-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə çirkab suları evlərin zirzəmisinə dolur

Su borusu partlayıb, saatlarla su küçəyə axır

13:50:06 | 2020-06-09

Gəncə şəhərində su borusunun partlaması ilə arxların daşması səbəbi ilə ətraf ərazilər insan sağlamlığı üçün təhlükəyə çevrilib.

GancaPost saytı "Report"-a istinadən xəbər verir ki, Aidə İmanquliyeva ilə Dadaş Bünyadzadə küçəsinin kəsişməsində su borusunun partlaması nəticəsində hər gün bir neçə saat küçəyə su axır.

Küçənin sakini Kamalə Mehdiyevanın sözlərinə görə, artıq 5 ilə yaxındır bu küçənin sakinləri buradan keçən arxın axıntılarının yaratdığı problemlərdən əziyyət çəkirlər.

Bununla bərabər, su borusunun partlaması küçədəki antisanitar vəziyyəti daha da çətinləşdirib:

"Bir aydır boru partlayıb. Aidə İmanquliyeva adına küçədən keçən su borusunun partlaması səbəbindən hər gün su 3 saat Dadaş Bünyadzadə küçəsinə axır. Hətta su təzyiqi elə çox olur ki, evlərin zirzəmisinə dolur. Neçə dəfə aidiyyəti qurumlara müraciət etsək də, məsələ həllini tapmayıb. Bir dəfə gəlib boruya çüy çaldılar ki, suyun axını kəsilsin. Lakin təzyiq elə çox olur ki, su dayanmır. Bu borunu tam təmir etmək lazımdır, çüy taxmaqla problem həll olunmur. Ümumiyyətlə, əsas xəttin Aidə İmanquliyeva küçəsindən keçən hissəsinin bir neçə yerində belə problem var. Deyirlər, suya qənaət etmək lazımdır, amma burada su küçələrə axır. Elin sərvəti olan tonlarla su boş-boşuna bu cür sərf olunur. Xahiş edirik, bununla bağlı lazımi qurumlar tədbir görsün."

Həmin küçədə yaşayan digər sakin Sənubər Həsənova isə bildirib ki, problemlə bağlı dəfələrlə müraciət etsələr də heç bir tədbir görülməyib:

"Evinin önündən su arxı keçən hər kəs atılan tullantıları yığmaq üçün taxta parçasından xüsusi alət düzəldiblər. Həmin taxta ilə su arxına atılan tullantıları təmizləyirik ki, daşıb evimizə dolmasın".


ETİKET :  

Daha Çox