-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Evi dağılan Gəncə sakini: Bizə heç bir köməklik göstərilməyib

Gəncə sakini: 4 oktyabr raket hücumundan sonra evim yararsız hala düşüb, bu günə kimi İcra Hakimiyyətindən heç bir köməklik göstərilməyib

17:47:53 | 2021-02-25

Gəncə şəhər sakini Xəzanə Həmidova portala göndərdiyi şikayətində bildirib ki, 2020-ci ilin 4 oktyabrında Ermənistan silahlı qüvvələri tərəfindən atılan raket Əziz Əliyev küçəsi, dalan 2, ev 3 ünvanındakı onlara məsus fərdi yaşayış mənzilini yararsız vəziyyətə salıb.

X.Həmidova deyib ki, hadisədən sonra onlar müvəqqəti olaraq Veteranlar Poliklinikasına yerləşdiriliblər: “Ancaq bir neçə saatdan sonra bildirdilər ki, poliklinikaya yaralı əsgərlər yerləşdiriləcək. Məcbur olub qohumlara məxsus Şahsevənlər küçəsi, ev 122 ünvanında müvəqqəti məskunlaşdıq. Ailəmiz dördü azyaşlı olmaqla, yeddi nəfərdən ibarətdir.”

O, deyir ki, bu günə kimi onların ailəsinə dövlət tərəfindən hər hansı bir köməklik göstərilməyib. Kirayə yaşamaq üçün vəsait belə verilməyib.

X. Həmidovanın kürəkəni Nicat Şirinov isə bildirib ki, dəfələrlə Gəncə şəhər İcra Hakimiyyətinə yazılı və şifahi müraciət ediblər: “İcra başçısının qəbuluna da düşmək istədik, ancaq hər dəfə deyirdilər ki, başçı yerində yoxdur. Sonra da bizi Fövqaladə Hallar Nazirliyinə göndərdilər. Fövqaladə də dedilər ki, Qərargaha müraciət edin. Qonşuluqda evlərinin sadəcə şüşələrinə ziyan dəyən ailələrə min manat verilib, yardım ediblər, ancaq bizim etdiyimiz müraciətlərin heç birinə də cavab verilməyib”.

N. Şirinovun sözlərinə görə, Gəncə şəhər İcra Hakimiyyətindən bildriblər ki, evin sənədləri Kəpəz rayon İcra Hakimiyyətinə təhvil verilib. Oradan isə Nizami rayon İcra Hakimiyyətinə yaxınlaşmaqlarını söyləyiblər:

“Nizami rayonundan da məlumat verdilər ki, sənədlər itib. Dedilər yenidən Bakıya müraciət etməlisiniz ki, nümayəndə gəlib yoxlasın, təkrar sənədlər hazırlansın.”

Qeyd edək ki, sözügedən şikayətlə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamaq mümkün olmayıb.


ETİKET :  

Daha Çox