-- Adversting 9 --
-- Adversting 10 --

Etibarnamə ilə maşın aldıqda hansı problemlər yaranır?

Etibarnamə ilə maşın aldıqda hansı problemlər yaranır?

12:18:12 | 2020-04-14

Son zamanlar, vətəndaşlar tərəfindən avtomobilin universal (“generalnı doverennost”) və ya baş etibarnamə adlanan etibarnamə ilə alınmasından yaranan problemlərlə qarşılaşırıq. Vətəndaşlar avtomobil alış satışında alqı-satqı müqaviləsi bağlamaqdan çəkinərək, işlərini daha asan olan etibarnaməyə etibar edirlər.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.8-ci maddəsində nəzərdə tutulmuşdur ki: Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir.

Həmin Məcəllənin 362.1-ci maddəsində etibarnaməyə anlayış verilmişdir: Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır.

Qanunvericilikdən aydın olduğu kimi;

• etibarnamə digər şəxsə müvəqqəti səlahiyyət verilməsi üçün nəzərdə tutulub. Ancaq qanunvericilikdə avtomobilin alqı-satqısının etibarnamə verilməsi ilə rəsmiləşdirilməsi kimi prosedur nəzərdə tutulmayıb.

• etibarnamə ilə avtomobil alınan zaman alıcı ilə avtomobil sahibi arasında faktiki alqı-satqı olsa da, qanuni olaraq alıcı avtomobilin mülkiyyətçisi hesab olunmur.

• Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə 1 ildən artıq müddətə verilə bilməz. Bu müddət bitdikdən sonra, etibarnaməyə xitam verilir və müvafiq olaraq avtomobili almış şəxsin hüquqları da itirilir. Belə olan halda, yenidən avtomobilin mülkiyyətçisini tapmaq və onu notariusa apararaq yeni etibarnamə almaq lazım olur. Yadda saxlamaq lazımdır ki, etibarnamənin qüvvədən düşmə təhlükəsi hər an var.

Mövcud məhkəmə praktikasında qarşılaşdığımız hallar:

1. Avtomobili etibarnamə ilə almış faktiki sahib qeydiyyat şəhadətnaməsində avtomobil adına olan şəxsin, yəni avtomobil mülkiyyətçisinin banka kredit borcları səbəbindən problemlə qarşılaşa bilər. Belə ki, borcun ödənilməsi barədə məhkəmə qərarı olan zaman icra məmuru yol polisinə sorğu verir və məlum olur ki, həmin şəxsin mülkiyyətində avtomobil var. Həmin avtomobil üzərinə həbs qoyulur və hərrac vasitəsi ilə satılaraq, banka olan borc ödənilir. Həmin avtomobilin etibarnamə ilə faktiki başqa şəxsə satılmasının sübut etmək isə həddindən artıq çətin, hətta bəzən mümkünsüz olur. Yəni avtomobili etibarnamə ilə almış faktiki sahib məhkəmədə hüquqi cəhətdən haqsız duruma düşür.

2. Etibarnamə ilə avtomobil alan şəxs boşanma hallarının da qurbanlarından birinə çevrilə bilər. Belə ki, nikah dövründə ər öz adına olan və nikah dövründə alınmış avtomobili etibarnamə ilə digər şəxsə satır. Bir müddət sonra, ər-arvad boşanırlar. Boşanma prosesində, əmlak bölgüsünə dair mübahisə açılır və avtomobili satmış şəxsin həyat yoldaşı avtomobilin birgə nikah dövründə alındığını iddia edərək, onun bölünməsini tələb edir. Belə olan halda həmin avtomobil təbii ki, onu etibarnamə ilə almış şəxsdən geri alınmalıdır.

3. Digər problem avtomobilə qəza zamanı dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldıran zaman ortaya çıxır. Belə ki, qəzada digər sürücünün təqsirli olması səbəbilə avtomobilə ziyan dəyibsə, ziyanın ödənilməsi üçün mülki qaydada həmin sürücüyə qarşı iddia qaldırılmalıdır. Mülki iddianı isə yalnız avtomobilin mülkiyyətçisi qaldıra bilər. Avtomobili etibarnamə ilə almış şəxs isə mülkiyyətçi sayılmadığı üçün iddiaçı qismində məhkəməyə müraciət edə bilmir. Bu zaman avtomobil kimin adınadırsa onu tapmalı, iddia qaldırmağa razı salmalı, yaxud məhkəmədə təmsilçilik üçün əlavə etibarnamə almaq lazım olur. Mülkiyyətçinin başqa şəhərdə, yaxud ölkə xaricində yaşaması, bir çox hallarda “mən maşını sənə satmışam, özün bilərsən” deyərək iddia qaldırmaqdan imtina etməsi də bu problemlər sırasındadır.

4. Bundan başqa, etibarnamə, etibarnaməni verən şəxs vəfat etdikdə də qüvvədən düşmüş sayılır. Yəni avtomobili etibarnamə ilə satmış şəxs vəfat etdikdə, onun verdiyi etibarnamə öz qüvvəsini artıq itirir. Yenə də avtomobili etibarnamə ilə almış şəxs çətin vəziyyətdə qalır. Belə olan halda, avtomobili almış şəxs məcburdur ki, avtomobilin vərəsələrdən birinin adına rəsmiləşdirilməsini gözləsin və yalnız bundan sonra həmin vərəsə tərəfindən ona etibarnamə verilməsinə nail olsun. Təbii ki, vərəsə etibarnamə verməkdən imtina da edə bilər.

Bəs bu hallarla qarşılaşdıqda nə etməli?

Belə məsləhət görülür ki, əgər siz avtomobili etibarnamə ilə almısınızsa başqa bir şəxsə “generalnıy” (baş) etibarnamə verin. Həmin şəxs avtomobili qeydiyyatda olduğu ərazidən çıxartmaqla aranızda bağışlanma sənədi imzalanır (Alqı-satqı da ola bilər) və sonda avtomobili adınıza qeydiyyata keçirə bilərsiniz.

Sonda etibarnamə ilə bağlı problemlə qarşılaşmış şəxslərə tövsiyə edilir ki, əgər nəqliyyat vasitəsi onların əlindən alınıbsa, belə olan halda məhkəmə qaydasında avtomobilin alınması ilə bağlı ödənilmiş məbləğin geri qaytarılmasını mülkiyyətçidən tələb etsinlər.

Benefisiar.org


ETİKET :  

Daha Çox