-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Gəncə aeroportundan 2 vertolyot qalxıb camaatı atəşə tuturdu”

“Gəncədə 30 minə yaxın erməni yaşayırdı”

17:40:29 | 2020-01-20

Azərbaycan tarixinin ən şərəfli günlərindən biri olan 20 Yanvar hadisələrinin 30-cu ildönümü qeyd olunur. Sovet odusunun Bakı və digər ərazilərdə törətdiyi qırğınlara rəğmən, Azərbaycan Xalqı tanklara sinə gərərək, haqqı olan müstəqilliyinə qovuşdu.

GancaPost saytı xəbər verir ki, o dövrün hadisələrinin içərisində olmuş, keçmiş MTN zabiti İlham İsmayıl AYNA-ya müsahibəsində 30 il əvvəlki proseslərdən danışıb: “Bakıda o zamankı vəziyyətin nə yerdə olduğunu çoxları bilir. Lakin bəzi məqamlara da diqqət çəkmək lazımdır. Məsələn, hadisələr daha çox əyalətlərdə alovlanmağa başlamışdı. Mən də həmin dövrdə ölkənin ikinci böyük şəhəri olan Gəncə şəhərində işləyirdim. Deyərdim ki, həmin dövrdə, daha dəqiq desəm, 20 yanvara qədər Bakıdan daha çox Gəncə və ətrafında dəhşətli hadisələr baş verirdi”.

“Birincisi, Gəncədə 30 minə yaxın erməni yaşayırdı. İkincisi isə, Gəncənin ətrafında yerləşən Göygöl rayonunda 10 erməni kəndi vardı. Ən başında da silahlanmış millətçilərin yaşadığı Çaykənd gəlirdi. Həmin dövrdə onlar bizə çox zərərlər vurmuşdular. Lakin ətraf rayonlardan da bizə dəstəyə gəlirdilər. Üstəlik, o dövrdə Azərbaycan Xalq Cəbhəsinin yeni yaranıb nüfuz qazandığı vaxtlar idi”, - həmsöhbətimiz deyib.

“Biz ilk şəhidləri də, məhz rayonlarda verməyə başladıq. Bəzi kəndlər tamamilə erməni kəndlərinin mühasirəsi altında idi. O vaxt Gəncədə Xalq Cəbhəsinin üzvləri Bəxtiyar və Abbasqulu bizim ilk şəhidlərimiz oldular. Onları Gəncədə izdihamla dəfn etdik. Həmin dövrdə Şaumyan kəndindən Çaykəndə təlimat verməyə gəlirdilər. Lakin ilk fürsətdə AXC üzvləri və milis işçiləri ilə onları məğlub etdik. Həmin hadisədə 22 nəfər ermənini əsir götürdük və o zamankı Xanlar rayon Milis idarəsinə gətirdik. Buna qarşılıq olaraq, biri polis işçisi olmaqla, ermənilər 3 nəfərimizi nəzarətə götürdülər. Hər gün də bizə xəbər gəlirdi ki, onları yandırmaq istəyirlər”, - İ.İsmayıl bildirib.

Onun sözlərinə görə, həmin dövrdə Hacıkəndin üst tərəfində bir məntəqə olub: “Bizim dəstənin üzvləri, cəbhəçilər və könüllülər həmin ərazini ələ keçirdilər və oradan Çaykəndə getməyə başladılar. Elə bu vaxtı Sovet hökumətinin Gəncədə yerləşən aerodromundan iki vertalyot qalxdı və Hacıkəndin üstünə, hamıya atəş açmağa başladı. İki şəhid də orada verdik. Sonra məlum oldu ki, o vertalyotlar üstümüzdə fırlananda, evlərin birindən açılan atəş nəticəsində vertalyot sürənlərdən biri yaralanıb. Xalq o şəhidlərimizi də izdihamla dəfn elədi”.

İ.İsmayıl Gəncə şəhərində yaşanan qarşıdurmalara da diqqət çəkib: “O dövrdə məni və Göygöl rayonunun Milis rəisi Cavanşir Babayevi Gəncə şəhər Partiya komitəsinə çağırdılar. Otağa daxil olanda Nazirlər Sovetinin sədri Həsən Həsənov və Birinci Katib Süleyman Məmmədovun da orada olduğunu gördüm. Vəziyyətlə əlaqədar olaraq Həsən Həsənov ora gəlmişdi. Yəni Gəncədə vəziyyət o dərəcədə çətin idi. Onu da qeyd edim ki, Həsən Həsənovla görüşməmişdən qabaq tutduğumuz 3 nəfər ermənini gecə Daşkəsəndən Kəlbəcərə, Kəlbəcərdən də Toğana kəndinə keçib əsirlərimizlə dəyişməyə apardıq. Lakin məlum oldu ki, Şaumyan Başqışlaq kəndində bizim qadınları həbs etdirir. Dəyişdirdiyimiz əsirlərdən birinə dedim ki, “siz o qadınları buraxmasanız, sizin digər əsirləri buraxmayacağıq””.

“Ondan sonra Həsən Həsənovla danışdıq və vəziyyəti izah etdik. Bu anda Həsən Həsənova Bakıdan zəng gəldi və Bakıya gəlməli olduğu deyildi. Həsənov isə, burada hər gün insan qətlə yetirildiyini və o insanların ermənilər yox, sovet əsgərləri tərəfindən öldürüldüyün dedi. Lakin H.Həsənova Bakıda fövqaladə vəziyyət elan olunacağı və təcili gəlməli olduğunu dedilər. Lakin o, Bakıya getməyəcəyini və fövqaladə vəziyyətə qol çəkməyəcəyini bildirdi. Bir sözlə, hələ 20 Yanvar ərəfəsində belə hadisələr bu dərəcədə kəskin və dəhşətli idi”, - müsahibimiz vurğulayıb.


ETİKET :  

Daha Çox