olub və 1937-ci ildə Nargin adasında güllələnib. Mən özüm 1949-cu ildən Difaiçilik ideologiyasının daşıyıcısıyam. 17 yaşım olanda rəsmən deyirdim ki, mən Difaiçiyəm'.
Qəhrəmanımız özü haqda danışdıqca heyrətamiz həyat hekayətinin olduğunu da öyrənirik. Məlum olur ki, 1949-cu ildə SSRİ-də böyük əks-sədaya səbəb olan Zaqatala üsyanının təşkilatçılarından biri Hacı Adil olub: 'O vaxt 17 yaşım var idi. Zaqatalada islah-əmək koloniyasında cəza çəkirdim. Orada hamını döyürdülər. Ciddi narazılıq yaranmışdı. Bu narazılığın etiraza, üsyana çevrilməsi üçün mən də daxil 6 nəfər təşkilatçılıq elədik. 1949-cu ildə 1200 nəfərlik koloniyada üsyan qaldırdıq. Üsyanda 11 nəfər öldü. 4 nəfəri bizim uşaqlardan, 7-si hökumət adamlarından. Daxili İşlər naziri, general Atakişiyev şəxsən gəlib üsyanın yatırılmasına rəhbərlik edirdi. Çoxlu həbslər həyata keçirildi. Atakişiyev mənə dedi ki, sən üsyankarsan və xalq düşməninin bacısı oğlusan. Şəxsi işimə də o vaxtdan 'buntar', yəni qiyamçı yazılmışdı. Üst-üstə 17 il yarım həbsdə yatmışam. İlk dəfə 15 yaşımda adam döymək ittihamı ilə 3 illiyə həbs olunmuşam. Zaqatalada cəza çəkirdim. Oradan qaçdım. 3 gündən sonra tutub qaytardılar. Zaqataladakı üsyandan sonra cəzamı artırdılar, məni apardılar Keşlə həbsxanasına. Buraxılmağa iki ay qalmışdı. Üsyankar adını daşıyan şəxs olduğum üçün hökumət adamları içəridə təxribat yaradıb mənə hücum elədilər. Özümü müdafiə elədim, nəticədə bir nəfər öldü. İşimi 8 il artırdılar'.
Hacı Adil dayının başı çox qəzavü-qədər çəkib.

Allahdan Hacı Adil dayıya uzun ömür, möhkəm can-sağlığı arzulayırıq.

Bu vətənpərvər əməli üçün Hacı Adil dayıya minnətdarlığımızı bildiririk və - Allah Sizdən razı olsun, ağsaqqal - deyirik!

GencePost.com


ETİKET :  

Daha Çox